Azərbaycan ilə Oman arasında
əməkdaşlığın inkişaf etdirilməsi
üçün geniş potensial mövcuddur
Oktyabrın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankara şəhərində yerləşən Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş səfiri Sayyed Qais bin Salim bin Ali Al Saidə ilə görüşmüşdür.
XİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, etimadnaməsinin surətini nazirə təqdim edən S.Saidə Azərbaycanda səfir təyin olunmasından məmnun qaldığını qeyd etmişdir. Diplomat ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamış, Oman-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirmişdir.
Nazir E.Məmmədyarov ölkəmizdə səfir təyin olunması münasibətilə omanlı diplomatı təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 7.