Bakıda MDB-nin humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu keçirilmişdir

 

Oktyabrın 13-də Bakı Dövlət Universitetində (BDU) MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının forumu işini davam etdirmişdir.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən forum iştirakçıları məzarların üzərinə güllər qoymuşlar.

Sonra BDU-da işini davam etdirən forumda iştirakçıların təqdimatı keçirilmişdir.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov forum iştirakçılarını salamlamış, belə bir tədbirin ilk dəfə Bakıda keçirilməsini yüksək qiymətləndirmiş, onun əhəmiyyətini vurğulamışdır.

Müstəqillik illərində Azərbaycanda təhsil sahəsində aparılmış köklü islahatlar barəsində iştirakçılara məlumat verən nazir bunun 1993-cü ildən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladığını vurğulamışdır. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan geniş quruculuq işlərindən danışan M.Mərdanov bu inkişafın təhsil sahəsində də təcəssüm tapdığını, 2 mindən çox məktəbin inşa edildiyini, təhsilin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etmişdir. Təhsilin informasiyalaşdırılmasına, müasir texnoloji vasitələrin tətbiqinə geniş yer verildiyini bildirən nazir, hazırda ölkə üzrə hər 20 şagirdə 1 kompüter düşdüyünü diqqətə çatdırmışdır. Bu sahədə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu, həyata keçirdiyi layihələr xüsusi vurğulanmışdır.

Forum iştirakçılarına Azərbaycanda ali təhsilin inkişafı istiqamətində görülən işlər barəsində də ətraflı məlumat verilmişdir.

MDB humanitar universitetləri rektorlarının və humanitar fakültə dekanlarının Bakı forumunun sahə üzrə əlaqələrin inkişafı, mövcud problemlərin təhlili və onların aradan qaldırılmasının yollarının araşdırılması istiqamətində mühüm rolunu vurğulayan nazir beynəlxalq tədbirin işinə uğurlar arzulamışdır.

Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin nümayəndəsi Ənvər Şeyxov forum iştirakçılarını Agentliyin rəhbəri Farit Muxametşinin adından salamlamış, onun təbrik məktubunu oxumuşdur.

Federal Agentliyin bu il 85 yaşını qeyd etdiyini forum iştirakçılarının diqqqətinə çatdıran Ə.Şeyxov qurumun həm MDB daxilində, həm də digər ölkələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat vermişdir.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar rəhbərlik etdiyi təşkilat adından Azərbaycan hökumətinə beynəlxalq tədbirin ilk dəfə Bakıda keçirilməsinə göstərdiyi köməyə görə minnətdarlığını çatdırmışdır.

Y.Pivovar Rusiya Rektorlar İttifaqının, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin foruma təbrik məktubları ilə iştirakçıları tanış etmişdir.

Forumun gündəliyi təsdiq edildikdən sonra Yefim Pivovar "MDB dövlətlərində humanitar təhsil: problemlər və inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Nahardan sonra forum işini "MDB dövlətlərinin humanitariyaları arasında əməkdaşlığın istiqamətləri və perspektivləri" mövzusunda "dəyirmi masa"da davam etdirmişdir. "Dəyirmi masa"da qeyd olunmuşdur ki, forum yalnız humanitar universitetlər deyil, eyni zamanda, MDB xalqları arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına müsbət təsirini göstərəcəkdir.

MDB ölkələrinin humanitar sahə universitetlərinin əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə Forumun daimi fəaliyyət göstərməsi, onun internet-portalının yaradılması, müvafiq sahələr üzrə ekspert komissiyalarının, illik elmi nəşrin yaradılması barədə qərar qəbul edilmiş, bu beynəlxalq tədbirin ardıcıl təşkili isə Əlaqələndirmə Şurasına həvalə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 3.