VƏTƏN! - DESİN!
Bu gün gərək
Hər anımız Vətən! - desin.
Qılıncımız, qalxanımız
Vətən! - desin
Təxminimiz, gümanımız,
Vətən! - desin!
Ölənlərin əvəzinə
Qalanımız - Vətən! - desin.
Vətən, - desin!
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harda olaq
Zamanımız, məkanımız
Vətən! - desin!
Çox yatdıq,
çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı,
Çaylarımız, göllərimiz oğurlandı.
Oğurlatdıq!
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr,
nələr oğurlanıb.
Yer üstündə
xəzinələr,
Yer altında
dəfinələr
oğurlanıb!
Qoca millət,
hər andımız,
amanımız,
Əgər varsa,
Zərrə qədər
imanımız,
İmanımız - Vətən!
- desin.
Hər yaxşımız,
yamanımız
Vətən! - desin!
Bu nə
səsdi, nə hənirdi
Vətən deyir,
O, Xocalı
harayıdı,
O, Xocalı
dərdidi
Vətən deyir.
Xəndəklərdə dəfn
olunmuş
Əsir qoca Vətən deyir.
Əli kəsik,
dili kəsik
Uşaqlar var - hələ dustaq,
Körpə dustaq, Vətən! - deyir.
Bu nə
külək, bu nə bulud,
Bu nə
yağış, bu nə qardı? -
Didərginlər üzərində
susub durdu.
Vətən - dedi!
Mürgüləsən, qoca millət:
Daha möhkəm,
daha ötkəm
gəlsin səsin,
Vətən! - desin!
Qoca millət,
Bu gün
gərək
Hər anımız
Vətən! - desin.
Məmməd Araz
Azərbaycan.- 2010.- 14 oktyabr.- S. 8.