Moskvada MDB ölkələri
yaradıcı və elmi
ziyalılarının V Forumu keçirilir
Moskvada Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil olunmuş MDB ölkələri yaradıcı və elmi ziyalılarının V Forumu açılmışdır.
Forumun açılış mərasimində çıxış edən Rusiya Prezidenti Dmitri Medvedev bildirmişdir ki, gələn il Birliyin yaranmasının 20 ili qeyd olunacaqdır. O demişdir: "MDB bütün üstün və çatışmayan cəhətlərinə baxmayaraq, bizim onu görmək istədiyimiz kimi, gənclərimizin onu görmək istədiyi kimi olacaqdır".
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, bu gün Azərbaycan iqtisadi uğurların insan kapitalı fenomeninə çevrilməsinə yönəldilmiş çoxsaylı proqramların və layihələrin həyata keçirilməsində iştirak edərək, humanitar əməkdaşlığın üfüqlərini ardıcıl şəkildə genişləndirir. Müraciətdə deyilir: "Bizim hamımız üçün aydındır ki, hazırda biliklərə əsaslanan iqtisadiyyat gözəl metaforadan elmdə və təhsildə köklü dəyişikliklər tələb edən reallığa çevrilmişdir. Məhz buna görə ümumi problemlərimizin həlli üçün bu cür humanitar əməkdaşlıq forumları xüsusi əhəmiyyət kəsb edir".
Azərbaycan səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu iştirakçılara Fondun fəaliyyəti və uğurları barədə məlumat vermişdir. Onun sözlərinə görə, Fondun fəaliyyətini Birlik ölkələri arasında münasibətlərin ən yeni tarixinin prinsipcə yeni əməkdaşlıq modeli kimi qiymətləndirmək olar. Diplomat demişdir: "MDB ölkələrinin dövlət başçılarının fəal dəstəklədiyi Fond millətlərarası humanitar məkanın, dövlətlərarası və millətlərarası əlaqələrin ən geniş aktuallıq kəsb edən humanitar aksiyalar vasitəsilə möhkəmləndirilməsinin ayrılmaz hissəsi olmuşdur".
Polad Bülbüloğlu vurğulamışdır ki, Azərbaycan MDB qurumlarında, o cümlədən DHƏF-də çox fəal iştirak edir. Fondun çərçivə strategiyası YUNESKO-nun və digər mötəbər təşkilatların baza prinsipləri əsasında qurulmuşdur.
Birliyin bütün ölkələrindən 500-dən çox nümayəndənin iştirak etdiyi foruma Azərbaycanın yaradıcı ziyalılarının təmsilçiləri də qatılmışlar.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 4.