Almaniya ilə hüquqi
əməkdaşlıq çərçivəsində birgə
tədbirlər keçirilir
Azərbaycanda Avropanın qabaqcıl dövlətləri ilə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. Respublikamızın ədliyyə naziri Fikrət Məmmədov 2009-cu ildə Almaniya federal ədliyyə nazirinin dəvəti ilə bu ölkədə səfərdə olmuş, iki ölkənin ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair birgə bəyanat imzalanmışdır. Bəyanatın implementasiyası ilə bağlı Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktoru ölkəmizə səfər etmişdir.
Səfər zamanı konkret tədbirlərin keçirilməsi
müzakirə olunmuşdur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Almaniya Federal Ədliyyə Nazirliyinin dəvəti ilə "Məhkəmə qərarlarının və cəzaların icra olunması üzrə təcrübə mübadiləsi" mövzusunda seminarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Berlinə səfər etmişdir. Nümayəndə heyəti Ədliyyə Nazirliyi icra və penitensiar xidmətlərinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəhbər işçilərindən, habelə hakimlərdən ibarət olmuşdur.
Seminarda icra məmurlarının fəaliyyəti və azadlıqdan məhrumetmə ilə əlaqədar olan cəzaların icrası təcrübəsi ətrafında faydalı fikir mübadiləsi aparılmış, ölkəmizdə ədliyyə sistemində aparılan islahatlara, o cümlədən müasir penitensiar infrastrukturun yaradılmasına, habelə icra işinin daha da yaxşılaşdırılması və bu sahədə yeni mütərəqqi qanunvericiliyin qəbul olunmasına böyük maraq göstərilmişdir. Bununla əlaqədar alman mütəxəssislər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana dəvət olunmuşlar.
Tədbir çərçivəsində nümayəndə heyətimiz Federal Ədliyyə Nazirliyinin fəaliyyəti ilə tanış olmuş, əməkdaşlığa dair məsələləri müzakirə etmişdir.
Azərbaycan hüquqşünasları respublikamızda müasir penitensiar komplekslərin inşası ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübədən bəhrələnmək üçün səfər zamanı Berlində Şarlottenburq cəzaçəkmə müəssisəsinə də baş çəkmiş, burada yaradılmış şəraitlə tanış olmuşlar.
Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 4.