Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılışı olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilən mərkəzdə Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır.

 Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında da olmuş, onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra, 2007-ci ildə tikinti işlərinə başlanmışdır.

Layihəyə əsasən kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana, döşəməsi NBA standartlarına uyğun olan 391 tamaşaçı yerlik idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar daxildir. Bazanın ərazisində abadlıq işləri aparılmış və istirahət guşələri yaradılmışdır. Bazadan istifadə etmək barədə xarici ölkələrdən müraciətlər daxil olur. Artıq üç ildir ki, bazanın yardımçı hissəsində avarçəkmə üzrə "Prezident kuboku" beynəlxalq reqatası keçirilir.

 Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hovuza, idman zalına, anqara baxdılar, motorlu qayıqda Kür çayının bu hissəsini gəzdilər.

Dövlətimizin başçısı və xanımı 1875-ci ildə əkilən qovaq ağacı qarşısında xatirə şəkli çəkdirdilər.

Sonra dövlətimizin başçısı və xanımı hündürlüyü 40 metr olan yarışları müşahidə qülləsi ilə tanış oldular. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar vardır.

Prezident İlham Əliyev və xanımı qüllədən avarçəkənlərin məşqinə baxdılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 1.