Bir rejissorun taleyi
Rejissorsuz nə teatr, nə də ekran əsəri mövcuddur. Qəribəsi də budur ki, ən uğurlu tamaşanın da, bədii filmin də, elə operanın da, baletin də həmişə ifaçılarından, libretto və ssenari müəlliflərindən, bəstəkarlarından, hətta bədii tərtibatından da ətraflı danışılır. Bəzi tamaşalara, filmlərə də baş rolun ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun uğurlarından söz açanda rejissor zəhmətini də xatırlayanlar olur. Halbuki hər bir əsərin istər teatr səhnəsində, istərsə də ekranda öz əksini tapmasında rejissor əməyinin əhəmiyyəti danılmazdır. Təcrübə göstərir ki, istedadlı rejissor küllükdə gül göyərdər, istedadsız, bu sənətə təsadüfi gəlmiş birisi isə göy çəməni qurudar.
Teatr sənətinin görkəmli nümayəndəsi unudulmaz Həsənağa Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə korifey aktyorların hesabına deyil, həm də bu ağır yükün altına girərək onu şərəflə irəliyə doğru aparan rejissorların sayəsində inkişaf tapıb. İstər teatr, istər kino sahəsində fəaliyyət göstərən, əməyi bu gün də unudulmayan, Azərbaycan rejissor sənətində bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino tariximizdə dərin iz qoymuş əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir. Şərəfli bir şəcərəyə mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri var.
Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində anadan olub. Səkkiz yaşında ikən ailələri ilə birlikdə doğma şəhəri tərk etmək məcburiyyətində qalıb. 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində İrəvandan baş alıb qaçan ailələrdən biri də Seyidzadələr idi. Onlar əvvəl Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə çalışan Hüseyn Seyidzadənin kinoya böyük marağı var idi. Bu səbəbdən də mədəniyyət ocaqlarında fəaliyyət göstərən özfəaliyyət kollektivlərində iştirak edirdi. Kinoya baxmağı çox sevərdi. Sonralar sorağı İşçi Teatrından gəldi. O zaman Azərbaycan teatrının gənc kadrlara böyük ehtiyacı var idi. Hüseynin yaratdığı rollar mütəxəssislərin diqqətini çəkirdi. Bu səbəbdən də 1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə göndəriblər. Gənc aktyor burada - Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib. O vaxt istedadlı gənclər həmişə belə nüfuzlu teatr ocaqlarında məşhur aktyorlardan dərs alırdılar. Bu sarıdan Hüseynin bəxti gətirmişdi. Bakıya qayıtdıqdan sonra onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz kinolarından birində neftçi rolunu da yaradıb.
1931-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı vardı. O, burada sonralar məşhur rejissor olacaq Niyazi Bədəlov, Əlisəttar Atakişiyev və Əsgər İsmayılovla birlikdə rejissorluq sənətinin sirlərini öyrənib. Hüseyn Seyidzadənin dərs aldığı insanlar artıq dünyada tanınmış, böyük sənətkarlar idi - Mixail Romm, Lev Kuleşov, Sergey Eynşteyn və başqaları.
1936-cı ildə Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii və sənədli filmlərin çəkilişində rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii filmi çəkməyi tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə görə həmin filmin çəkilişi dayandırılıb. Bir neçə ildən sonra yarımçıq qalmış ekran əsərinin materialları əsasında Hüseyn Seyidzadə "Sovqat" adlı qısametrajlı bədii filmə quruluş verib. Bu arada o, "Lenfilm", "Mosfilm" və bir sıra tanınmış kinostudiyalarda həm təcrübə keçib, həm orada istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyib.
Qəlbi arzularla coşub-daşan, Azərbaycan kino sənətində bir rejissor kimi öz izini qoymaq istəyən Hüseyn Seyidzadə, əslində, ağrılı taleyi olan bir sənətkar idi. 1937-ci ilin repressiyaları onu caynaqlarına çəkib gedər-gəlməzə aparmasa da, ürəyinə silinməz dağlar vurub. Gah partiya sıralarından çıxarıblar, gah ona şiddətli töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb nə idi? Gənc rejissoru nədə ittiham edirdilər? Bu gün o dövrün dəhşətlərini təhlil edəndə bir fikir də qabarır. Repressiya həm də sınaq illəri idi... Bu faciədən qurtulanların bir qismi başını aşağı salıb suların durulmasını gözləyir, bir qismi sarsıntı içində əzab çəkir, bir qismi isə fürsəti fövtə vermirdi. Tanınmış insanlar, ziyalılar, istedadlı şəxslər barəsində yuxarılara böhtan dolu "məlumat"lar göndərirdilər. Belə şantajdan biri də Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında bəzi məsələləri gizlədib. Bildirməyib ki, Türkiyədə onun qohumu var, partiyanı aldadıb ki, kəndli oğludur. Əslində, onun atası İrəvan şəhərinin varlı əyanlarından - tanınmış tacirlərindən olub və sairə. Hətta İkinci dünya müharibəsindən geri qayıtmayan qohum-əqrəbanın da həlak olmasını, yaxud da itkin düşməsini bir sıra müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib sıradan çıxarmaq istəyiblər. Amma belə bir məsələ var ki, başqasına çamır atanın öz əlləri də bulaşar. Bütün şər qüvvələrin təzyiqindən min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz sənəti ilə məşğul olmağı bacardı. O, anadan elə rejissorluq üçün doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino sənətini şöhrətləndirə biləcək əsərlər yaratdı. 1956-cı ildə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasını Hüseyn Seyidzadə ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. Film müxtəlif beynəlxalq kinofestivallara göndərildi və yüksək dəyərləndirildi. Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək səviyyəli rejissor olduğuna hamını inandırdı. Təsadüfi deyil ki, Azərbaycan kino sənətinin parlaq səhifələrini yazan bu məşhur film dünyanın 60-dan çox ölkəsini dolaşıb.
Hüseyn Seyidzadənin taleyi
əvvəldən gətirməmişdi. Onu uğurla uğursuzluq daban-dabana izləyirdi. İndi də
böyük həvəslə
baxdığımız "O olmasın, bu olsun" filmi ilə bağlı ötən əsrin ortalarında mətbuat səhifələrində haqsız
tənqidlər baş
alıb gedirdi. Rejissoru motivsizlikdə qınayaraq
onu "primitiv əhvalatlar çəkən
rejissor" adlandırırdılar.
Amma tarix özü də sübut etdi ki, bu
bənzərsiz film əbədiyaşardır.
Onun çəkilməsindən
60 il ötsə
də, yenə maraqla izlənilir, sevilir.
1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu"
filminin çəkilişinə
başlayıb. Rejissorluq yaradıcılığında
ikinci filmi olan bu ekran
əsəri də kino tariximizin ən parlaq səhifələrindən biridir.
Yenə də Hüseyn Seyidzadənin başı bəlalar çəkdi.
Filmin ssenarisi Moskvada əsaslı dəyişikliyə
məruz qaldı.
Bu da bəllidir
ki, filmin ilk variantı rus dilində lentə alınıb. Bu filmin
çəkilişində rejissor
o qədər təzyiqlərə
məruz qalmışdı
ki... Özü sonralar dostlarına deyərmiş: "Koroğlu"
istədiyim kimi alınmadı, fikirləşdiyim
kimi çəkməyə
qoymadılar".
Hüseyn Seyidzadənin üçüncü
filmi "Yenilməz batalyon" oldu. 1965-ci ildə çəkilən
bu film Qılman İlkinin "Qalada üsyan" adlı romanı əsasında ekranlaşdırıldı. Kinoşünas Aydın Kazımzadə söyləyir:
"Yenilməz batalyon"
istər peşəkarlıq,
istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından
Hüseyn Seyidzadənin
mükəmməl işlərindən
biridir".
Tamaşaçıların çox sevdiyi və Azərbaycan kino sənətində yeni bir mərhələ
olan "Dəli Kür" filmini də 1969-cu ildə məhz Hüseyn Seyidzadə ekranlaşdırıb. İsmayıl Şıxlının eyniadlı
romanı əsasında
çəkilən "Dəli
Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən
biridir. "Dəli Kür"ün ictimaiyyət tərəfindən
məhəbbətlə qarşılanması
Hüseyn Seyidzadəni
ruhlandırırdı. Təbii ki, bu filmin
də ssenarisində dövrün, quruluşun redaktəsi müəyyən
mənada öz işini görmüşdü.
Hüseyn Seyidzadənin sonuncu
filmi isə "Qayınana" kinokomediyası
olub. Filmin bəstəkarı Tofiq Quliyev, baş rolun ifaçısı xalq artisti Nəsibə xanım Zeynalova idi. Bu ekran
əsəri də bəxti gətirən və ən baxımlı filmlərdən
biri oldu. Mütəxəssislər söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi çox istedadlı idi. Onun yaradıcılıq imkanları
yeniş idi. Amma nədən 43 il ərzində
cəmi beş film çəkib? Onun həyatına bələd
olduqca anlayırsan ki, bu rejissor
bir tərəfdən
quruluşun amansız
repressiyaları ilə
mübarizə aparırmış,
o biri tərəfdən
isə kino haqqında fikirləşirmiş.
Nə qədər istedadlı və inadkar olsa da, haqsızlıq
öz işini görürdü. Bütün bunların
bəlası da onun səhhətinə təsir edirdi. Tez-tez xəstələnirdi. Aydın Kazımzadə
danışır ki,
"Dəli Kür"
filmi ilə əlaqədar Hüseyn Seyidzadəni çox sorğu-suala tutdular.
Özü bu barədə söyləmişdi:
"Bu filmi təhvil verərkən mənə
finalı dəyişdirməyi
məsləhət gördülər.
Üstüörtülü dedilər ki,
əks-təqdirdə film ümumiyyətlə
ekranlara buraxılmayacaq".
"Dəli Kür"ün
kitab variantında göstərilir ki, kazaklar gəlib Cahandar ağanın torpaqlarına zorla sahib olmaq istəyirlər.
Cahandar ağa da onlarla
mərdi-mərdanə vuruşur.
Filmdə isə tamam
başqa təsvir görürük. Cahandar ağa
Allahyar tərəfindən
ailə-məişət zəminində
qətlə yetirilir.
Təbii
ki, bütün bunlar rejissor həyatından da izsiz keçmirdi. Ona başqa filmlərin çəkilişi də
tapşırılırdı. Amma son nəticədə başqasına
verilirdi. Milli dəyərlərə
bağlılıq Hüseyn
Seyidzadəni həmişə
həyat reallığına
sadiq olmağa kökləyirdi. Bəlkə də
ona görə tarixi mövzularda film çəkməyə daha
çox meyil göstərirdi ki, sovet quruluşunun diktəsindən kənarda
qalsın. Bəzən arzularına
istədiyi kimi yetməsə də, ssenaridə müəyyən
dəyişikliklər olsa
da, o, istəyinə çatırdı. İstedadlı rejissor aktyorun jestində, yerişində,
gülüşündə, atmacasında, ironiyasında
həqiqətləri çatdırmağı
bacarırdı.
Onun haqqında yazılanlardan məlum olur ki, məşhur hind aktyoru Rac Kapur
Bakıda olarkən Hüseyn Seyidzadənin filmlərinə baxaraq heyrətlənib. Azərbaycanlı
rejissora öz təklifini də bildirib: "Hindistana gəl, səni milyoner edərəm". Təbii ki, Vətənini həddən artıq sevən Hüseyn heç hara getmədi. Doğmaları söyləyirlər ki, onun ən
böyük arzularından
biri də Natəvan haqqında film çəkmək idi.
Qəfil
ölüm hər şeyi yarımçıq
qoydu.
Bəzən cild-cild kitablar yazan müəlliflər elə sağlığında
unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda əbədi qalanlar var. Əslində, uzun ömür yaşamayan, imkanlarından, yaradıcılıq
qabiliyyətindən çox
da istifadə edilməyən Hüseyn Seyidzadə beş
filmi ilə Azərbaycan kino sənətində əbədi
yer tutdu. Bu gün onun rejissorluq
məktəbindən öyrənənlər,
təcrübə toplayanlar
az deyil.
Hüseyn Seyidzadənin ekran
həyatı verdiyi filmlər istər tamaşaçılar, istərsə
də kino biliciləri tərəfindən
yüksək qiymətləndirildi.
Bu filmlər dəfələrlə
beynəlxalq tədbirlərdə,
festivallarda nümayiş
etdirilib, mükafatlar alaraq elə bir tamaşaçı sevgisi qazanıblar ki, dəfələrlə
baxılsa da, doyulmur. Hüseyn Seyidzadə Azərbaycan
rejissorluq məktəbinin
çox qüdrətli
nümayəndələrindən biri idi.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 12 oktyabr.- S. 8.