2011-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi başlandı

 

Oktyabrın 12-də Milli Məclisin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunmuş iclası keçirildi.

İclası giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycanın uzunmüddətli inkişafının təmin edilməsinə yönəlmiş iqtisadi strategiya Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada baş verən reallıqlar nəzərə alınmaqla uğurla həyata keçirilir. Onun sözlərinə görə, müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin layihələri də səngiməkdə olan qlobal maliyyə-iqtisadi böhran şəraiti və hazırda baş verən iqtisadi canlanma meyilləri nəzərə alınmaqla tərtib edilib: "Həyata keçirilən çevik iqtisadi siyasət nəticəsində bu gün əminliklə demək olar ki, qlobal böhran Azərbaycan iqtisadiyyatına cüzi təsir göstərmişdir. Cari ilin sonuna əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun real artımının 6 faizə yaxın olacağı ehtimal edilir. Önəmlidir ki, bu göstərici iqtisadiyyatımızın əsasını təşkil edən neft sektoruna nisbətən qeyri-neft sektorunda 3 dəfəyə yaxın artımla müşayiət olunur. Bu, neft gəlirləri hesabına ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının uğurlu nəticəsidir. Digər müsbət cəhət cari ilin sonuna orta illik inflyasiyanın təqribən 5 faiz civarında gözlənilməsidir".

Milli Məclisin Sədri qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də daxili sərmayələrin stimullaşdırılması investisiya siyasətinin əsas qayəsi olaraq qalır. Hazırda Azərbaycan iqtisadiyyatında baş vermiş struktur dəyişiklikləri inkişafın yeni mərhələsinin əsas hədəflərini müəyyənləşdirir: "Bunlar neft sektorundan asılılığın azaldılması, regionların təsərrüfat və xammal ehtiyatlarından daha səmərəli istifadə edilməsi, iqtisadiyyatda xidmət sektorunun xüsusi çəkisinin artırılması, insan resurslarından təyinatlı istifadə yolu ilə ölkənin iqtisadi qüdrətinin gücləndirilməsidir".

Oqtay Əsədov bildirdi ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat nəzərdə tutulmaqla cari ilin təsdiq olunmuş göstəricisindən təqribən 5 faiz yüksəkdir: "Qeyri-neft sektoru üzrə gəlirlər cari ilin proqnozu ilə müqayisədə 8 faiz çox planlaşdırılır. Önəmli haldır ki, Vergilər Nazirliyi üzrə daxilolmaların 62 faizi qeyri-neft sektorunun payına düşür.

2011-ci ilin dövlət büdcəsi tərtib olunarkən dünya maliyyə bazarlarında vəziyyətin və neftin qiymətinin mütəmadi dəyişməsi nəzərə alınmış, gəlir və xərcləri növbəti 3 il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası ilə uzlaşdırılmışdır. Neftin 1 barelinin qiyməti 60 ABŞ dolları məbləğində götürülmüşdür. Ölkənin neft gəlirlərinin artmasının pul tədavülünə və inflyasiya proseslərinə təsirləri nəzərə alınmış, monetar və fiskal siyasətlər əlaqələndirilmiş, büdcə xərclərindən istifadədə şəffaflığın artırılması üzrə tədbirlər müəyyənləşdirilmişdir".

Parlament Sədrinin sözlərinə görə, büdcənin həm gəlirlərində, həm də xərclərində 4-5 faiz civarında artım nəzərdə tutulur: "Büdcə xərclərinin dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəzərə alınmaqla bölüşdürülməsi, icra olunan proqram və tədbirlərin reallaşdırılmasına yönəldilməsi onlardan istifadənin səmərəliliyinin artmasına, izafi xərclərin qarşısının alınmasına, maliyyələşmənin fasiləsizliyinə xidmət edəcəkdir".

Oqtay Əsədov onu da vurğuladı ki, növbəti ildə də ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin və digər aztəminatlı əhalinin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 12 faiz artımla, 2 milyard manata yaxın proqnozlaşdırılır: "Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, gələn ilin dövlət büdcəsində də xərclər artırılmaqla lazımi qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur".

İclasda parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, 2011-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və ölkə Konstitusiyasına uyğun hazırlanaraq müəyyən olunmuş müddətdə Milli Məclisə təqdim olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın yeni əsrdə daha dayanıqlı və daha dinamik inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutacağına dair fikirlərini xatırladan Ziyad Səmədzadə daha sonra bildirdi: "Artıq yeni əsrin ilk on ili başa çatmaq üzrədir. Bu on ildə Azərbaycan dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmiş, iqtisadi cəhətdən möhkəmlənmiş, ölkə daxilində, cəmiyyətdə inkişafla bağlı birmənalı şəkildə konsensus əldə olunmuşdur. Əsrin əvvəllində ölkədə ümumi daxili məhsulun həcmi 6,1 milyard manat, adambaşına düşən ümumi daxili məhsul göstəricisi 750 manat təşkil edirdi. 2010-cu ilin sonuna doğru adambaşına düşən ümumi daxili məhsulun həcmi 4300 manata çatıb, gələn il isə bu göstərici bir qədər də yüksələcək".

Ötən müddət ərzində dövlət büdcəsinin gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının miqdarında da böyük artımlar yaşandığını qeyd edən İqtisadi siyasət komitəsinin sədri bildirdi ki, cari ilin dövlət büdcəsinin xərcləri 2000-2006-cı illərin dövlət büdcələrinin xərclərindən çox olub. Bu rəqəmlərin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın inkişaf strategiyasını əks etdirdiyini vurğulayan Ziyad Səmədzadə növbəti il üçün nəzərdə tutulan dövlət büdcəsinin bu prinsiplər əsasında hazırlandığını qeyd etdi. Bildirdi ki, yaşanan davamlı inkişaf nəticəsində iqtisadi cəhətdən qüdrətli dövlət olan Azərbaycan artıq kreditor bir ölkəyə çevrilib.

Büdcə layihəsi ilə bağlı ətraflı məlumat verən maliyyə naziri Samir Şərifov qeyd etdi ki, 2011-ci ilin dövlət və icmal büdcələrinin layihəsi Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunub. Gələn il üçün dövlət büdcəsinin layihəsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi, xalqın maddi rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın dinamik sürətdə artırılmasına yönəlmiş sosial-iqtisadi kursun davam etdirilməsi vəzifəsinin icrası üçün müvafiq maliyyə təminatının yaradılması zəminində hazırlanıb: "2011-ci ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyənləşdirdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun iqtisadi və sosial islahatlara dəstək olmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və müvafiq həcmlərdə vəsait nəzərdə tutulmuşdur".

Maliyyə nazirinin sözlərinə görə, qarşıdakı ilin ali maliyyə sənədinin layihəsi ölkənin əsas makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2010-cu ilin 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib.

Növbəti ildə əsas məqsədlər sırasına iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların iqtisadi və xammal potensiallarından səmərəli istifadə edilməsi, dövlət büdcəsindən maliyyələşən sosial xidmətlərin səmərəliliyinin artırılması, maliyyə yardımlarının ünvanlılığının təmin edilməsi kimi vəzifələr daxil edilib. Samir Şərifov məhsul istehsalı, müəssisə və təşkilatlar üçün nəzərdə tutulan subsidiya və cari transfertlər, eləcə də İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2011-2014-cü illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən ümumi daxili məhsulun 3,8 faizlik, qeyri-neft sektorunda ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti kimi amillərin 2011-ci ilin dövlət büdcəsi layihəsi tərtib olunarkən əsas götürüldüyünü qeyd etdi: "Dünyada hələ də mövcud olan təzadlı iqtisadi durum şəraitində 2011-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılmış, dövlət büdcəsi gəlirlərinin hesablanmasında bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 2011-ci ildə 4 milyard 420 milyon manat daxilolmalar proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 120 milyon manat gəlir proqnozu nəzərdə tutulur. Bu, 2010-cu illə müqayisədə 20 milyon manat çoxdur. Digər mənbələrdən dövlət büdcəsinə 6 milyard 521 milyon manat vəsait daxil olacağı gözlənilir. Bunun 6 milyard 480 milyon manatı Dövlət Neft Fondunun, 41 milyon manatı sair daxilolmaların payına düşür".

Onun sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin xərcləri kəsirin maliyyələşmə mənbələri də nəzərə alınmaqla 12 milyard 748 milyon manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz (473 milyon manat) çoxdur: "Dövlət büdcəsi xərclərinin 55 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə, 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə, 2,7 faizi və 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Müvafiq olaraq 2010-cu illə müqayisədə 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,6 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz artmışdır.

2011-ci ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 42,3 faizi həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artımla (342 milyon manat) proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 518 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da cari illə müqayisədə 7,5 faiz (246,7 milyon manat) çoxdur".

Nazir büdcə xərclərinin digər istiqamətləri barədə də ətraflı məlumat verdi. Bildirdi ki, 2011-ci il dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,3 faiz azdır.

2011-ci ilin icmal büdcəsinin göstəriciləri barədə də məlumat verən maliyyə naziri gələn il sözügedən büdcənin gəlirlərinin 15 milyard 558 milyon manat olmaqla 2010-cu ilə nisbətən 0,7 faiz (110,2 milyon manat), xərcləri isə 15 milyard 129 milyon manat olmaqla cari ilə nisbətən 5,9 faiz çox (848,8 milyon manat) nəzərdə tutulduğunu qeyd etdi.

İqtisadi inkişaf naziri Şahin Mustafayev 2011-2014-cü illərədək proqnozlaşdırılan sosial-iqtisadi inkişaf göstəriciləri, iqtisadi-sosial inkişaf konsepsiyası barədə məlumat verdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən siyasətə uyğun olaraq azad rəqabətli, sosialyönümlü bazar iqtisadiyyatının inkişafına, iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun və regionların dinamik inkişafına, tam məşğulluğa, gəlirlərin ədalətli bölünməsinə, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa, əhalinin layiqli həyat səviyyəsinə nail olunması əsas məqsəddir: "Bu məqsədlərə nail olunması üçün makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, sahibkarlığın inkişafı, ərzaq və ekloji təhlükəsizliyin möhkəmləndirilməsi, infrastrukturun müasir standartlara uyğunlaşdırılması, ölkənin tranzit potensialının reallaşdırılması, dünya iqtisadiyyatına inteqrasiya və beynəlxalq əmək bölgüsündə iştirakın optimallaşdırılması, insan kapitalının inkişafı prioritet vəzifələr kimi müəyyənləşdirilib".

Şahin Mustafayev bildirdi ki, növbəti illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam edəcək və bunun üçün bütün lazımi potensial mövcuddur. Qeyd etdi ki, 2011-ci ildə iqtisadi artım 3,8 faiz təşkil edəcək, ümumi daxili məhsulun nominal dəyərəi 40,2 milyard manat, yaxud 50 milyard dollar olacaq: "Adambaşına düşən ümumi daxili məhsul 2011-ci ildə 5540 dollardan 2014-cü ildə 7100 dollara çatacaq. Bununla Azərbaycanın yuxarı ortagəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək. Növbəti il üçün inflyasiya tempinin 5 faiz təşkil edəcəyi gözlənilir". Nazir növbəti 4 ildə neft hasilatının 223 milyon ton təşkil edəcəyini vurğuladı: "Qaz hasilatı 2011-ci ildə 29 milyard kubmetr, 2014-cü ildə 32 milyard kubmetr təşkil edəcək. 4 ildə 120 milyard kubmetr qaz hasil ediləcək".

Şahin Mustafayev növbəti illərdə qeyri-neft sektorunun inkişaf tempinin sürətlənəcəyini, investisiyaların həcminin çoxalacağını, özəl sektorun ümumi daxili məhsulun istehsalında xüsusi çəkisinin artacağını bildirdi.

Mərkəzi Bankın sədri Elman Rüstəmov dünya iqtisadiyyatında son iki ildə cərəyan edən proseslərdən, yaranmış vəziyyətdən və bunun Azərbaycana təsirindən söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, yüksək effektivliyə malik iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım yaşanır: "Makroiqtisadiyyatın əsas göstəriciləri də bunu təsdiq edir. Ölkəmizdə 15 ildən artıq bir müddətdə davamlı iqtisadi artım yaşanır". Manatın məzənnəsinin sabit qalmasına toxunan Elman Rüstəmov qlobal maliyyə böhranı zamanı bu məqsədlə sərf olunan valyutanın artıq geriyə alındığını qeyd etdi. O, Azərbaycanın ödəniş qabiliyyətinin yüksək olduğunu, strateji valyuta ehtiyatlarının miqdarının artdığını bildirdi, bank sisteminin dayanıqlıq nümayiş etdirdiyini diqqətə çatdırdı.

İclasda 2011-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasının rəyi də dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov bildirdi ki, gələn ilin dövlət büdcəsi qarşıya qoyulan məqsədlərə çatmağa, dövlətin iqtisadi sahədə siyasətinin uğurla həyata keçirilməsinə etibarlı maliyyə təminatı yaradır. Onun sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsi respublikamızın iqtisadi inkişafına adekvatdır: "Hesablama Palatası tərəfindən aparılan təhlillər onu deməyə əsas verir ki, büdcə hədəfləri dəqiqləşdirilmişdir, qarşıya çıxa biləcək problemləri həll etməyə, onun maliyyə təminatını yaratmağa imkan verir". Büdcənin şəffaflığına və ünvanlılığına görə seçildiyini qeyd edən Hesablama Palatası sədrinin fikrincə, 2011-ci ildə dövlət büdcəsinin gəlir və xərcləri dəqiq şəkildə təsnifatlaşdırılıb.

Fasilədən sonra 2011-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə edildi. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Arif Rəhimzadə büdcə layihəsinin təkmil şəkildə hazırlandığını dedi. Onun sözlərinə görə, ilk dəfə olaraq gələn ilin dövlət büdcəsində qeyri-neft sektorunun neft sektorunu üstələməsinin proqnozlaşdırılması təqdirəlayiq haldır. Komitə sədri bəzi təkliflərini də diqqətə çatdırdı. Bildirdi ki, son üç ildə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərin miqdarı artırılmayıb. Düzdür, son illərdə görülən işlərin nəticəsində bələdiyyələrin maliyyələşmə imkanları artıb. Amma elə bələdiyyələr var ki, onlar özlərini tam maliyyələşdirə bilmirlər. Ona görə də bələdiyyələrə ayrılan dotasiyaların artırılması vacibdir.

Deputat İlham Məmmədovun çıxışı əsasən səhiyyə xərcləri ilə bağlı oldu. Gələn il üçün səhiyyə xərclərinin bu illə müqayisədə 7,1 faiz çox nəzərdə tutulmasını yüksək qiymətləndirən deputat dedi ki, bu, ölkəmizin səhiyyəsinin inkişafına diqqət və qayğının göstəricisidir. İlham Məmmədovun sözlərinə görə, səhiyyə xərclərinin artırılması ilkin səhiyyə xidmətlərinin də keyfiyyətinin yaxşılaşmasına müsbət təsir göstərəcək. İlk dəfə olaraq gələn ilin dövlət büdcəsində vərəm xəstəliyi ilə mübarizəyə qarşı 3 milyon manat vəsaitin ayrılmasını İlham Məmmədov səhiyyə xərclərində diqqəti cəlb edən yenilik kimi müsbət qiymətləndirdi.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Bəxtiyar Əliyev bildirdi ki, gələn ilin dövlət büdcəsinin layihəsi olduqca ölçülü-biçili şəkildə hazırlanıb. Layihədə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı bütün məsələlər öz əksini tapıb. Çıxışlardan da aydın olduğu kimi, növbəti ilin dövlət büdcəsinin layihəsi elmi əsaslara söykənir. Ölkəmizdə qazanılan sosial-iqtisadi uğurlar Azərbaycan hakimiyyətinin inkişaf strategiyasının düzgünlüyündən xəbər verir. Bu, gələn ilin dövlət büdcəsinin layihəsində də öz əksini tapıb. Ona görə büdcənin uğurla icrası 2011-ci ildə də respublikamızın inkişafına böyük töhfələr verəcəkdir.

Deputat Mübariz Qurbanlı gələn ilin dövlət büdcəsinin layihəsinin peşəkarlıqla hazırlandığını dedi. Onun sözlərinə görə, büdcə iqtisadiyyatın rəqəmlər formasında ifadəsidir. Bu mənada gələn ilin dövlət büdcəsinin layihəsində göstərilən rəqəmlər respublikamızın sosial-iqtisadi inkişafının əyani göstəricisidir. 2011-ci ilin dövlət büdcəsində investisiyatutumluluğun və sosialyönümlülüyün saxlanılması Azərbaycan hakimiyyətinin həyata keçirdiyi inkişaf strategiyasına adekvatdır.

Mübariz Qurbanlı onu da əlavə etdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafı çox ciddi düşünülmüş proqramlarla bağlıdır. Bu strategiya elmi əsaslara söykəndiyi üçün respublikamız sürətlə inkişaf edir. Azərbaycanda neft gəlirlərindən də səmərəli istifadə edilir və bu, bəhrəsini verməkdədir. Gələn ilin dövlət büdcəsinin layihəsi çox şəffafdır və hər bir xərcin istiqaməti aydın göstərilir. Ona görə müxalifət nümayəndələrinin büdcə layihəsinin qeyri-şəffaf olması barədə səsləndirdikləri fikirlər doğru deyil.

Deputat Xanhüseyn Kazımlının sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin layihəsi bütün tələblərə uyğun hazırlanıb və vaxtında Milli Məclisə təqdim olunub. Büdcə layihəsinin bir sıra parametrlərinə toxunan Xanhüseyn Kazımlı dedi ki, layihəyə əsasən gələn il üçün də dövlət büdcəsində investisiyatutumluluğun və sosialyönümlülüyün saxlanılması ölkəmizin inkişafında mühüm nailiyyətlərdəndir.

2011-ci ilin dövlət büdcəsi layihəsini dövlətimizin iqtisadi imkanlarının əyani təcəssümü kimi xarakterizə edən deputat Asim Mollazadə dedi ki, əsas maliyyə sənədində diqqət yetirilən prioritet istiqamətlərin gələn ildə də saxlanılması mühüm əhəmiyyət kəsb edir. Asim Mollazadə respublikamızda xüsusən tibbi sığorta məsələsinə diqqət yetirilməsinin vacibliyini də önə çəkdi. Deputat gələn ilin dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin artırılmasını da vacib bildi.

Hər bir büdcənin ölkənin iqtisadi mənzərəsini yaratmaq və gələcək iqtisadi inkişaf üçün bünövrə yaratmaq funksiyasını yerinə yetirdiyini deyən deputat Əli Əhmədovun sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin layihəsi son illərdə respublikamızda müşahidə edilən iqtisadi və sosial inkişafın başlıca meyillərini düzgün əks etdirir. Gələn ilin büdcəsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca hədəflərinə çatmağa xidmət etməklə ölkəmizin bundan sonrakı sosial-iqtisadi inkişafı üçün gözəl zəmin yaradır. Ona görə gələn ilin budcə layihəsi Azərbaycanın inkişafını düzgün əks etdirən çox əhəmiyyətli ali maliyyə sənədidir. Əli Əhmədov onu da bildirdi ki, son illərdə iqtisadi inkişaf həm də insanların rifahının yaxşılaşdırılması üçün etibarlı əsas yaratmışdır. Bu mənada müxalifət nümayəndələrinin büdcə layihəsini tənqid etmək cəhdləri əsassızdır. Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində sosial inkişaf da təmin olunmuşdur.

Əli Əhmədov regionlara dotasiyaların verilməsi, istehsal sahələrinin təşviq edilməsi məsələləri ilə bağlı təkliflərini də diqqətə çatdırdı.

Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin strukturu barədə fikirlərini bölüşən deputat Zahid Oruc dedi ki, respublikamızda istehsal olunan ümumi daxili məhsulda kənd təsərrüfatının çəkisinin artırılmasına diqqət yetirilməlidir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Elton Məmmədov bildirdi ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsindən göründüyü kimi, Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri növbəti ildə də respublikamızda iqtisadi inkişafın davamlılığını təmin etmək, istehsalı artırmaqdır. Ona görə xərclərdə investisiyayönümlülük prioritet istiqamətlərdən biri kimi saxlanılıb. Gələn il regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzində olacaq. Dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası gələn ildə də respublikamızın inkişafına yeni nəfəs verəcək.

Hərbi xərclərin artırılmasını yüksək qiymətləndirən deputat Qüdrət Həsənquliyev elm xərclərinin artırılması təklifi ilə çıxış etdi.

Büdcənin gəlir və xərclərinin respublikamızın iqtisadi inkişafını əks etdirdiyini deyən deputat Astan Şahverdiyevin sözlərinə görə, dövlət büdcəsi növbəti ildə Azərbaycanın inkişafına və müdafiə qabiliyyətinin artırılmasına imkan verəcək.

Deputat Siyavuş Novruzov bildirdi ki, 2011-ci ilin dövlət büdcəsinin layihəsi struktur baxımından çox peşəkarlıqla hazırlanıb. Gəlir və xərclərin artımı ondan xəbər verir ki, Azərbaycan davamlı inkişaf yolundadır. Müxalifətçi deputatların fikirlərinə münasibət bildirən Siyavuş Novruzov dedi ki, neft Azərbaycanda istehsal sferasında əsas yeri tutur. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə olunur. Son illərdə qazanılan misilsiz uğurlar göstərir ki, Azərbaycanda neft xalqımızın milli mənafeyinə xidmət edir.

Deputat Rafiq Məmmədhəsənov 2011-ci ilin dövlət büdcəsində elm-təhsil və səhiyyə üçün nəzərdə tutulan xərclərin bu sahələrin tam maliyyələşməsinə, dövlət proqram və layihələrinin həyata keçirilməsinə imkan verəcəyini dedi.

Deputat İsa Həbibbəylinin sözlərinə görə, 2011-ci ilin dövlət büdcəsinin layihəsi ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatları, inkişaf strategiyasının nəticələrini və perspektivlərini özündə əks etdirir. Büdcə layihəsinin sosialyönümlülüyü ölkəmizdə insana qayğının ön planda olduğunu bir daha təsdiq edir. İsa Həbibbəyli Bakı-Naxçıvan və əks istiqamətdə uçuşlar yerinə yetirən təyyarələrin yeniləri ilə əvəz edilməsi təklifini də irəli sürdu.

İclasda deputatlardan Əli Məsimli, İqbal Ağazadə, Gülər Əhmədova, Cəmil Həsənli və başqaları gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı fikirlərini bildirdilər.

2011-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi bu gün davam etdiriləcək.

 

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 3, 4.