Prezident İlham Əliyev yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak etmişdir

 

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yenidən qurulmuş Mingəçevir-Xaldan yolunun açılışında iştirak etmişlər.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yolun yenidən qurulması işləri bu il həyata keçirilmişdir. Uzunluğu 21 kilometr olan yol üçüncü dərəcəlidir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Torpaq yatağı ilə birlikdə yolun eni 12 metrə bərabərdir. Bu yolun region üçün strateji əhəmiyyəti böyükdür. Çünki bu yol Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 263-cü kilometri ilə Mingəçevir şəhərini birləşdirir. Bundan əlavə, Mingəçevir şəhərinin paytaxtla, həmçinin respublikanın şimal-qərb bölgəsi ilə nəqliyyat əlaqəsini təmin edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan Gəncə-Qazax regionuna və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edir.

Dövlətimizin başçısı və xanımı Mingəçevir şəhərinin yeni inşa olunan giriş qapılarına da baxdılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 4.