Azərbaycan dəmir yolunun 130 illik yubileyi ilə əlaqədar təntənəli mərasim olmuşdur

 

Azərbaycan dəmir yolunun 130 illik yubileyi ilə əlaqədar oktyabrın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli tədbir təşkil olunmuşdur.

Tədbirdə çıxış edən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov ölkə dəmir yollarının tarixindən, bu nəqliyyat sahəsində əldə olunmuş nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, hazırda Azərbaycanda dəmir yollarının ümumi uzunluğu 2 min 930 kilometr, istismar uzunluğu isə 2 min 100 kilometrdir.

A.Əsgərov demişdir ki, hələ keçmiş sovet ittifaqı illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ən böyük çeşidləyici stansiyalardan biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri inşa edilərək istismara verilmişdi.

Ümumiyyətlə, ulu öndərin Azərbaycana rəhbərliyi dövründə qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr genişləndirilmiş, Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov, Tümen, Mahaçqala, Ukraynanın Kiyev, Xarkov, Gürcüstanın Tbilisi, habelə İranın Təbriz şəhərlərinə sərnişin qatarları, yük daşımaları bərpa edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşmasında fəal iştirak edir. QSC-nin sədri yaxın beş ildə ölkəmizdə dəmir yol nəqliyyatının inkişaf strategiyasını müəyyənləşdirən "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın qəbul olunduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, "Dəmir yolu ticarətinin və nəqliyyatın dəstəklənməsi layihəsi" çərçivəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında 450 milyon ABŞ dolları, Çexiyanın İxrac Bankı ilə 215 milyon avro məbləğində kredit müqavilələri imzalanmışdır.

Nəqliyyat nazirinin müavini Musa Pənahov Prezident İlham Əliyevin Azərbaycan dəmir yolunun 130 illik yubileyi ilə əlaqədar ölkənin nəqliyyat sisteminin inkişafında göstərdiyi xidmətlərə görə QSC-nin bir qrup əməkdaşını fəxri adlarla təltif etdiyini diqqətə çatdırmışdır. O demişdir ki, Azərbaycan bu gün nəhəng nəqliyyat layihələrini həyata keçirməklə beynəlxalq aləmə inteqrasiya olunur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması Azərbaycanın regionda nüfuzunu daha da artıracaq, ölkəmizi Avropa ilə Asiyanın qovuşuğunda əhəmiyyətli tranzit məkana çevirəcəkdir.

"Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Vadim Morozov təmsil etdiyi cəmiyyətin prezidenti Vladimir Yakuninin yubiley münasibətilə təbrik məktubunu oxumuşdur. Bildirmişdir ki, bu gün Azərbaycan dəmir yolları Avrasiya məkanında yük və sərnişin daşımalarının dünya standartlarına uyğun həyata keçirilməsində mühüm rol oynayır. Natiq Azərbaycanın MDB-də vahid nəqliyyat məkanının formalaşmasında böyük əhəmiyyətini vurğulamış, Rusiyanın dəmir yolları sahəsində Azərbaycanı sabit və etibarlı tərəfdaş kimi dəyərləndirdiyini söyləmişdir.

Sonra o, "Rusiya Dəmir Yolları" ASC-nin prezidenti adından "Azərbaycan Dəmir Yolları" ASC-nin bir qrup əməkdaşını fəxri medallarla təltif etmişdir.

Mərasim incəsənət ustalarının konserti ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 3.