Nüfuzlu ali təhsil ocağı

 

Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri - milli kadr hazırlığına, cəmiyyətin elmi-intellektual ruhda inkişafına əvəzsiz töhfələr verən Azərbaycan Texniki Universitetinin (AzTU) 60 illik yubileyi yaxınlaşır. Qürur doğuran haldır ki, respublikada texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalıların, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Odur ki, on minlərlə insanın taleyində böyük rol oynamış, ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır sənaye, energetika müəssisələri üçün layiqli mütəxəssislər hazırlamış AzTU-nun 60 illik yubileyi cəmiyyətdə əlamətdar hadisələrdən biri kimi qarşılanır.

Universitetə göstərilən yüksək diqqət, ilk növbədə, onun milli təhsil sisteminə əvəzsiz töhfələri ilə şərtlənir. Ötən əsrin 50-ci illərinin əvvəllərindən respublikada elmi-texniki, mədəni, ictimai düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynamış Azərbaycan Texniki Universiteti elm və təhsil tariximizə sanballı töhfələr vermişdir.

Universitet iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladıqdan sonrakı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90000 nəfərdən çox mühəndis, bakalavr və magistr hazırlamışdır. AzTU-nun auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən sonrakı nəsillərə ötürmüşlər.

 

Zərurətdən yaranan ali təhsil ocağı

 

Hər bir elm, təhsil müəssisəsi kimi, AzTU-nun da əldə etdiyi bütün nailiyyətlər, ilk növbədə, tarixi təmələ, möhkəm bünövrəyə əsaslanır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Politexnik İnstitutunun müstəqil ali məktəb kimi yaradılması ideyası 1945-ci ildə - İkinci Dünya müharibəsindən dərhal sonra irəli sürülmüşdür. Həmin dövrdə müharibə nəticəsində dağıdılmış şəhər və kəndlərin, xalq təsərrüfatının, o cümlədən sənaye müəssisələrinin bərpasına, yeni zavodların, fabriklərin inşasına başlanmış və bununla əlaqədar müxtəlif sahələr üzrə mühəndis kadrlarına böyük ehtiyac yaranmışdır. Bu reallıq nəzərə alınaraq, Bakıda yeni texniki ali məktəb açılması ilə bağlı o zamankı SSRİ hökuməti qarşısında vəsatət qaldırılmışdır. 1945-ci il oktyabrın 20-də SSRİ Xalq Komissarları Soveti Azərbaycan Politexnik İnstitutunun açılması haqqında xüsusi qərar qəbul edərək onun icrasını Ali Təhsil Nazirliyinə tapşırmışdı. İnadlı cəhdlərdən, Moskva ilə müntəzəm yazışmalardan sonra bəzi bürokratik maneələri adlamaq mümkün olmuş, 1950-ci ilin noyabrında Bakıda 4 fakültədən ibarət Azərbaycan Politexnik İnstitutu yaradılmışdır.

Yeni açılmış institut fəaliyyətinin ilkin mərhələsində maddi-texniki bazanın zəifliyi, kadr çatışmazlığı kimi ciddi problemlərlə üzləşsə də, məqsədlərinə doğru inamla irəliləmişdir. Qısa müddətdə yeni tədris korpusları, müəllimlər üçün yaşayış evi, yataqxanalar, idman sarayı, stadion tikilərək istifadəyə verilmiş, Cənubi Qafqazda ən böyük texniki ali təhsil müəssisəsinə çevrilən, 22 min nəfər tələbəsi olan institutda hələ 1970-ci ildə böyük hesablama mərkəzi yaradılmış, informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi istiqamətində ilk addımlar atılmışdır. Həmin il Gəncə şəhərində də institutun filialı yaradılmış və beləliklə, Bakıdan kənarda kadr hazırlığı həyata keçirilmişdir. 1978-ci ildən institut xarici ölkələr üçün də kadr hazırlamağa başlamış, bu da onun beynəlxalq əlaqələrinə ciddi impulslar vermişdir.

Əlamətdar yubiley ərəfəsində ölkəmizin tərəqqisi, çiçəklənməsi və inkişafı naminə böyük xidmətlər göstərmiş universitetin nüfuzlu ziyalılarının tarixi xidmətlərini də yada salmaq yerinə düşər. AzTU-nun inkişaf edərək hazırkı səviyyəyə çatmasında, respublikanın ali məktəbləri arasında layiqli yer tutmasında uzun illər burada çalışmış, müəllim və tələbələr üçün həmişə örnək olmuş görkəmli alimlər böyük rol oynamışlar. Adları kollektivimizdə həmişə iftixarla çəkilən belə alimlərdən Mahmud Məmmədovu, Abuzər Əliyevi, Ənvər Qasımzadəni, Mikayıl Useynovu, Ağasəməd Əlizadəni, İsrafil Qarayevi, Həbib Məmmədovu, Hüseynağa Muradxanovu, Fyodor Yaroşevskini, Mənsur Şəfiyevi, Kamal Məmmədovu, Şıxbala Əliyevi, Yakov Dunini, Almas Acalovu, Zahid Əlizadəni, Nadir Qasımzadəni, Yaqub Qədimovu, Niyazi Kərimovu, Fatma Süleymanovanı, Ənvər Nəcəfovu və başqalarını qeyd etmək olar. Bu insanlar artıq həyatda olmasalar da, onların qoyub getdikləri zəngin və qiymətli elmi-pedaqoji irs bu gün də öz bəhrəsini verir.

 

AzTU-ya rəhbər qayğısı

 

Ötən əsrin 70-80-ci illərində ölkədə elm və təhsilin inkişafına əvəzsiz töhfələr vermiş ulu öndər Heydər Əliyev AzTU-nun cəmiyyətdəki xidmətlərini və rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına qayğını əsirgəməmişdir. 60 illik tarixinə nəzər saldıqda görürük ki, universitetin fəaliyyətində intibah və tərəqqi mərhələləri də ulu öndərin respublikaya rəhbərliyi illərinə təsadüf edir. Keçən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Rusiya və SSRİ-nin digər nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilən azərbaycanlı istedadlı gənclər sonralar ölkəmizin sənaye sahələrinin inkişafında və universitetin kadr potensialının zənginləşməsində müstəsna rol oynamışlar. 1981-ci ildə ümummilli liderin Azərbaycan Politexnik İnstitutuna gəlməsi, tələbə və müəllimlərlə görüşməsi təhsil ocağının tarixində mühüm hadisə olmuş, institutun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə nəticələnmişdir. SSRİ rəhbərliyində yüksək vəzifə tutanda da ulu öndərin bu ali məktəbə diqqəti azalmamış, məhz onun göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 1984-cü ildə AzPİ-nin maddi-texniki bazasının genişləndirilməsi haqqında qərar qəbul etmişdir. Qərarda AzPİ-nin yüksək keyfiyyətli mühəndis kadrlarının hazırlanmasında apardığı işlər müsbət qiymətləndirilməklə yanaşı, institutun ərazisində "Avtomatika və hesablama texnikası" fakültəsi üçün binanın tikilməsi, yeni hesablayıcı maşınların və avadanlıqların alınması, habelə müəllimlərə hər il 5 mənzilin verilməsi məsələləri əksini tapmışdır. Qərarda həmçinin, 96 mənzilli kooperativ evin inşası, tələbə şəhərciyinin sahmana salınması məqsədilə vəsait ayrılması və bir çox digər sosial məsələlərin həlli nəzərdə tutulmuşdu.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun olaraq bütövlükdə təhsil sisteminin mahiyyətində baş verən fundamental dəyişikliklər AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələdə universitetin qarşıya qoyduğu məqsədə doğru inamla addımlaması, milli təhsil sistemində özünün öncül mövqelərini qoruyub saxlaması və inkişaf etməsi yenə də ümummilli lider Heydər Əliyevin yüksək diqqət və qayğısı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin təhsil sistemində həyata keçirdiyi islahatların sürətləndirilməsi məqsədilə 2000-ci ilin iyun ayında imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" sərəncam təhsil müəssisələri, o cümlədən ali məktəblər qarşısında yeni vəzifələr qoymuşdur. Sərəncamdla AzTU-nun yarımçıq qalmış tədris-laboratoriya binasının inşası üçün maliyyə vəsatinin ayrılması üçün də müvafiq orqanlara göstəriş verilmişdir. Universitet də öz növbəsində qarşıda duran vəzifələri müəyyənləşdirərək perspektiv plan hazırlamışdır. Həmin plan əsasında tədris prosesinin təkmilləşdirilməsi, keyfiyyətin yüksəldilməsi, elmi-tədqiqat işlərinin müasirləşdirilməsi və sənayedə tətbiqinin genişləndirilməsi, nizam-intizamın gücləndirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.

Ulu öndərdən sonra onun siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən illərdə bütövlükdə elmin, ali təhsilin inkişafı, mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər AzTU-nun inkişafına yeni təkan vermişdir. İqtisadi sahədə keçid dövrünün başa çatması ilə əlaqədar ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən siyasətin də yeni mərhələyə qədəm qoyması Azərbaycanın ali təhsil müəssisələri qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirir. Zəngin ənənələri, kadr potensialı və elmi nailiyyətləri ilə bir sıra uğurlara imza atan Azərbaycan Texniki Universiteti də fəaliyyətində dövlət başçısının dövrün tələblərinə əsaslanaraq irəli sürdüyü mütərəqqi prinsiplərə, qlobal çağırışlara söykənir. Prezident İlham Əliyevin elm və təhsil strategiyasını əldə rəhbər tutan universitet nəinki nüfuzunu və elmi səviyyəsini qoruyub saxlayır, eyni zamanda fəaliyyətini qloballaşan dünyanın yeni tələblərinə uyğun qurur. AzTU uzun illər ərzində qazandığı nailiyyətləri artırmaqla, respublikamız və bir sıra xarici dövlətlər üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamağa qadir ali məktəb kimi hazırkı mərhələdə üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirir.

 

Ali təhsildə əsas hədəflər

 

Hər bir ali təhsil müəssisəsinin uğurlarını təmin edən əsas amillərdən biri dövrün tələb və reallıqlarını maksimum nəzərə alması, təhsili məzmun və formaca müasirləşdirməsi, maddi-texniki bazasını, infrastrukturunu yeniləşdirməsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən AzTU-da iki səviyyəli təhsil sisteminə - bakalavr və magistr hazırlığına başlanmış, bu sistemin təkmilləşdirilməsi üçün məqsədyönlü fəaliyyət həyata keçirilmişdir. O illərdə AzTU-da iki səviyyəli təhsilin təşkili üzrə kifayət qədər təcrübə toplanmış, tədris-metodiki baza formalaşmışdır. Qloballaşan dünyanın çağdaş inkişaf meyilləri bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığını aktual məsələ kimi önə çıxardığından, son illər universitetdə bu məsələyə ciddi diqqət yetirilir. Bunlardan müasir dövrün tələblərinə uyğun olan, informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssis hazırlığına şərait yaradan "Məlumatların mühafizəsinin texnologiyası və təşkili", "Kompüter təhlükəsizliyi", "Avtomatlaşdırma və informasiya texnikası (TEMPUS layihəsi üzrə)", "Gömrük, ixrac və idxal nəzarəti cihaz və sistemləri", "Elektron və poçt rabitəsi", "Bioloji-tibbi praktikada mühəndis işi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "Maşınqayırmada kompüter texnologiyaları", "Kompüter texnikasının layihələndirilməsi, konstruksiya edilməsi". "Nəqliyyat vasitələrinin elektronikası və elektrik avadanlığı (avtomobil nəqliyyatı üzrə, Tempus layihəsi üzrə)" və digər ixtisasları göstərmək olar.

Bunlardan başqa, uzun illər tikintisi yarımçıq qalan, 10 min kvadratmetr sahəsi olan 6-7 mərtəbəli tədris binasının inşası başa çatdırılmış, 2007-ci ildə binanın bir hissəsi, 2010-cu ildə isə yeni korpus tam şəkildə tələbə və müəllimlərin istifadəsinə verilmişdir.

Yeni binada universitetin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş kitabxana və qiraət zalları üçün də yer nəzərdə tutulmuşdur. Eyni zamanda xüsusi ventilyasiya sistemi ilə təchiz olunmuş universitetin arxivi və yeməkxanası da burada yerləşdiriləcəkdir. Bütövlükdə kafedraların, auditoriya və tədris laboratoriyalarının yeni avadanlıq və invertarlarla təchizatı həyata keçirilmişdir.

Hazırda Azərbaycan Texniki Universitetində 9 fakültə, 47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550000 kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır. Universitetdə 610 professor-müəllim, o cümlədən 100-dən çox elmlər doktoru, professor, 340 elmlər namizədi, dosent yeddi mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olur.

2010-cu ildə Azərbaycan Texniki Universiteti MDB ölkələri Humanitar Yardım Fondunun qrantını qazanmışdır. Bu da AzTU-ya həmin məkandakı elektron kitabxanalara ödənişsiz giriş imkanı vermişdir.

Universitetin kadr potensialının formalaşmasında onun öz məzunlarının böyük xidmətləri var. Belə ki, AzTU-nun 360 nəfər məzunu hazırda universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunların 45 nəfəri elmlər doktoru, professor, 270 nəfəri elmlər namizədi, dosentdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "2008-2012-ci illərdə təhsil sahəsinin informasiyalaşdırılması üzrə üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamıına uyğun olaraq AzTU-da ciddi işlər həyata keçirilir. Vaxtilə 50-dək köhnəlmiş kompüteri olan universitetdə bu gün 700-dən çox müasir kompüter tələbə və professor-müəllim heyətinin istifadəsinə verilmiş, bütün kafedralar kompüterlərlə təchiz edilmişdir. Eyni zamanda, universitetdə 10-dan çox kompüter sinfi, 200-dən çox kompüteri olan İnformasiya-tədris mərkəzi fəaliyyət göstərir. Sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədris prosesində yeni texnologiyalarla təhsil almasına, normal işləməsinə şərait yaradır.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün universitetin əməkdaşları tərəfindən müasir kompüter proqramı hazırlanaraq müvəffəqiyyətlə tətbiq edilir. Bu proqram eyni vaxtda müxtəlif fənlərdən imtahanların aparılmasına, eyni qrup tələbələrinin isə eyni fəndən müxtəlif auditoriyalarda imtahan vermələrinə imkan yaradır. 2008-2009-cu dərs ilinin yay imtahan sessiyasında bu proqram tam gücü ilə işləmiş və özünün mükəmməlliyini bir daha təsdiq etmişdir. 2009-2010-cu tədris ilində I və II kursların imtahanları kompüter texnikasının köməyilə aparılmışdır. Növbəti illərdə bu proses bütün kursları əhatə edəcəkdir. Test sistemi və imtahanların keçirilməsi prosesindəki şəffaflıq və obyektivlik tələbələr, valideynlər və müəllimlər tərəfindən də müsbət qarşılanmışdır. Bu işlər vaxtaşırı olaraq təkmilləşdiriləcəkdir.

Universitetə ilk dəfə olaraq müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə olunan unikal maşınqayırma dəzgahları alınmış və "Tədris-texnoloji mərkəz" yaradılmışdır ki, bu da tələbələrin dünyanın ən inkişaf etmiş ölkələrinin tələblərinə uyğun hazırlanmasında mühüm töhfələr verəcəkdir.

Uğurlu nəticələrdən biri də telekommunikasiya istiqamətləri bazasının tamamilə müasirləşdirilməsidir. Belə ki, AzTU-da müasir tipli elektron ATS quraşdırılmış, "ETİ" firmasının köməyi ilə kommunikasiya sistemləri üzrə güclü laboratoriya bazası yaradılmışdır. Eləcə də "Çoxkanallı telekommunikasiya sistemləri" kafedrasının bazası yenidən qurulmuş, "Radiotexnika" kafedrası radiosiqnalların ötürülməsi və qəbulu sistemi ilə təchiz edilmişdir. "Telekommunikasiya texnologiyaları və şəbəkələri" kafedrasında informasiya şəbəkələrinin təhlükəsizliyi ilə bağlı kadr hazırlığı üçün müasir proqramlarla təchiz edilmiş laboratoriya kompleksi yaradılmışdır. "Elektrodinamika və radioelektron vasitələr" kafedrası üçün elektromaqnit sahəsinin ölçülməsi üçün qurğu alınmış və digər audio-video texnikası ilə təchiz edilmişdir. Fakültədə TACİS proqramı əsasında yaradılmış laboratoriya fəaliyyət göstərir. Laboratoriyadan həm tələbələr, həm də digər mütəxəssislər istifadə edirlər.

Hazırda 18 elmi-tədqiqat laboratoriyası olan AzTU-da mühüm əhəmiyyət kəsb edən elmi tədqiqatlar aparılır. Müasir dövrün tələblərinə uyğun olaraq AzTU-da "Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri", "Neft və neft məhsullarırının istilik-fiziki xassələri" elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır.

İllər ötdükcə AzTU-da çalışan alimlərin Azərbaycan elminə verdikləri töhfələrin sayı da artır. 1976-cı ildə universitetin əməkdaşlarından biri "Sümük toxumalarında xüsusi daxili gərginliyin olması" kəşfinin müəlliflərindən olmuşdu. 2000-2010-cu illərdə AzTU-nun əməkdaşları tərəfindən 100-dək patent və ixtira alınmışdır. 2009-cu ildə universitet əməkdaşları 1 Avrasiya patenti almışlar. Universitetdə elmi-pedaqoji kadrların hazırlığı məsələsinə də ciddi fikir verilir. Son 10 ildə 6 müxtəlif ixtisası özündə birləşdirən 2 doktorluq Dissertasiya Şurasında 24 nəfər elmlər doktoru, 80-dək elmlər namizədi hazırlanmışdır.

AzTU-da aparılan elmi işlərin dünya elminə inteqrasiyası da daim diqqət mərkəzində saxlanılır. 2005-2010-cu illərdə AzTU-da 10-dək beynəlxalq konfrans keçirilmişdir. Son illər universitetin alimləri tərəfindən xarici ölkələrin elmi məcmuələrində 600-dək elmi məqaləsi nəşr edilmişdir. Təkcə 2009-cu ildə dünyanın ən nüfuzlu elmi məcmuələrində 25 elmi əsər çap olunmuşdur.

Hazırda AzTU-nun 10-dək gənc alimi Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində müvəffəqiyyətlə çalışır. Son on ildə 60 nəfərdən çox universitet əməkdaşı Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə Almaniyanın müxtəlif ali məktəblərində elmi təcrübədə olmuşdur.

Təhsil ocağının avtomatika və kompüter texnikası fakültəsində yeni tədris laboratoriyaları da son illərdə yaradılmışdır. Burada avtomatika və idarəetmə fənni üzrə 50-dən çox laboratoriya işini yerinə yetirmək üçün xüsusi laboratoriya qurğusu alınmışdır. Energetik sistemlərin avtomatik idarə edilməsi ixtisası üzrə Fransanın ŞNAYDER firmasının hazırladığı müasir laboratoriya kompleksi yaradılmışdır. Eləcə də paket proqramlarla təchiz edilmiş xüsusi kompüterləşdirilmiş laboratoriya təşkil edilmişdir. Burada robotlarla idarə olunan avtomatlaşdırılmış sistemlər laboratoriyası fəaliyyət göstərir. Həmçinin energetik sistemlərdə proseslərin idarə olunması üçün SCADA tipli intellektual və çoxfunksiyalı inteqrasiya olunmuş laboratoriya avadanlıqları da quraşdırılmışdır. Avtomatika və kompüter texnikası fakültəsində Misrosoft firmasının Akademiyası yaradılmışdır. 2008-ci il mayın 8-də respublikanın regionları və xarici dövlətlərin ali məktəbləri ilə əlaqə saxlamaq üçün universitetin yeni "Video konfrans" mərkəzinin təntənəli açılışı olmuşdur. Bu mərkəzin açılmasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və onun tabeliyində olan müəssisələrin böyük köməyi olmuşdur.

 

Bolonya sisteminə uğurlu keçid

 

Müasir tələblərə cavab verən maddi-texniki bazaya və professor-müəllim heyətinə malik olan AzTU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Bolonya Deklarasiyasının şərtlərindən irəli gələn prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır. Azərbaycan təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar AzTU da son 10 ildə fəaliyyəti bu sistemə uyğunlaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, bakalavr və magistrlərin yüksək səviyyədə hazırlanması üçün tədris plan və proqramlarına yenidən baxılmış, 2002-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuşdur. Bu tədris planlarında tələbələrin artıq yüklənməsinə səbəb olan fənlər aradan götürülmüş, həftəlik dərs yükü Avropa universitetlərinin həftəlik dərs yükünə qismən uyğunlaşdırılmışdır. 2006-cı ildən əvvəlcə radiotexnika və rabitə fakültəsində, sonra avtomatika və kompüter texnikası, mühəndis biznesi və menecment fakültələrində, 2009-2010-cu tədris ilindən başlayaraq isə bütövlükdə kredit sisteminə keçilmişdir. 2008-ci ildə bütün ixtisaslar (proqramlar) üzrə Dövlət Təhsil Standartları və tədris planları çoxballı sistemin tələbinə uyğun hazırlanmış, Təhsil Nazirliyi və universitet Elmi Şurası tərəfindən təsdiq edilmişdir.

Yeni təhsil sisteminə keçidlə əlaqədar universitetdə təhsilin təşkilində və idarə olunmasında da ciddi dəyişikliklərə başlanmışdır. Bu zaman Rusiya və inkişaf etmiş Qərb ölkələrinin qabaqcıl universitetlərinin uyğun tədris plan və proqramları əsas götürülmüş, habelə çoxsəviyyəli təhsilin xüsusiyyətləri nəzərə alınmışdır. Bakalavr səviyyəsinin tədris planları ixtisaslar (proqramlar) üzrə geniş profilli, magistr səviyyəsi üçün tədris planları isə ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə mütəxəssis hazırlığını təmin etməyi nəzərə almaqla tərtib edilmişdir. Universitetdə xeyli sayda fənlərin tədrisi üçün elektron dərsliklər hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir.

AzTU-nun fəaliyyətini səciyyələndirən mühüm cəhətlərdən biri də tədrisin, elmi-tədqiqat işlərinin istehsalatla sıx əlaqələndirilməsidir. Burada metallurgiya, maşınqayırma, nəqliyyat, avtomatika, telekommunikasiya, energetika və s. sahələr üzrə mühüm elmi-tədqiqat işləri aparılır və alınan nəticələrin istehsalata tətbiqi ilə bağlı əməli işlər görülür.

Respublikada gənclərin sağlam ruhda böyüməsi, mənəvi-fiziki tərbiyəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərə AzTU da öz töhfəsini verməyə çalışır. Hələ 1973-cü ildən burada idman sarayı fəaliyyət göstərir. Sarayın 500 nəfərə qədər tamaşaçı tutan böyük zalında həm də respublika və beynəlxalq miqyaslı idman yarışları keçirilir. İdmanın inkişafı üçün yaradılan şəraitin nəticəsi olaraq universitetimiz bu sahədə də öz sözünü deyir. İdmanın kütləviləşməsi, gənc nəslin düzgün tərbiyə olunması, onların zərərli vərdişlərə qurşanmaması üçün bu gün də universitet rəhbərliyi tərəfindən məqsədyönlü iş aparılır. Tələbə idmançılarımız respublika miqyasında müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fəal iştirak edir, universitetin idman şərəfini əzmlə qoruyurlar. Universitet tələbələri eyni zamanda Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət etməyə, Vətənin keşiyini ləyaqətlə çəkməyə hazırlanırlar.

 

Beynəlxalq əməkdaşlığın mühüm prioritetləri

 

Azərbaycan Texniki Universitetinin mühüm uğurlarından biri də onun beynəlxalq əlaqələrinin müasir dövrün tələblərinə uyğun qurulmasıdır. Ümumiyyətlə, 2000-ci ildən etibarən ali məktəbin beynəlxalq əlaqələri intensiv şəkildə genişlənir. AzTU hazırda Qara dəniz, Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyalarının, eləcə də MDB ölkələrinin Ali Texniki Məktəblər Assosiasiyasının üzvü kimi həmin qurumlar tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir.

Universitet "DAAD" və "TEMPUS" proqramı çərçivəsində Almaniyanın ali təhsil ocaqları ilə də sıx əməkdaşlıq edir. Belə universitetlər sırasında Aaxen Texniki Universitetini, Köln Tətbiqi Elmlər Universitetini, Karsruhe Texniki Universitetini, Braunşvayq Texniki Universitetini misal göstərmək olar. Almaniya universitetləri ilə mühəndis hazırlığı həyata keçirən ali məktəblərin, o cümlədən AzTU-nun əlaqələrinin digər vacib sahəsi "TEMPUS" proqramı ilə bağlıdır. Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının verdiyi ilkin layihələrdən biri hələ 2001-2003-cü illərdə AzTU-da yerinə yetirilmişdir. Bu layihə Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetində birgə həyata keçirilmişdir. "Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi" adlanan layihə çərçivəsində "Elektroenergetika", "Avtomatika və informasiya texnikası" və "Avtomobillərin elektrik və elektron avadanlıqları" ixtisaslarının açılması və mütəxəssis hazırlığı həyata keçirilmişdir. Layihənin reallaşdırıldığı dövrdə seçilmiş müəllimlər Almaniyanın Köln və Hollandiyanını Heerlen Tətbiqi Elmlər Universitetinə ezam olunmuşlar. Həmin universitetlərin adıçəkilən ixtisaslar üzrə təcrübəli əməkdaşları layihəyə cəlb olunmuş, AzTU-nun müəllimləri ilə birgə iş aparmışlar. Nəticədə Avropa standartlarına uyğun "Elektroenergetika", "Avtomatika və informasiya texnikası" və "Avtomobillərin elektrik və elektron avadanlıqları" bakalavr ixtisaslarının tədris planları işlənmişdir. Hər 3 ixtisas üzrə tərəfdaş universitetlərin iştirakı ilə tədris laboratoriyaları yaradılmış, onlar kompüter və digər müasir avadanlıqlarla təchiz edilmişdir. 2007-2009-cu illərdə bu ixtisaslar üzrə 76 tələbə universiteti bitirmişdir.

Hazırda AzTU-da TEMPUS layihəsi üzrə bakalavr səviyyəsində 3 ixtisasda 130 tələbə, magistr pilləsində isə 16 magistrant təhsil alır. Layihə çərçivəsində AzTU-nun 10 nəfər əməkdaşı bir neçə dəfə ayrı-ayrı fənlərin tədris metodikaları ilə yaxından tanış olmaq məqsədilə Köln və Heerlen universitetlərində ezamiyyətdə olmuşlar. Təcrübə mübadiləsi çərçivəsində həm ezamiyyətdə olan ayrı-ayrı fənlərin tədrisi ilə bağlı universitet müəllimləri, həm də layihədə iştirak edən xarici ölkələrin professorları müasir laboratoriyaların qurulmasında yaxından iştirak etmişlər.

Yuxarıda göstərilən layihələrin həyata keçirilməsi dövründə AzTU-da bir sıra beynəlxalq konfranslar təşkil olunmuşdur. Əldə edilən nəticələr müzakirə olunmuş və qarşıda duran perspektiv planlar müəyyən edilmişdir. Avropa Komissiyasının monitorinq qrupu bu layihədə görülmüş işləri müsbət qiymətləndirmiş, alınmış nəticələrin Azərbaycanın digər ali məktəblərində tətbiqini tövsiyə etmişdir.

Hazırda dünyanın 9 böyük ölkəsinin, o cümlədən ABŞ, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və digər ölkələrin universitetləri ilə sıx elmi əlaqələrimiz var. Qardaş Türkiyə Respublikasının ali təhsil ocaqlarından - Bilkənd, İstanbul Texniki, Yıldız Texniki, Orta Doğu universitetləri ilə olan sıx əməkdaşlığı isə xüsusi qeyd etməliyik.

Ümumiyyətlə, AzTU-da xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının 35 ildən çox tarixi vardır. Azərbaycan Texniki Universitetində bugünə qədər 40-dək ölkə üçün 2250 mühəndis, bakalavr və magistr hazırlanmışdır. Burada Türkiyə, Pakistan, Hindistan, Rusiya, Əfqanıstan, İordaniya, İran, Suriya, Efiopiya, bir sıra Latın Amerikası və Afrika ölkələri, Misir, Bolqarıstan, Moldova, Almaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Vyetnam, Monqolustan, İraq və s. ölkələrin vətəndaşları təhsil almışlar.

Son 5 ildə 400-dək xarici ölkə vətəndaşı universitetin məzunu olmuşdur. Təhsil ocağında xaricilər üçün bakalavr pilləsi ilə yanaşı, magistratura və aspirantura da fəaliyyət göstərir. Hazırda universitetdə 400-ə qədər xarici tələbə təhsil alır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, son illər cəmiyyət həyatındakı fundamental dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çəkir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının əsas qayəsi də məhz bu fundamental prinsiplərin sistemli şəkildə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir.

Azərbaycan Prezidenti tərəfindən elm və təhsilə göstərilən yüksək diqqət və qayğı, ümumilikdə bütün sahələrdə qazanılan böyük nailiyyətlər respublikanın nüfuzlu ali təhsil ocağı olan Azərbaycan Texniki Universitetinin professor-müəllim və tələbə heyətini sevindirir və biz bu uğurları rəğbətlə qarşılayırıq. AzTU eyni zamanda elm və təhsil işçiləri qarşısında müəyyənləşdirilən strateji vəzifələrin gerçəkləşdirilməsində sözünü deyir. İnanırıq ki, dövlət başçısının AzTU-ya qayğısı sayəsində 60 yaşlı universitet daha da inkişaf edəcək, dünyanın yüksək reytinqli ali təhsil ocaqları ilə bir sırada dayanacaq, cəmiyyət üçün layiqli kadrların hazırlanması prosesinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən siyasət əzmlə davam etdirilir. Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə ölkə rəhbərinin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Respublikamızın iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. AzTU-nun çoxsaylı professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

Havar MƏMMƏDOV,

Azərbaycan Texniki Universitetinin

rektoru, texnika elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 13 oktyabr.- S. 5.