İnkişafın Azərbaycan modeli

 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi yüksəliş strategiyası ölkəmizin inkişaf etmiş dövlətlər sırasına qoşulmasına hesablanmışdır

 

"Azərbaycanda iqtisadi sahədə keçid dövrü artıq başa çatmışdır. Biz inkişaf etmiş ölkələrin sırasına daxil olmalıyıq və qarşımıza bu məqsəd qoyulubdur. Biz bu məqsədə çatacağıq".

 

İlham ƏLİYEV

 

İnkişafının sürətli dövrünü yaşayan Azərbaycan tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempinə görə nəinki regionda, həm də dünya coğrafiyasında lider mövqeyə yüksəlmişdir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın bu sahədə qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırlması, onların milli maraqları təmin edəcək uğurlu vəhdətinin yaradılması olmuşdur. Məhz bunun nəticəsidir ki, ötən il özünün zirvə nöqtəsinə çatan, əvvəlcə maliyyə, daha sonra isə iqtisadiyyatın real sektorunu bürüyən qlobal böhranın Azərbaycana təsirləri minimal xarakter daşımış, 2009-cu ilin yekunları üzrə ölkəmizdə ümumi daxili məhsulun 9,3 faizlik artımı qeydə alınmışdır.

 

Azərbaycanın dinamik templərlə iqtisadi tərəqqisini özündə ehtiva edən inkişaf strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu öndərin hakimiyyətə gəlişi ilə öz həqiqi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanmışdır. Zaman bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü, Azərbaycanın hərtərəfli tərəqqisini təmin etdiyini konkret nəticələr əsasında təsdiqləmişdir.

Məhz Heydər Əliyevin sayəsində müstəqilliyin ilk illərində dövlət suverenliyinin itirilməsi təhlükəsi də daxil olmaqla, iqtisadi, siyasi və digər sferalarda özünü göstərən problemləri dəf etmək və Azərbaycanı yeni inkişaf yoluna çıxarmaq mümkün olmuşdur. Beləliklə, ölkəmizin tarixi taleyini müəyyən edən ümummilli lider müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələrin Azərbaycanı üz-üzə qoyduğu böyük təhlükələr, çətinliklər, o cümlədən sosial-iqtisadi problemlər məngənəsindən xilas etmiş, dövlətçiliyimizi ağır və sərt sınaqlardan çıxararaq dönməz müstəqilliyinə qovuşdurmuşdur.

Ulu öndərin hakimiyyətə qayıdışına qədər isə ölkədə sosial-iqtisadi problemlərin miqyası durmadan genişlənir, yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulması üçün zəruri tədbirlərin görülməsi, müvafiq islahatlara başlanması prosesi yerində sayırdı. Halbuki ölkənin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrilmişdi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü olsa da, hakimiyyətdə olan və daha çox şəxsi mənafeləri uğrunda mübarizə aparan qüvvələr bu sınaqdan çıxa bilməmişlər. Belə ki, SSRİ-nin süqutundan sonra yerli və ittifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin pozulması, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğalı, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması sosial-iqtisadi həyatda xaosa gətirib çıxarmışdı.

Bu dövrün iqtisadi mənzərəsi həmin illərin makroiqtisadi göstəricilərində daha aydın görünür. 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ümumi daxili məhsul (ÜDM) hər il orta hesabla 16,5 faiz azalmışdır. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50 faizə qədər aşağı düşmüşdü. Ölkə istehsal potensialının demək olar ki, üçdə iki hissəsini itirmişdi.

1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq 1994-cü ildə 1764 faizə çatmış, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə qədər artmış, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdür. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqısı isə 5,7 dəfə azalmışdı.

Yalnız ümummilli liderin yenidən hakimiyyətə qayıtmasından sonra ölkədə siyasi sabitlik bərqərar oldu, iqtisadi tənəzzülün qarşısı alındı, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı. Müstəqil dövlət quruculuğu prosesinə başlanması fonunda iqtisadi tərəqqinin yeni istiqaməti yarandı, bu məqsədlə müvafiq inkişaf konsepsiyaları, sənəd və proqramlar qəbul olundu.

1994-cü ildə dünyanın aparıcı transmilli neft şirkətləri ilə yeni tariximizə "Əsrin müqaviləsi" kimi daxil olan möhtəşəm müqavilə imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Digər tərəfdən Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fondun fəaliyyətinin başlıca məramı neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərinin indiki və gələcək nəsillərin mənafeyi naminə səmərəli idarə edilməsidir. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü təşkilatının tamhüquqlu üzvüdür. Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə ölkəmizə "2009-cu il Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsü mükafatı" təqdim olunmuşdur.

Ulu öndərin rəhbərliyi altında neft sektoru ilə yanaşı, eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Belə ki, bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlıq sinfi formalaşdı. Özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi sürətlə artmağa başladı. Dayanıqlı və davamlı xarakterə malik iqtisadi yüksəliş ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması ilə müşahidə olundu. Bütün bunlar ictimai tərəqqi prosesini sürətləndirməklə bərabər, siyasi, sosial-iqtisadi sabitliyi daha da möhkəmləndirdi, dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanın yeni nailiyyətlərə imza atmasını şərtləndirdi.

Görülən genişmiqyaslı işlərin nəticəsi olaraq 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

1993-2003-cü illərdə sabit inkişaf yoluna qədəm qoymuş Azərbaycanın əldə etdiyi nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik tərəqqisi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasını zamanın tələblərinə cavab verən yeni çalarlarla zənginləşdirərək uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmzin iqtisadi inkişafı daha da sürətlənmiş, özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində yeni uğurlara imza atılmışdır. Cənab İlham Əliyevin Azərbaycanın dövlət başçısı olaraq iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük və qoyulan məsələlərin həllində iqtisadi aspektin mövcudluğu faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin imzaladığı ilk fərman və sərəncamlarda ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər xüsusi yer tutur. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni yüzillikdə Azərbaycan iqtisadiyyatı obyektiv qanunauyğunluqları, mütərəqqi dünya təcrübəsini, bazar iqtisadiyyatı prinsiplərini tamamilə özündə ehtiva edən və irimiqyaslı islahatlarla müşayiət olunmaqla zamanın çağırışlarına cavab verən növbəti inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycan Prezidenti tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Bu məqsədlərə nail olmaq üçün regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və bir sıra sahəvi dövlət proqramları qəbul edilmişdir və hazırda uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digərləri buna konkret misal olaraq göstərilə bilər.

Danılmaz həqiqətdir ki, ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olmuşdur. Regionların iqtisadi inkişafına dair ilk proqramın uğurla başa çatmasından sonra qəbul olunmuş ikinci Dövlət Proqramının 2009-cu ildə icrasına başlanılması qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, bununla əhalinin məşğulluğunun artırılmasına və yoxsulluğun azaldılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə, iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan vermiş, bu istiqamətdə geniş imkanlar açmışdır. Bu kontekstdə xüsusi diqqət cəlb edən məqamlardan biri isə Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərləri, burada əhali ilə keçirilən görüşləri, eləcə də yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsidir. Bu isə dövlət başçısının regionların inkişafına xüsusi diqqət və qayğısının, dövlət proqramlarının icrasına birbaşa nəzarətinin daha bir göstəricisidir.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş və əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin edilmişdir. Bu sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının, mineral gübrələrin fermerlərə güzəştlə satılması, onların güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişafı üçün lizinq xidmətləri, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçilərinin vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilməsi də bu sahənin inkişafında mühüm rol oynayır.

Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizdən çox olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır.

Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tədbiqi, sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.

2009-cu ildə Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini müvəffəqiyyətlə başa çatdırması təbii olaraq ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirir ki, burada mühüm xüsusiyyətlərdən biri iqtisadiyyatda sahibkarlıq fəaliyyətinin rolunun daha da güclənməsidir. Sahibkarlığa hərtərəfli dövlət dəstəyinin göstərilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu, makroiqtisadi sabitliyin qorunub saxlanılması baxımından zəruri əhəmiyyət kəsb etməklə yanaşı, sahibkarların uzunmüddətli və ucuz kreditlərin alınmasına çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi kontekstində özəl bölmənin inkişafına əlavə impuls verir. Sahibkarlığın ölkənin iqtisadi həyatında əsas qüvvəyə çevrildiyi bir vaxtda "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi yeni, rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasında, qeyri-neft məhsullarının ixracının artmasında, ümumilikdə isə özəl bölmənin inkişafının daha da sürətlənməsində əhəmiyyətli rol oynayacaqdır.

Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 80 milyard dollardan çoxdur ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB məkanında və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan, artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.

Azərbaycanın iqtisadi inkişafında hər zaman sosialyönümlüyün gözlənilməsi ilə əlaqədar olaraq ötən illər ərzində görülən məqsədyönlü tədbirlər hesabına ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli təşəkkül tapmışdır. 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 6,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiya 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 4 dəfədən çox azalaraq 11 faizə enmişdir. İndiyədək 900 mindən çox yeni iş yeri açılmışdır.

Ölkəmizin sosial müdafiə modelinin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunması və bu sahədə islahatların davam etdirilməsi Prezident İlham Əliyevin böyük önəm verdiyi məsələlərdəndir. Təsadüfi deyildir ki, 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sistemi beynəlxalq model kimi qiymətləndirilmişdir. Bundan başqa, Dünya Bankının tövsiyəsinə əsasən, bankın layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələri Azərbaycan təcrübəsini öyrənməyə başlamışlar.

Azərbaycanda əhalinin sosial müdafiəsinin güclənməsi ilə yanaşı, təhsil, səhiyyə sisteminin inkişafına da xüsusi diqqət yetirilir. Təkcə onu demək kifayətdir ki, son 6 ildə 2 minədək məktəb tikilmişdir ki, bu da ümumi məktəblərin 40 faizindən çoxdur. Paytaxt və regionlarda müasir standartlara cavab verən yeni tibbi diaqnostika mərkəzləri və xəstəxanalar tikilir, əvvəl mövcud olanlar isə əsaslı şəkildə təmir olunur. Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin daimi nəzarəti altında həyata keçirilən ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı çərçivəsində Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ilin sonunda tam istehsal gücü ilə fəaliyyətə başlayacaqdır. Tullantıların yandırılması nəticəsində ildə 231,5 milyon kVt-saat elektrik enerjisi əldə ediləcəkdir. Bununla yanaşı, Balaxanı poliqonu yenidən qurulmuş, ərazidə baş verən yanğın və tüstülənmə hallarının qarşısı tamamilə alınmış, poliqonətrafı ərazilər yaşıllaşdırılmışdır.

Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi üçün Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilmişdir. Bakı-Tbilisi-Qars dəmiryolunun inşası nəticəsində Avropa və Asiya arasında birbaşa dəmiryolu əlaqəsinin yaradılması və Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmiryolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Son dövrlərdə müasir tipli 12 yeni elektrik stansiyası tikilib istifadəyə verilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ümumilikdə ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, ölkə ərazisinin 85 faizdən çoxu qazlaşdırılmış, Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir.

Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır. Bu günlərdə Azərbaycan, Gürcüstan, Rumınya və Macarıstan dövlətləri arasında imzalanmış AGRİ layihəsinə dair Bakı Bəyannaməsi bu istiqamətdə növbəti əhəmiyyətli addımdır. Layihənin əsas fərqləndirici xüsusiyyəti Azərbaycanın təbii qazının yeni - sıxılmış formada Avropa bazarlarına nəqlidir. Bu, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində rolunu gücləndirməklə yanaşı, dünya təbii qaz bazarında əsas iştirakçılardan birinə çevrilməsinə xidmət edən növbəti mühüm addımdır.

Qazanılmış uğurlar Azərbaycanın ticarət, xüsusilə ixrac potensialının artmasını təmin etmiş, neft məhsulları ilə yanaşı, qeyri-neft məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və ölkəmizin Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaratmışdır. Belə ki, 2009-cu ildə 140-a yaxın ölkə ilə ticarət əlaqələri qurulmuş, 2004-cü illə müqayisədə ümumi ticarət dövriyyəsi 2,9 dəfə, o cümlədən ixrac 4,1 dəfə, idxal isə 1,7 dəfə artmışdır. İxracın diversifikasiyası istiqamətində uğurlar əldə edilmiş və qeyri-neft məhsullarının ixracı 1,9 dəfə çox olmuşdur. Xarici ticarət əlaqələrində Avropa İttifaqı ölkələri xüsusi yer tutur və xarici ticarət dövriyyəsində bu ölkələrin payı 40 faizə yaxındır.

Qeyd etmək yerinə düşərdi ki, bu ilin 8 ayı ərzində 18 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faiz çoxdur.

Beləliklə, yaradılmış münbit şərait, davamlı və sürətli iqtisadi inkişaf nəticəsində ölkəmizdə 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi 26 milyard ABŞ dollarını ötmüşdür ki, bu da xarici dövlət borcundan 8 dəfə çoxdur. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir. Ötən illərin təhlili regionun iqtisadiyyatında ölkəmizin xüsusi çəkisinin daim yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

İqtisadi inkişaf sahəsində Azərbaycan modelinin kifayət qədər uğurlu olduğunu son illərin qlobal maliyyə-iqtisadi böhranı da bir daha təsdiq etdi. Belə ki, qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etdi və yuxarıda qeyd edildiyi kimi, ÜDM 9,3 faiz artdı.

Bunun və ümumilikdə Azərbaycan iqtisadiyyatının qlobal maliyyə və iqtisadi böhrana qarşı dayanıqlığının əsas səbəbi son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası, toplanmış maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, dövlət başçısı tərəfindən vaxtında irəli sürülmüş səmərəli antiböhran tədbirlərinin reallaşdırılması, o cümlədən sahibkarlığa dövlət dəstəyi, real sektora investisiya qoyuluşları, manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılması və digər addımlarla bağlı olmuşdur.

Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması, konstruktiv borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, 2010-cu ilin mayında ölkəmizə ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən "sabit" investisiya reytinqi verilmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqeyini qoruyub saxlamışdır.

Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan ötən il olduğu kimi, bu il də MDB ölkələri arasında liderdir. "Standard and Poor's" beynəlxalq reytinq agentliyi isə ölkə iqtisadiyyatını əks etdirən göstəricini "Stabil"dən "Pozitiv"ə yüksəltmişdir.

Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Ölkə rəhbərinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədilə:

● Makroiqtisadi sabitlik qorunub saxlanılacaq;

● Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək;

● İqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq;

● Biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcəkdir.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının tələblərinə uyğun olan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verəcəkdir.

Qarşıdakı illərin sosial-iqtisadi proqnozları da ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Belə ki, ÜDM-in həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq. Ümumiyyətlə, 2011-ci ildə əhalinin gəlirləri 29,8 milyard manat, 2014-cü ildə isə 44,5 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, misilsiz fəaliyyəti iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş ölkəmizin qarşısında inkişaf etmiş dövlətlər sırasına daxil olmaq üçün geniş imkanlar açır. Heç şübhəsiz ki, dövlət başçısının siyasi iradəsi və ölkəmizin böyük iqtisadi potensialı bu məqsədin reallaşmasını təmin edəcəkdir.

Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ötən 7 ili genişmiqyaslı uğurlarla, bütün sahələr üzrə qazanılan nailiyyətlərlə əlamətdar olmuşdur. Bu müvəffəqiyyətlər ölkə rəhbərinin müdrik siyasəti və xalqın Heydər Əliyev siyasi kursuna - İlham Əliyev missiyasına sonsuz etimadı nəticəsində əldə olunmuşdur. Prezident İlham Əliyevin "əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - amalı və bu prinsipin uğurlu nəticələri Azərbaycanın qarşıdakı illərdə də sürətli inkişafı və dinamik yüksəlişi üçün möhkəm zəmin yaratmışdır.

 

 

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının

iqtisadi inkişaf naziri

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S.  5.