Xəzəryanı ölkələrin
xarici işlər nazirlərinin müavinləri
mətbuat konfransı keçirmişlər
Oktyabrın 12-də Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişin layihəsinin razılaşdırılmasına həsr olunmuş görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirmişlər.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov müzakirələrin nəticələrini müsbət qiymətləndirmişdir. X.Xələfov layihə ilə bağlı əksər məsələlərdə mühüm irəliləyişlər əldə olunduğunu, yalnız bir neçə məsələnin yenidən müzakirəsinə ehtiyac qaldığını vurğulamışdır. Yaxın zamanlarda həmin məsələlərin də öz həllini tapacağına ümid etdiyini deyən nazir müavini vurğulamışdır ki, bugünkü görüş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcəkdir. Qeyd edilmişdir ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti görüş Tehranda keçiriləcəkdir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mohamməd Mehdi Axundzadə, Qazaxıstan Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjolova görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmişlər.
Qonaqlar görüşün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayaraq nəticələrdən razı qaldıqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 4.