2011-ci ilin dövlət büdcəsi
sosialyönümlüdür
Oktyabrın 13-də keçirilən Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra bu layihəyə münasibət bildirən deputat Musa Quliyev qeyd etdi ki, 2011-ci ilin dövlət büdcəsi ölkəmizdə neçə illərdir yaşanan dinamik inkişafın bundan sonra da davam edəcəyini təsdiqləyir. O, gələn il Azərbaycan iqtisadiyyatının inkişafının daha da güclənəcəyini, büdcənin isə investisiya və sosialyönümlü xarakter daşıdığını vurğuladı, sosial sahələrin proqramlar şəklində maliyyələşdirilməsinin yüksək effekt verdiyini diqqətə çatdırdı.
Deputat
Aydın Mirzəzadə 2011-ci il dövlət büdcəsinin
qanunuvericiliyin tələblərinə uyğun
hazırlandığını,
balanslaşdırılmış xarakter
daşıdığını və bütün vacib sahələri
əhatə edən ciddi sənəd olduğunu bildirdi və
qeyd etdi ki, dövlət büdcəsinin hazırlanması
yüksək peşəkarlıq tələb edir: "Azərbaycan
iqtisadiyyatı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir.
İki ildir ki,
dünyada qlobal maliyyə-iqtisadi böhran davam edir.
Böhranın nə vaxt sona çatacağı dəqiq məlum
deyil. Bununla belə, böhran Azərbaycan iqtisadiyyatına, vətəndaşlarına
təsir göstərməyib".
Deputat Azərbaycanın
müharibə şəraitində olması və ərazilərinin
20 faizinin hələ də işğal altında qalması
fonunda gələn il üçün ölkənin müdafiə
xərclərinə böyük miqdarda vəsait
ayrılmasını müsbət dəyərləndirdi. Qeyd
etdi ki, ildən-ilə Azərbaycan büdcəsinin formalaşmasında
qeyri-neft sektorunun xüsusi çəkisi artır: "Azərbaycanda
dünya standartlarına cavab verən büdcə hazırlamaq
praktikası formalaşıb". Aydın Mirzəzadə əməkhaqlarının
artırılması sahəsində mövcud praktikanın
bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etdi.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov xatırlatdı ki,
bundan öncə Azərbaycanın xaricdə fəaliyyətinin
təşkilinin daha effektli qurulması üçün
ayrılan büdcə vəsaitinin artırılmasına dair
təşəbbüs irəli sürülüb və
müvafiq təkliflər verilib: "Bu gün dövlət
büdcəsinə diqqət yetirdikdə hər bir maddə
üzrə artım olduğu nəzərə çarpır.
Xarici İşlər Nazirliyinin həm ölkə daxilində
işini təşkil etməsinə, həm də xaricdə fəaliyyətini
qurmasına dair hökumət lazım olan miqdarda artımlar
edib. Azərbaycan səfirlikləri və konsulluqlarının
saxlanması üçün 51 milyon manat, xaricdə Azərbaycanla
bağlı tədbirlərin keçirilməsinə 34 milyon
manat ayrılması nəzərdə tutulub. Ölkəmizdə
də beynəlxalq tədbirlərin keçirilməsi ilə
bağlı ayrılacaq vəsaitin miqdarı
artırılıb. Ümumilikdə, Azərbaycanın xarici
siyasətinə təxminən 100 milyon manat ayrılır ki
bu da çox böyük vəsaitdir".
Deputat Yevda Abramov əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi
iqtisadi inkişafın Azərbaycana daim yeni uğurlar
qazandırdığını bildirdi. Qeyd etdi ki, gələn
il üçün büdcə layihəsində Azərbaycanın
inkişaf dinamikası aydın hiss olunur. Büdcənin
sosialyönümlü xarakterinə diqqət çəkən
deputat onun ölkə vətəndaşlarının layiqli həyat
tərzinin təmin etməsinə imkan verdiyini də
vurğuladı. Deputat büdcədən maliyyələşən
təşkilatlarda əməkhaqlarının bir qədər
də artırılmasını təklif etdi.
Deputat Yaqub Mahmudov Azərbaycanda
artıq düzgün büdcə siyasətinin
formalaşdığını bildirdi. Qeyd etdi ki, büdcənin
gəlir və xərcləri Azərbaycanın iqtisadi qüdrətini
göstərir. Yeni büdcə layihəsinin Azərbaycanın
daha sürətli inkişafına təminat verdiyini bildirən
deputat onun sosialyönümlü xarakter daşımasının
böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi
ki, gələn ilin büdcəsindən səhiyyə və təhsilə
ayrılan xərclərin miqdarı yenə də
artırılıb və bu, Prezident İlham Əliyevin insan
kapitalına nə dərəcədə yüksək əhəmiyyət
verməsinin bariz göstəricisidir.
Parlamentin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi ki,
büdcə layihəsi qanunvericiliyə uyğun şəkildə
tərtib olunmuş mükəmməl bir sənəddir:
"Layihə Azərbaycanın bugünkü iqtisadi və
sosial inkişafının reallıqları, xüsusilə
dünya bazarlarında böhrandan sonrakı dövrdə qərarlaşmış
vəziyyət gözlənilən dəyişiklik və
perspektivlər nəzərə alınmaqla tərtib
olunmuşdur. Büdcə elmi proqnozlara əsaslanır, onun həm
sosial, həm də investisiya
yönümlülüyünün saxlanılması təqdirəlayiqdir.
Büdcədən elm və təhsilə, hərbi xərclərə
ayrılan vəsaitin həcminin artması da müsbət
haldır".
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan
dinamik və sabit inkişafını 2011-ci ildə də davam
etdirəcək: "Dövlət büdcəsində
böyük maraq doğuran və xüsusi diqqət çəkən
məqamlardan biri sosial məsələlər
üçün nəzərdə tutulan vəsaitlərdir. Təqdirəlayiq
haldır ki, hər il olduğu kimi, 2011-ci ildə də
hökumət bu sahəyə böyük diqqət göstərib.
Gələn ilin dövlət büdcəsində
sosialyönümlü xərclərin xüsusi çəkisinin
33,3 faiz təşkil etməsi bunun real təsdiqidir.
Gələn il sosial məsələlər
üçün ayrılan vəsaitin miqdarı indiki illə
müqayisədə 341,8 milyon manat və ya 8,8 faiz çoxdur.
Ümumilikdə, dövlət büdcəsindən gələn
il üçün bu məqsədlə ayrılan vəsaitin
miqdarı 4 milyard 234 milyon manat təşkil edəcək".
Eldar İbrahimov investisiya məqsədilə ayrılan vəsaitin
də miqdarının artırılmasını müsbət
hal kimi xarakterizə etdi.
Deputat Mirkazım Kazımov
Azərbaycanda iqtisadi artım tempinin qorunub
saxlandığını və bunun büdcədə öz əksini
tapdığını bildirdi. Qeyd etdi ki, bu nailiyyətlərə
Prezident İlham Əliyevin çevik iqtisadi siyasəti nəticəsində
nail olunub. O, xarici ticarət dövriyyəsinin həcminin
artdığını, iqtisadi artım dinamikasının
yüksəldiyini, qeyri-neft sektorunun daha sürətlə
inkişaf etdiyini bildirdi. Deputat Məjlum Şükürov da
büdcə zərfinin yüksək peşəkarlıqla
hazırlandığını bildirdi. Qeyd etdi ki, gələn
ilin dövlət büdcəsi ölkə
qarşısında duran strateji hədəflərə
çatmaq üçün zəruri təminat yaradır. Onun
həmkarı Fuad Muradov gələn ilin dövlət büdcəsi
layihəsinin Azərbaycanın güc və qüdrətinin
real göstərici olduğunu bildirdi. Deputat Jalə Əliyeva
vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən
təkcə bu günə yox, həm də gələcəyə
hesablanmış siyasət yürüdülür. Bunun nəticəsidir
ki, Azərbaycan inkişaf göstəricilərinə görə
dünyanın öndə gələn dövlətləri
sırasında yer alır. Gələn ilin büdcə layihəsi
ölkəmizin tərəqqi dinamikasının yüksək
olduğunu göstərir. Deputat Qənirə Paşayeva
ötən il özünün zirvə nöqtəsinə
çatan qlobal maliyyə böhranının Azərbaycana
minimal təsir göstərdiyini və bunun həyata
keçirilən iqtisadi siyasətin
düzgünlüyünün real nəticəsi kimi
çıxış etdiyini bildirdi.
Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov büdcə layihəsində
makroiqtisadi göstəricilərə diqqət yetirilməsinin
vacibliyini bildirdi. Qeyd etdi ki, makroiqtisadi göstəricilərə
nəzarət, onların sabitliyinin qorunması dövlət
büdcəsinin peşəkarlıqla hazırlanmasından və
iqtisadiyyatın dayanıqlılığından xəbər
verir: "Hökumətin son illərdə təqdim etdiy
büdcə layihələrinin ən önəmli cəhətlərindən
biri də ondan ibarətdir ki, hər bir rəqəmin
arxasında makroiqtisadi sabitliyin qorunub saxlanması və onlara
nəzarət məsələsi durur. Gələn ilin büdcə
layihəsi də sözügedən prinsip əsasında
hazırlandığı üçün onun qəbul edilməsində
heç bir problem yoxdur". Valeh Ələsgərov qeyd etdi
ki, büdcənin formalaşması zamanı neft gəlirlərindən
istifadə edilməsi də müsbət nəticələr
verir və iri infrastruktur layihələri həyata
keçirilir. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı
üçün lazımi zəmin hazırlanır, müvafiq
işlər görülür.
Deputatların
qaldırdığı məsələlərə münasibət
bildirən maliyyə naziri Samir Şərifov qeyd etdi ki,
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
inkişafı artıq müəyyən büdcə
tarazlığına gətirib çıxarıb:
"Dövlət başçısının qeyd etdiyi kimi,
artıq Azərbaycanda oturuşmuş bir büdcə
mövcuddur. Sözsüz ki, 2011-ci ilin büdcəsi də bu
reallıqları özündə əks etdirir. Büdcənin
həm gəlirlərinin, həm də xərclər hissəsinin
artım templəri iqtisadi reallıqlardan irəli gəlir.
Büdcədə əsas hədəf ondan ibarətdir ki,
makroiqtisadi sabitlik qorunub saxlansın, ölkə
qarşısında duran əsas vəzifələrin
icrası təmin edilsin. Bununla yanaşı, ən vacib məsələlərdən
biri əhalinin maddi rifahının yüksəlməsidir. Bu
istiqamətdə də işlər aparılır. Bir sıra
xarici dövlətlərdə büdcələr ixtisar olunur,
pensiyalar və əməkhaqları azaldılır və bu da
qlobal maliyyə-iqtisadi böhranın nəticələridir.
Azərbaycanda isə 2010-cu ilin sentyabrında Prezident İlham Əliyev
tərəfindən əməkhaqları və pensiyaların
artırılması üçün müvafiq sərəncamlar
verilmişdir. Bu da həyata keçirilən iqtisadi siyasətin
məqsədyönümlülüyünün göstəricilərindən
biridir". Samir Şərifov büdcə təsnifatı ilə
bağlı deputatların toxunduğu digər məsələlərə
də aydınlıq gətirdi.
İqtisadi inkişaf naziri
Şahin Mustafayev də deputatlar tərəfindən
qaldırılan məsələlərə münasibətini
bildirdi. O dedi ki, Sahibkarlığa Kömək Milli Fondu
Prezident İlham Əliyev tərəfindən müəyyən
edilmiş sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq
hazırlanmış xüsusi proqramlar əsasında fəaliyyət
göstərir: "Məqsəd Azərbaycanın
regionlarının sosial-iqtisadi inkişafına təkan verməkdir.
Ayrılan vəsaitlərin 99,8 faizi məhz regionların
payına düşüb. Bu məlumat cari ilin ilk 8
ayının göstəricilərinə əsasən
hazırlanıb. Eyni zamanda, bu tendensiya keçən illər ərzində
də müşahidə olunub. Regionların hər birinin
iqtisadi inkişaf potensialı, ehtiyacı İqtisadi
İnkişaf Nazirliyi tərəfindən dərindən
öyrənilir".
Şahin Mustafayev
sahibkarlığın dinamik inkişafının davam etdirilməsi
üçün müvafiq tədbirlərin həyata
keçirildiyini qeyd etdi. Nazir deputatların
qaldırdığı digər məsələlərə də
aydınlıq gətirdi.
Daha sonra gündəliyin digər
məsələsi olan "Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi
haqqında" qanun layihəsi müzakirəyə
çıxarıldı. Məsələ ilə əlaqədar
çıxış edən parlamentin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli qeyd etdi ki, hələ də fəsadları
davam edən qlobal maliyyə böhranı və bu
böhranın özünü sosial-iqtisadi tənəzzüldə
göstərməsinə baxmayaraq, Azərbaycanın sosial həyatında
bu problem hiss olunmur: "Azərbaycanda makroiqtisadi sabitliyin
qorunması istiqamətində Prezident İlham Əliyevin
apardığı ardıcıl siyasət nəticəsində
qlobal böhranın təsirləri ölkəmizdə minimal
xarakter daşıyıb. Azərbaycanda əhalinin sosial
müdafiəsi və sosial təminatı sistemində
köklü islahatlar həyata keçirilir".
Hadi Rəcəbli bildirdi ki,
sığortanın həmrəylik prinsipindən fərdi
uçot qaydalarına keçməsi, sığorta sisteminin
müavinətlər sistemindən tamamilə ayrılması, əhaliyə
ödənişlərin bankomatlar vasitəsilə
çatdırılması sistemin mərkəzi kompüter
qovşağı ilə idarə olunması və digər
yeniliklər Azərbaycanın dünyaya inteqrasiyasının
göstəricisidir və bu, modernləşən Azərbaycan
reallıqlarına cavab verir: "Gələn il
üçün Dövlət Sosial Müdafiə Fondunun
büdcəsinin mədaxil hissəsi 1 milyard 970 milyon 540 min
manat təşkil edir. Onun məxaric hissəsi də göstərilən
həcmdədir. Sözügedən rəqəm cari ilin
göstəricisindən təxminən 12,1 faiz çoxdur. DSMF
büdcəsinin mədaxil hissəsi əsasən məcburi
sosial sığorta yığımları hesabına
formalaşdırılır". Hadi Rəcəbli dövlət
büdcəsindən Fonda ayrılacaq transfertlərin həcminin
691 milyon manat olacağını vurğuladı. Bildirdi ki, gələn
ilin əmək pensiyalarının orta aylıq məbləği
118 manat təşkil edəcək və bu, cari ilin analoji
göstəricisindən 14 manat çoxdur. Qeyd etdi ki,
görülən işlər nəticəsində pensiyalar və
sosial sığorta sistemi ilə bağlı vətəndaş
şikayətləri son 5 ildə orta hesabla 2,3 dəfə
azalıb: "Bu rəqəm görülən işlərin
səmərəliliyindən xəbər verir".
Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov bildirdi ki, Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən
siyasət makroiqtisadi sabitliyə yönəlmişdir.
İqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının
maddi rifahını nəzərəçarpacaq dərəcədə
yüksəltməklə yanaşı, sosialyönümlü
bazar iqtisadiyyatının formalaşması ilə
bağlı əhalinin bütün təbəqələrinin
həyat səviyyəsinin
yaxşılaşdırılması üçün
mümkün zəruri tədbirləri gerçəkləşdirir:
"Qlobal maliyyə böhranının davam etdiyi, əksər
ölkələrdə sosial-iqtisadi göstəricilərin
aşağı düşdüyü bir dövrdə cari ilin
yanvar-avqust aylarında ölkəmizdə əhalinin pul gəlirləri
ötən ilin müvafiq dövrü ilə müqayisədə
10,2 faiz, adambaşına düşən gəlir 9,8 faiz,
pensiyaya hesablanmış orta aylıq əməkhaqqı 5,7
faiz, əmək pensiyasının tarif məbləği isə
11,1 faiz artmışdır". Səlim Müslümov cari
ilin 9 ayı üçün Dövlət Sosial Müdafiə
Fondunun gəlirləri və xərcləri barədə də
məlumat verdi: "Fondun gələn il üçün nəzərdə
tutulan büdcə layihəsinin tərtib edilməsi zamanı
Prezident İlham Əliyevin 2009-cu il dekabrın 30-da müvafiq
sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci
illərdə Azərbaycan Respublikasında sığorta
pensiya sisteminin inkişafına dair Dövlət
Proqramı" ilə müəyyən olunmuş əsas məqsəd
və vəzifələr, eləcə də ölkə
iqtisadiyyatının başlıca inkişaf meyilləri və
proqnozları, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il
büdcəsinin icrası üzrə gözlənilən nəticələr,
ölkənin demoqrafik inkişaf meyilləri və
sığorta pensiya sistemində baş vermiş, nəzərdə
tutulan dəyişikliklər əsas
götürülmüşdür". Səlim
Müslümov layihədə Dövlət Sosial Müdafiə
Fondunun gəlir və xərclərinin balans təşkil
etdiyini bildirdi. Onun sözlərinə görə, gələn
il üçün Dövlət Sosial Müdafiə Fondunun
büdcəsinin gəlir və xərclərinin 1 milyard 970
milyon 540 min manat təşkil edəcəyi
planlaşdırılır: "Bu isə cari ilin büdcəsi
ilə müqayisədə 12,1 faiz çoxdur. Gələn il ərzində
əhaliyə ödənişlərin miqdarı bütün
xərclərin 97,3 faizini təşkil edəcək. Bu isə
2010-cu ilin büdcəsinə nisbətən 229,4 milyon manat və
ya 13,6 faiz çoxdur". Dövlət Sosial Müdafiə
Fondunun sədri onu da qeyd etdi ki, maliyyə ödənişlərinin
1 milyard 853 milyon manatını və ya 96,6 faizini pensiya xərcləri,
64,6 milyon manatını və ya 3,4 faizini sosial müavinət
xərcləri təşkil edəcək.
Qısa fasilədən sonra
"Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında"
qanun layihəsi müzakirə olundu. Milli Məclisin Sosial siyasət
komitəsi sədrinin müavini Musa Quliyev DSMF-nin 2011-ci il
büdcəsinin qanunvericiliyin tələblərinə
uyğun hazırlandığını dedi. Eyni zamanda Musa
Quliyev sığortaolunanların sanatoriya-kurort müalicəsi
və sağlamlaşdırma tədbirlərinin həyata
keçirilməsi üzrə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən
xərclərin 13 milyon manatdan 15 milyon manata
çatdırılmasını da təklif etdi.
Deputatlardan Gülər Əhmədova
və Qənirə Paşayeva vətəndaşlara
pensiyaların verilməsi məsələsinə toxunaraq
bankomatların sayının artırılmasının
vacibliyini bildirdilər.
Deputat Siyavuş Novruzov dedi
ki, bu gün Azərbaycanda dövlətin sosial siyasəti
uğurla həyata keçirilir. Pensiyaçılar
pensiyalarını vaxtında alırlar, eləcə də
mütəmadi olaraq pensiyalar artırılır. DSMF-nin
növbəti il üçün də büdcəsi təkmil
hazırlanıb və vətəndaşların maraqlarına
cavab verir.
Deputat Fəzail İbrahimli
bildirdi ki, DSMF-nin 2011-ci il üçün büdcəsi
iqtisadi və elmi cəhətdən kifayət qədər əsaslandırılıb.
Layihə Azərbaycan cəmiyyətinin inkişafına
uyğun hazırlanıb. Fəzail İbrahimli son illərdə
Azərbaycanın sosial təminat sistemində çox ciddi
islahatlar aparılmasını, pensiyaların verilməsində
müasir standartların tətbiq olunmasını təqdir
etdi.
Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov vətəndaşların
pensiya təminatı ilə və DSMF-nin büdcəsinə
transfertlə bağlı fikirlərini bildirdi.
Deputatlardan Əhməd Vəliyev,
Baba Tağıyev, İlyas İsmayılov, Cəmil Həsənli
qanun layihəsi ilə bağlı çıxış etdilər.
Sonra DSMF-nin sədri Səlim
Müslümov deputatların qaldırdıqları məsələlərə
münasibət bildirdi. İlk olaraq deputat Musa Quliyevin təklifinə
toxunan Səlim Müslümov bu məsələnin öz həllini
tapması üçün səy göstəriləcəyini
dedi.
Səlim Müslümov
bankomatlarla bağlı fikirlərə münasibət bildirərək
dedi ki, DSMF dəfələrlə ölkə üzrə
monitorinqlər keçirib. Bu monitorinqlərin nəticəsi
olaraq Azərbaycan Beynəlxalq Bankına və Kapital
İclasda "Azərbaycan
Respublikasında 2011-ci il üçün yaşayış
minimumu haqqında", "Azərbaycan Respublikasında
2011-ci il üçün ehtiyac meyarının həddi
haqqında", "Əlilliyin və uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında",
"Sosial sığorta haqqında", "Məşğulluq
haqqında" Azərbaycan Respublikasının qanunlarına
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
dəyişikliklər və əlavə edilməsi barədə
qanun layihələri də müzakirəyə təqdim
olundu. Qanun layihələri ilə bağlı Milli Məclisin
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat
verdi. Bildirdi ki, respublikamızda 2011-ci il üçün
yaşayış minimumu ölkə üzrə 95 manat, əmək
qabiliyyətli əhali üçün 102 manat,
pensiyaçılar üçün 72 manat, uşaqlar
üçün 76 manat məbləğində müəyyən
edilib. Ünvanlı dövlət sosial yardımının təyin
edilməsi məqsədilə isə 2011-ci ilin
üçün ehtiyac meyarının həddi 75 manat məbləğində
təsdiq edilib.
Müzakirələr
zamanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov,
deputatlardan Siyavuş Novruzov və Aydın Mirzəzadə
qanun layihələri ilə bağlı fikirlərini bildirdilər.
İclasda "Azərbaycan
Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər
smetası haqqında" və "Azərbaycan
Respublikası Hesablama Palatasının 2011-ci il
üçün xərclər smetası haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin qərar layihələri də
müzakirə olundu.
Milli Məclisin İşlər
müdiri Firudin Hacıyev bildirdi ki, Azərbaycan
Respublikasının 2011-ci il üçün dövlət
büdcəsindən Milli Məclisin və onun
Aparatının saxlanılması üçün 17 milyon 566
min 801 manat vəsait nəzərdə tutulub. Milli Məclisin və
onun Aparatının 2011-ci il üçün xərclər
smetasının layihəsi qanunvericilikdə nəzərdə
tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri,
inzibati binaların mühəndis qurğularına xidmət
göstərən təşkilatlarla bağlanmış
müqavilələr və proqnozlar əsasında tərtib
edilib. Xərclər smetasının ümumi dəyərinin
70,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə
əlaqədar ayırmalar təşkil edir. Bundan başqa,
Milli Məclisin 2011-ci il üçün xərclər smetasında
ezamiyyə xərcləri üçün 1 milyon 18 min manat,
rabitə xidmətlərinin haqqının ödənilməsi
üçün 191 min 920 manat nəzərdə tutulur.
Firudin Hacıyev xərclər
smetasının digər istiqamətləri barədə də
ətraflı məlumat verdi.
Hesablama Palatasının sədri
Heydər Əsədov dedi ki, növbəti ildə Hesablama
Palatasının xərcləri üçün dövlət
büdcəsindən 3 milyon 720 min manatın ayrılması nəzərdə
tutulur. Bu vəsait Hesablama Palatasının fəaliyyətinə
tam imkan verir.
İclasın sonunda Milli Məclisin
Sədri Oqtay Əsədov qarşıdan gələn parlament
seçkiləri ilə bağlı namizədliyini irəli
sürmüş şəxslərə təbliğat və təşviqat
kampaniyasında uğurlar arzuladı.
2011-ci ilin dövlət
büdcəsi zərfinə daxil olan məsələlər
Milli Məclisin oktyabrın 22-də keçiriləcək
iclasında səsverməyə çıxarılacaq.
Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 1, 2.