Strasburqda Azərbaycanla bağlı növbəti radio verilişi səslənmişdir

 

Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi" və Azərbaycan Mədəni Əlaqələr Dərnəyinin təşəbbüsü ilə ayda bir dəfə bazar günləri ölkəmizlə bağlı fransız dilində gedən radio verilişinin oktyabrda növbəti buraxılışı səslənmişdir. Verilişin aparıcıları - "Azərbaycan evi"nin sədri Mustafa Alınca və Strasburq Universitetində təhsil alan tələbə Şahin Hüseynli iki saatlıq verilişin "Beynəlxalq əlaqələr" bölməsində Xəzər dənizinin qaz ehtiyatının Avropaya nəql edilməsi sahəsində Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri arasında bağlanmış AGRİ müqaviləsindən, Prezident İlham Əliyevin türkdilli dövlətlərin başçılarının X zirvə toplantısında iştirak etmək üçün İstanbula səfərindən, Birləşmiş Millətlər Təşkilatının yığıncağı ilə əlaqədar ABŞ-a səfəri çərçivəsində bu ölkənin Prezidenti Barak Obama ilə görüşündən bəhs etmiş, Dünya Bankının vitse-prezidentini və Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqanı qəbul etməsi barədə fransız dinləyicilərə ətraflı məlumat vermişlər.

Verilişin "Daxili siyasət" bölməsində noyabrın 7-də ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi, son vaxtlar respublikamızın həyatında baş vermiş mühüm yeniliklər və hadisələr barədə danışılmışdır.

Aparıcılar verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini geniş şərh etmiş, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Xankəndiyə səfərinin nəticələri barədə verdiyi müsahibəsindən söz açmışlar.

"Fransadan görünüş" bölümündə Fransanın "Mondeo" nəşriyyatı tərəfindən çap olunmuş "Azərbaycan" bələdçi-kitabçası haqqında məlumat verilmiş, ARTE televiziya kanalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı getmiş verilişə münasibət bildirilmişdir.

Verilişdə, həmçinin, ölkəmizdə nəşr olunan qəzetlərin xülasəsindən bəhs edilmişdir.

"Razılaşmalar və müqavilələr" hissəsində Fransa ilə Azərbaycan arasında müxtəlif sahələrdə əldə edilmiş razılaşmalardan və bağlanmış müqavilələrdən söhbət açılmışdır.

Verilişin sonunda "Milli bayramlar" rubrikası altında oktyabrın 18-də qeyd olunacaq Müstəqillik Günü barədə fransız dinləyicilərə ətraflı məlumat verilmişdir.

Veriliş xalqımızın milli dəyəri olan musiqi parçaları ilə müşayiət olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 7.