"ÜNS" Teatrı yeni mövsümü
görkəmli alim Aida
İmanquliyevanın xatirəsinə həsr edilmiş
konsert proqramı ilə
açmışdır
Oktyabrın 10-da "ÜNS" Teatrında yeni mövsümün açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, teatrın yeni mövsümünün açılışı XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsinə ithaf olunmuşdur.
Görkəmli alimin xatirəsinə həsr edilən gecədə onun qohumları, tanınmış ziyalılar, incəsənət xadimləri iştirak etmişlər.
Teatrın foyesində Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materialları toplanan kitablar sərgilənmişdir.
Musiqi axşamında alimin qızı, teatrın bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru professor Nərgiz Paşayeva teatrın yeni mövsümünün açılışını elan etmişdir. Bildirmişdir ki, gələn il teatrın fəaliyyətə başlamasının 5 ili tamam olur. "Ölçüsünə görə bu məkan kiçik olsa da, mənaca ucadır, çünki bura əsl sənət ocağıdır", - deyən Nərgiz Paşayeva bu səhnədə bir çox tamaşaların, konsertlərin, xatirə gecələrinin təşkil edildiyini söyləmişdir. Qeyd etmişdir ki, yeni mövsümün açılışı günündə bu səhnədə cari ildə 200 yaşı tamam olan dahi bəstəkarlar Robert Şuman və Frederik Şopenin ölməz əsərlərindən ibarət romantik fortepiano musiqisi səslənəcəkdir.
Nərgiz Paşayeva demişdir: "Aida xanım sovet dövründə deyil, azad zamanda yaşasaydı, onun əsərləri, elmi irsi yalnız Azərbaycan və rus dillərində deyil, ingilis, fransız, ərəb, alman dillərinə də tərcümə edilərək dünyanın bir çox universitetlərinin, kitabxanalarının kataloqları içərisinə salınardı. Bu gün sevinirik ki, Aida xanımın elmi irsi tərcümə edilərək geniş kütləyə çatdırılır".
Gecədə Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynov Şuman və Şopenin əsərlərini mükəmməl peşəkarlıqla ifa etmişdir.
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 3.