Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin görüşü

 

Oktyabrın 12-də Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə tərəflər bu ölkələrin müxtəlif dövlət orqanlarının Xəzərin təhlükəsizliyi sahəsində əməkdaşlığı məsələlərini müzakirə etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdir ki, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişin layihəsi ekspertlər səviyyəsində artıq ikinci ildir müzakirə olunur. Bu sənəd Xəzərdə təhlükəsizliyə dair əməkdaşlığın mexanizmini yaratmaq məqsədi daşıyır. Sənədin qəbulu Xəzərdə hüquqi rejimin təkmilləşdirilməsinə gətirib çıxaracaqdır. Nazir müavini məlumat vermişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 18-də Bakıda keçiriləcəkdir. Sammitdən əvvəl isə Tehranda xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş təşkil olunacaqdır.

İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə Xəzərin təhlükəsizliyinin təmin edilməsinin çox zəruri məsələ olduğunu demişdir. Xəzər regionu ölkələri arasında yaxın qonşuluq, dostluq əsasında qurulmuş möhkəm əməkdaşlığın vacibliyi vurğulanmışdır.

Qazaxıstan Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjolova Saziş layihəsinin razılaşdırılacağına ümidvar olduğunu bildirmişdir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ötən görüşdən bəri bir çox məsələlər üzrə irəliləyişə nail olunduğunu demişdir.

Türkmənistan xarici işlər nazirinin müavini Toyli Komekov ölkəsinin Xəzərin təhlükəsizlik məsələlərinə dair mövqeyini açıqlamışdır.

Xatırladaq ki, Xəzərin təhlükəsizlik məsələlərinə dair bu formatda görüş ilk dəfə ötən il oktyabrın 23-24-də Bakıda keçirilmişdir. O vaxtdan eyni formatda bir neçə iclas olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 4.