İqtisadi inkişafdan modernləşməyə
doğru
"Bu gün dünya Azərbaycanı
yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və
marağın əsasında Prezident İlham Əliyevin fədakar
fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda
"Azərbaycan modeli" haqqında fikirlər səslənir".
Ramiz MEHDİYEV
Demokratiyanın "üçüncü dalğası"nın başlanğıc mərhələsi kimi səciyyələndirilən ötən əsrin 90-cı illərində demokratik və hüquqi dövlətin qurulması ətrafında müzakirələr dünyanın bütün ölkələrini əhatə edərək soyuq müharibənin sona çatması ilə başlanan dövrün əsas siyasi diskussiyasına çevrilmişdir. Həmin dövrdə baş verən mürəkkəb proseslərin məntiqi nəticəsi və xalqın mübarizə əzmi ilə dövlət müstəqilliyinə qovuşmaq imkanı əldə etmiş Azərbaycanın demokratiya yolunu prioritet seçməsi də məhz bu real zəminə əsaslanmaqla, onun tarixən bağlı olduğu mütərəqqi dəyərlərdən irəli gəlmişdir.
Respublikamız ötən 17 ildə məhz bu prioritet dəyərlərə əsaslanmaqla dinamik inkişaf yolu keçmiş, ictimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha imza atmışdır. İndi Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın diqqət mərkəzindədir. 2003-cü ilin 15 oktyabr seçkilərində xalqın böyük inam və etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ötən 7 ildə ona göstərilən etimadı tam doğrultmuş, hər bir vədini əməli işi ilə sübuta yetirmiş, respublikamızı davamlı yüksəliş yoluna çıxarmışdır. Bir çox Qərb dövlətinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2010-cu illərdə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2009-2010-cu illərdə Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir.
Bu gerçəkliklər fonunda Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli transformasiyasının spesifik cəhətləri, daha dəqiqi, respublikanın milli inkişaf modeli ilə bağlı müzakirələrə hazırda dünyanın nüfuzlu elm mərkəzlərində də kifayət qədər həssaslıqla yanaşılır. Aparılan təhlillər nəticəsində bu da birmənalı etiraf edilir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yer tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir.
Bu da təsadüfi deyildir ki, son illərdə ictimai və humanitar elmlərin ayrı-ayrı tədqiqatçıları - iqtisadçılar, filosoflar, tarixçilər, siyasətşünaslar, sosioloqlar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar.
İnkişafın dəyişməz formulu:iqtisadi
inkişaf və demokratikləşmə
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: sabitləşmə və modernləşmənin əsasını təşkil edən bu kursun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratik ideallar, prinsiplər buxovlanır, məhvə gətirib çıxarır. Böyük strateqin müdrikliklə irəli sürdüyü milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.
Azərbaycanın ictimai-siyasi fikir tarixinin görkəmli tədqiqatçısı - Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Moskvada təsisçisi və naşiri "Rodina" jurnalı olan "Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçaletiye" jurnalının 23-cü nömrəsində dərc edilmiş "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsinin elmi-fəlsəfi və iqtisadi dairələrdə böyük maraqla qarşılanaraq yeni diskussiyalara rəvac verməsi də bu mənada təsadüfi deyildir. Kifayət qədər konseptual təhlil əsasında qələmə alınmış məqalə Azərbaycanın ötən 17 ildəki iqtisadi, siyasi, ideoloji münasibətlərinin mənzərəsini yaradan, beynəlxalq əlaqələrinin inkişafını əks etdirən sanballı əsərdir. Məqalədə Azərbaycanın totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə keçidini şərtləndirən amillər, habelə demokratik tranzit prosesinin milli xüsusiyyətləri fundamental şəkildə təhlil edilmişdir.
"Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" əsərində düzgün olaraq göstərilir ki, keyfiyyətcə yeni mərhələdə Azərbaycanın üstünlük verdiyi modernləşmə xətti özünün ilkin uğurlu əsasını ölkədə sabitləşmə və iqtisadi inkişaf istiqamətində həyata keçirilmiş tədbirlərdən götürür. Şübhəsiz, ötən əsrin 90-cı illərində ulu öndərin böyük siyasi iradə və qətiyyəti hesabına formalaşdırdığı siyasi sabitlik iqtisadi və hüquqi islahatlara başlamaq üçün uğurlu zəmin yaratmış, cəmiyyətin normal inkişaf harmoniyası təmin olunmuşdur.
Dövlət müstəqilliyinin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.
Ulu öndərin irəli sürdüyü inkişaf modelinin uğurunu şərtləndirən mühüm amillərdən biri də demokratikləşməyə və iqtisadi inkişafa xidmət edən islahatların paralelliyinin qorunub saxlanılmasıdır. Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlamalı, təkamül xarakteri daşımalı, ən əsası, ictimai şüurda obyektiv dərk olunmalıdır.
Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmini artırmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşdırmışdır.
Demokratik inkişaf təkamülə
əsaslanmalıdır
Ötən 7 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək bildirmişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər. Bu qənaəti tamamilə haqlı saymaq olar ki, kənardan süni şəkildə ixrac edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə şəraitə uyğunlaşmağa heç də həmişə hazır olmur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən universal tələbləri, meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınmalıdır. Bu gün Avropa dövlətlərində eyni demokratiya modelinin mövcudluğundan danışmaq mümkün deyildir.
"Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində akademik Ramiz Mehdiyev bununla bağlı yazır: "Biz gizlətmirik ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər, lakin onun çatışmazlıqlarının nədən ibarət olmasını əməlli-başlı izah etmirlər. Siyasi və sosial-iqtisadi sahədəki, o cümlədən vətəndaşların rifahının təmin edilməsi sahəsində ümdə problemlərin həllindəki uğurları, habelə iqtisadiyyatın liberallaşmasını nəzərə almadan tənqid edirlər. Bununla bərabər, unudurlar ki, bizim demokratiya, obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir, halbuki Qərb demokratiyası artıq postindustrial cəmiyyət şəraitində yaşayır, siyasi texnologiyalar dövrünə qədəm qoyur. Azərbaycan hələ postmodernə keçid dövrünü genişləndirməli və dərinləşdirməli, sonra onu başa çatdırmalıdır".
Görkəmli filosofun bu fikri ilə tam razılaşmaq olar ki, müasir dünyada bəzən demokratiya müəyyən dövlətlərin öz geosiyasi maraqlarını reallaşdırmaq üçün bəhanəyə çevrilmiş, "ikili standartlar"a yol açmışdır. 19 illik müstəqillik tarixi olan bir dövlətdən yüksək Qərb demokratiyasını gözləməyin özü qeyri-adekvat, yanlış yanaşmadır. Yəni inkişaf etmiş və demokratik inkişaf yolunda böyük təcrübə qazanmış Qərb ölkələrinin standartları ilə totalitar rejimlərdən yenicə xilas olmuş, keçid mərhələsini yaşayan ölkələrdə gedən prosesləri eyniləşdirmək cəhdi istənilən halda uğursuzluğa məhkumdur.
XX əsrin böyük iqtisadçısı və siyasi mütəfəkkiri Fridrix Avqust fon Xayek "Köləliyə aparan yol" kitabında yazır ki, özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağla və güclü xarakterə nadir hallarda rast gəlmək olur. Müəllifin bu fikri praktik həyatda təsdiqini tapır - demokratiya yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. İnkişaf etmiş dövlətlərin təcrübəsi də təsdiqləyir ki, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə doğru aparır. Dövlət başçısının iqtisadi siyasəti nəticəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişikliklərinin, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik-hüquqi normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır.
Sosial-iqtisadi inkişafda modernləşmə
xətti
Təcrübə göstərir ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər isə uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ötən 7 ildə hər iki təmayülə vəhdət şəklində yanaşmış, ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görmüşdür.
Son illər ölkədə həyata keçirilən sosialyönümlü iqtisadi siyasət vətəndaşların maddi rifah halını yüksəltmiş, sosial infrastrukturun inkişafını, yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin etmişdir. Həmçinin iqtisadi sahədə keçid dövrünü yekunlaşdırmaq yönündə qəti, çevik addımlar atılmış, zəruri işlər görülmüşdür.
2009-cu ilin noyabrında BDU-nun 90 illik yubileyində dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev tarixi bəyanatla çıxış edərək ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün artıq geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırmışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidənqurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir. Eyni zamanda, sabitləşmə və liberallaşma sahəsində uğurlar cəmiyyəti labüd olaraq modernləşməyə aparır.
Modernləşmə ənənəvi aqrar cəmiyyətdən müasir, industrial cəmiyyətə keçid prosesidir. O, sənayeləşmə və ya kapitalizmə keçidlə müqayisədə daha geniş siyasi proses kimi səciyyələnir. "Modern" anlayışı Avropada yeni zaman epoxasından başlanmış iqtisadi, siyasi, fəlsəfi, elmi, dini və mədəni təkamülün gedişində yaradılmış həyat şəraitinin məcmusu kimi başa düşülür.
"Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" məqaləsində akademik Ramiz Mehdiyev yazır ki, modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir. Prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfatı sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Bu isə ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, "azad vətəndaş - güclü dövlət" konsepsiyasının şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır.
Filosof modernləşməyə keçidi şərtləndirən amillər sırasında respublikanın son illər əldə etdiyi iqtisadi nailiyyətləri də xüsusi önə çəkir: "2009-cu ilin yekunları göstərir ki, keçən il Azərbaycanda ÜDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi".
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində demokratik transformasiyanın milli xüsusiyyətlərinin və bəzi fərqli spesifik cəhətlərinin, modernləşmə prosesinin mahiyyətinin, ümumilikdə ölkənin bugünkü və gələcək inkişaf prioritetlərinin elmi-nəzəri cəhətdən əsaslandırılması baxımından akademik Ramiz Mehdiyevin hələ 2008-ci ildə dərc olunmuş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərinin bəzi tezislərini xatırlatmaq yerinə düşər.
Modernləşmə xəttinin mahiyyətini elmi surətdə açıb göstərən əsərdə vurğulanır ki, ümumiləşdirilmiş şəkildə keçid dövrü cəmiyyətlərində modernləşmənin funksionallığını: birincisi, siyasi mədəniyyətin və inzibati idarəetmə şüurunun dəyişməsi və təkmilləşdirilməsi; ikincisi, kütləvi şüurun korreksiyası, yəni cəmiyyətin lider qrupunun modernləşdirmə potensialının reallaşdırılmasına mane olan ideya və davranış stereotiplərini tədricən aradan çıxarmaq məqsədilə liberal-demokratik dəyərləri kütləvi şüura yeritməsi; üçüncüsü, müəyyən ideoloji konstruksiyalara və milli ideyalara uyğun olaraq modernləşdirmə siyasətinin həyata keçirilməsi kimi səciyyələndirmək olar. Eyni zamanda, qeyd olunur ki, müasir dünyanın inkişafının əsas amili olan modernləşmə dövlət, cəmiyyət və şəxsiyyət arasında qarşılıqlı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.
Əsərdə elmi təməl üzərində reallaşdırılan iqtisadi, siyasi və hüquqi islahatlar nəzəri cəhətdən əsaslandırılır, eyni zamanda, iqtisadi inkişafa adekvat olaraq həyata keçirilən demokratik təkamül konsepsiyasının mahiyyəti açıqlanır. Demokratikləşmə xətti Azərbaycan dövlətçiliyinin inkişafının əsas vektoru və milli inkişaf strategiyasının həlledici amili kimi dəyərləndirilir.
Son 7 ildə Azərbaycanda həyata keçirilən milli demokratik keçidin mahiyyətini də məhz iqtisadi firavanlıq müəyyənləşdirir. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir. Eyni zamanda, bu mühüm iqtisadi amillərin inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur. Bu mənada, respublikada adambaşına düşən ümumi daxili məhsulun 5000 dollara çatması da demokratik proseslərin ictimai şüurda möhkəmlənməsi üçün uğurlu təməl yaradır.
Modernləşmə strategiyasının
elmi tədqiqinə ehtiyac var
Ötən 7 ildə Prezident İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi siyasət nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizmi, məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər bu illərdə elm və təhsil strategiyasının da müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirmişdir.
Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev hələ 2009-cu ilin dekabrında dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində keçid dövrünün başa çatması ilə əlaqədar Azərbaycan elmi qarşısında dayanan strateji vəzifələrdən, habelə bu sahədə mövcud olan problemlərdən kifayət qədər konseptual şəkildə söz açmışdır. Filosof "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" əsərində də bu məsələyə qayıdaraq yazır ki, müasir dövrdə məhz iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla, innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə tab gətirirlər.
Prezident İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq son 7 ildə qarşıya qoyduğu mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla davamlı iqtisadi rifahın təmin edilməsindən ibarətdir.
Modernləşmə istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi hazırkı mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxz edən yeni intellektual elitanın formalaşdırılmasında əsas ağırlıq isə məhz ictimai və humanitar elmlərin üzərinə düşür. Bəşəriyyətin misli görünməmiş tərəqqi yolu keçdiyi ötən əsrdə sənayeləşmə, elmi-texniki, hərbi modernləşmə, kosmik tədqiqatlarla bağlı daha çox fundamental elmlər önə çıxmışdısa, XXI əsrin obyektiv reallıqları ictimai və humanitar elmlərin ictimai həyatdakı rolunu əhəmiyyətli dərəcədə yüksəltmişdir.
Hazırda postkeçid dövrü üçün zəruri qanunverici, institusional, maddi-texniki baza formalaşsa da, etiraf etməliyik ki, prosesin elmi nəzəri-metodoloji əsasları tam ümumiləşdirilməmişdir. İndiki mərhələdə elmin inkişaf prioritetlərinin müasir tələblərə uyğunlaşdırılması, mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin məzmunca müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərimiz qarşısına ciddi vəzifələr qoyur. Bu vəzifələrdən biri də məhz modernləşmə xəttinin elmi-nəzəri əsaslarının işlənib hazırlanmasıdır. Eyni zamanda, iqtisad yönümlü ali məktəblərdə iqtisadi nəzəriyyə fənninin tədrisi prosesinin təkmilləşdirilməsi, bu fənnə ayrılan saatların miqdarının artırılması qarşıda duran mühüm vəzifələrdən biridir.
Ümumiyyətlə, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanın kursu: sabitləşmədən modernləşməyə doğru" əsərinin başlıca ideya qayəsi məhz bundan ibarətdir ki, Azərbaycanda təkamül yolu ilə gerçəkləşən, tədrici xarakter daşıyan sistem dəyişkənliyi, habelə modernləşməyə keçid, ilk növbədə idarəçiliyə yeni ruh və müasirliyin, habelə innovativ yeniliklərin gətirilməsi prinsipinə əsaslanmalıdır. Respublikamız elə inkişaf mərhələsinə çatmışdır ki, hazırda ölkə iqtidarı da idarəetməni tamamilə yeni prinsip və metodlar üzərində qurmağa çalışır. Məhz bu cür demokratik tranzit prosesi ölkədə dövlətçilik ənənələrinin daha da möhkəmlənməsini, siyasi-intellektual elita ilə xalqın möhkəm mənəvi bağlılığını təmin edir. Sabitləşmədən modernləşməyə aparan bu yol, eyni zamanda, cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərinin daha etibarlı müdafiəsi, ictimai qüvvələrin tarazlığının qorunub saxlanılması, cəmiyyətə xas mülki, demokratik, özünüidarə meyillərini adekvat realizə etmək imkanlarını genişləndirir.
2003-cü ilin 15 oktyabrından ötən 7 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi-siyasi və iqtisadi islahatlar postkeçid mərhələsində ölkədə modernləşmə xəttinin uğurla davam etdirilməsi üçün real zəmin yaratmışdır. Vətəndaş mənafeyini önə çəkən iqtisadi islahatların dərinləşdirilməsi, liberal dəyərlərin, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təminatı sisteminin təkmilləşdirilməsi Azərbaycan vətəndaşının firavan və xoşbəxt yaşayışını təmin edir. Respublikamız qloballaşan dünyanın tərkib hissəsi kimi uğurla irəliləyir, yüksək iqtisadi inkişaf tempinə adekvat olaraq demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları isə deməyə əsas verir ki, Azərbaycan modernləşmə mərhələsini də tezliklə başa vuraraq dünyanın ən inkişaf etmiş dövlətləri ilə eyni sırada dayanmaq imkanı əldə edəcəkdir.
Əlican BABAYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin
"İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri,
İqtisad elmləri doktoru,
professor,
Azərbaycandan Kənarda Təhsil Almış
Mütəxəssislər Təşkilatının
Ali Məclisinin sədri
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 2.