Etibarlı sosial müdafiənin təmininə
xidmət edən mükəmməl siyasət
"Azərbaycanda çox güclü sosial siyasət aparılır. Sosial siyasət bizim ümumi siyasətimizin əsas istiqamətlərindən biridir. Azərbaycanın artan iqtisadi imkanları gücümüzü artırır və beləliklə, sosial siyasəti daha da uğurlu aparmaq üçün bizə şərait yaradır. Biz çalışırıq ki, bütün sosial məsələlər vaxtında və yüksək səviyyədə həllini tapsın".
İlham ƏLİYEV
Bəşəriyyətin inkişaf tarixi belə bir həqiqəti dəfələrlə sübuta yetirmişdir ki, istənilən dövlətin sürətli və hərtərəfli tərəqqisini şərtləndirən ən mühüm amillərdən biri ədalətli sosial quruluşun, iqtisadi və sosial qaydalara uyğun olaraq istər fərd, istərsə də toplum halında götürülmüş vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsidir. İnkişafın əsas məqsədi kimi cəmiyyətin rifah halının yüksəldilməsinin ön plana çıxarılması, maddi nemətlərin ədalətlilik prinsipləri əsasında bölüşdürülməsi, əhalinin etibarlı və davamlı sosial müdafiəsinin təmin olunması tərəqqi strategiyasının ən mühüm baza elementini təşkil edir. Möhkəm özüllər üzərində qurulmuş daxili sabitliyə, cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsinə, iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq həyat səviyyəsinin yüksəldilməsinə yol açan mühüm amillərdən biri də sosial sferada və məşğulluq sahəsində həyata keçirilən effektli dövlət siyasətidir.
XX əsrin son onilliyində kifayət qədər mürəkkəb bir şəraitdə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycanda ilk vaxtlarda səriştəsiz qüvvələrin hakimiyyətə gəlməsi, əsas diqqətin şəxsi mənafelərə yönəlməsi nəticəsində dövlətin ən mühüm vəzifəsi olan əhalinin sosial müdafiəsi məsələsi tamamilə arxa plana keçmişdi. Digər tərəfdən, Ermənistanın ölkəmizə təcavüzü, ictimai-siyasi proseslərin hər keçən gün daha gərgin məcrada inkişaf etməsi, ölkə iqtisadiyyatında idarəetmə və istehsal nizamının pozulması, keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin qırılması, eləcə də bu qəbildən olan digər hallar vəziyyəti getdikcə ağırlaşdırırdı. İşçilərin kütləvi surətdə işdən azad edilməsi, əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əməkhaqqının səviyyəsinin real ifadədə aşağı düşməsi, inflyasiya prosesinin durmadan sürətlənərək hiperinflyasiyaya çevrilməsi sosial-iqtisadi çətinliklərin miqyasını daha da genişləndirirdi.
Bütün bunlara görə artıq öz suverenliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan xalqı çıxış yolunu nüfuzlu dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasında gördü. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər milli dövlətçilik konsepsiyasının əsasını qoymaqla, onun inkişafına təkan verdi, iqtisadi və siyasi böhranların qarşısı alındı, ölkədə daxili sabitlik təmin olundu. Dövlətçilik tarixinin yeni mərhələsinə başlayan Azərbaycan iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoydu. Məhz Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, müdrikliyi, uzaqgörənliyi, hadisələrin axarına müsbət təsiri dinamik inkişafa nail olan, beynəlxalq hüququn tam müstəqil subyektinə çevrilən müasir Azərbaycanın adının dünyanın siyasi tarixinə əbədilik yazılmasına səbəb oldu.
Məhz dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçid prosesi başlandı, iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə start verildi. Bu zaman mülkiyyətin müxtəlif formalarla həyata keçirilməsi, əmək şərtlərinin müəyyən edilməsi, müqavilələrin xüsusi əhəmiyyət kəsb etməsi, əməyə aid beynəlxalq normativ aktların, eləcə də yeni əmək münasibətlərinin yaranması prosesi də xüsusi diqqət mərkəzində yer alırdı. Davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycan iqtisadiyyatının fərqləndirici xüsusiyyətlərindən biri onun sosialyönümlü xarakter almasında idi. Artıq aparılan islahatlar, iqtisadi inkişafın əsası qoyulmuş Azərbaycan modelinin həyatqabiliyyətli olması və yüksək səmərəliliyi sosial problemlərin uğurlu həllində mühüm əhəmiyyət kəsb edirdi. Artan iqtisadi imkanlar fonunda əhalinin sosial müdafiəsinin davamlı olaraq yaxşılaşmasına hər zaman xüsusi diqqət yetirən ulu öndər demişdi: "Müstəqil dövlət olan Azərbaycan hüquqi demokratik dövlət quruculuğu yolu ilə, iqtisadiyyat sahəsində islahatlar aparılması, bazar iqtisadiyyatının bərqərar edilməsi və dünya iqtisadi sisteminə inteqrasiya yolu ilə gedir. Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir".
Ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Bunun sayəsində ölkəmizdə sosial bərabərliyə nail olundu, sosial təminatlar, sığorta və sosial xidmətlər, hamı üçün mümkün ola bilən təhsil, səhiyyə, mədəniyyət sistemləri inkişaf etdirildi, vətəndaşlara göstərilən dövlət yardımları artırıldı, əməyin və insanların sağlamlığının qorunması prosesi gücləndi. Ulu öndərin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" 1994-cü il 15 iyun tarixli fərmanı sözügedən prosesə təkan verən növbəti mühüm addım oldu. Dövlət başçısının verdiyi fərmanın əsas məqsədlərindən biri Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Fərmandan irəli gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinə nail olmaq və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzaladı və bu, bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasında vacib rol oynadı. Fərmana əsasən, 1994-cü il oktyabrın 15-dən əməyin ödənilməsinin minimum məbləği artırıldı, həmçinin pensiya, təqaüd və müavinətlərin məbləğləri əməyin ödənilməsinin minimum məbləğinə uyğunlaşdırıldı. Eyni zamanda, 1994-cü il oktyabrın 15-dən sosial və işləməyən pensiyaçılara, ali və orta ixtisas təhsili müəssisələrinin gündüz şöbələrində oxuyan tələbələrə, texniki peşə məktəblərinin şagirdlərinə, adambaşına aylıq gəliri minimum əməkhaqqının iki mislindən az olan ailələrdəki 16 yaşınadək uşaqlara pul kompensasiyası təyin olundu. Bunlarla bərabər, görülən digər tədbirlər sayəsində inflyasiyanın qarşısının alınması prosesi sürətləndi, Mərkəzi Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyuldu. Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini təşkil edən dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı əhalinin maddi rifah halının və sosial təminatının daha da güclənməsində yeni bir mərhələnin başlanmasına start verdi.
Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, ümumxalq səsverməsi ilə qəbul olunan ilk milli Konstitusiyası isə ölkəmizin suverenliyinin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd olmaqla bərabər, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini özündə təsbit edirdi. Sosial siyasətin konturlarını və vəzifələrini özündə əks etdirən Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır". Konstitusiyanın 35-ci maddəsində isə göstərilir ki, hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 37-ci və 38-ci maddələrə əsasən, hər kəsin istirahət, sosial təminat hüququ təsbit olunur, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Beləliklə, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Konstitusiyanın müddəalarına əsasən, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında hər bir vətəndaşın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.
Artıq iqtisadi yüksəliş dövrünə qədəm qoyan Azərbaycanda sosial sahədə insanların durumunun yaxşılaşdırılması üçün görülən real işlər sayəsində maaşlar, pensiyalar, digər sosial müavinətlər tez-tez artırılır, sənət adamlarına, alimlərə, hətta tələbələrə xüsusi prezident təqaüdü təyin edilir. 1997-ci ildə pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış 650 min vətəndaşın pensiya məbləği 2,2 dəfə artırıldı, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlər hesablandı. Eyni zamanda, 1998-ci il avqust ayının 1-dən pensiyaların yeni hesablanma mexanizminin tətbiqi sayəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfəyədək artırıldı. Minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 2000-ci il yanvarın 1-dən 450 min nəfərin pensiyasının minimum məbləğinin artırılması məqsədilə dövlət büdcəsindən müvafiq həcmdə vəsait ayrıldı, həmin ilin noyabr ayından isə sosial pensiyaçılara dövlət qayğısının nəticəsi olaraq onların pensiyalarının üzərinə aylıq müavinət hesablandı.
Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında" sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı. Sonrakı illərdə də bu sahədə tədbirlər davam etdirildi və dövlət büdcəsinin xərclərinin sosial xarakterli olması ənənəvi hal aldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitin orta hesabla 50 faizdən çoxu əməkhaqqı, pensiya və müavinətlərin verilməsinə yönəldildi. Bütün bunlar bir daha təsdiq edir ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə insanların maddi-rifah halının daim yüksəlməsi, onların etibarlı sosial təminatına xüsusi önəm vermişdir.
Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Son bir neçə ildə Azərbaycanın ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional və konkret sahəvi inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi müşayiət olunur. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda olmuşdur.
Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin yaradılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsini davamlı olaraq yaxşılaşdırmışdır.
O da xüsusi olaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar sırasında yer alan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın təsdiq edilməsi haqqında" sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə daha artıq dərəcədə güclənməsinə xidmət etmişdir. 2004-cü ildə isə ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident 10-dan çox fərman və sərəncam imzalamışdır. Bütün bunların sayəsində maaşların, pensiya və müavinətlərin həcmində də əhəmiyyətli artımlar olmuşdur. Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer almışdır. Buna misal olaraq hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri göstərmək olar.
Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində hələ 2003-cü il fevralın 20-də Heydər Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin dövlət proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə enmişdir. 2005-ci il may ayının 12-də Bakıda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramının icrasına dair keçirilən illik konfransda Prezident İlham Əliyev demişdir: "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır". Sözügedən proqramın başa çatması ilə əlaqədar olaraq 2005-ci ilin iyununda Prezident İlham Əliyev "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın hazırlanması haqqında yeni sərəncam imzalamış, həmin sərəncama əsasən, müvafiq Dövlət Komissiyası yaradılmışdır.
2008-ci il sentyabrın 15-də isə Prezident "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nı təsdiq etmişdir. Proqram makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi və digər strateji məqsədləri özündə ehtiva etmişdir.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət vətəndaşların ölkə Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsinə, sosial yardım sistemində ünvanlılıq prinsiplərinin gücləndirilməsinə və cəmiyyətdə mövcud olan sosial münasibətlərin tənzimlənməsinə yönəldilmişdir. Əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında isə əsas vasitəçi orqan kimi çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi, sosial müdafiə sistemində geniş imkanlara malik elektron texnologiyadan istifadə olunması dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Bu il iyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olmuş və Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Ölkəmizdə həyata keçirilən sosial siyasətin qarşıya qoyduğu əsas məqsədlərdən biri aztəminatlı əhalinin sosial müdafiəsi məqsədilə qabaqcıl dünya təcrübəsinə uyğun görülən tədbirlərdir. Burada xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə 21 oktyabr 2005-ci il tarixdə "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunu imzalamış, 2006-cı il iyul ayının 1-dən etibarən respublikamızda ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanmışdır. Belə yardımların verilməsi insanların aztəminatlı təbəqəsinin maddi rifah halının yüksəlməsində mühüm rol oynayır və ildən-ilə bu yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor kimi nəzərdə tutulur.
Yardımların təyinatı işlərində daim ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatına ciddi nəzarət edilir. Eyni zamanda, ünvanlı yardım sistemi təkmilləşdirilir. Yardımların təyinat müddəti 6 aydan 1 ilədək uzadılmış, ünvanlı yardımın əhatə dairəsi genişləndirilmiş, yardım üçün təqdim olunan sənədlərin sayı azaldılmışdır. Hazırda 127634 ailəyə ünvanlı yardım ödənilir. Hər ailəyə ayda orta hesabla 108,40 manat, hər ailə üzvünə isə 24 manat ünvanlı yardım verilir. Yardım alanların 42 faizi tərkibində 3 və daha çox uşaq olan ailələrdir. Ünvanlı yardımın hesablanması üçün əsas götürülən ehtiyac meyarının məbləği 2006-cı ildə 30 manat, yəni yaşayış minimumunun 51,7 faizi qədər olmuşdur. Son dörd ildə bu göstərici 65 manata çatdırılmışdır ki, bu da yaşayış minimumunun 74,71 faizini təşkil edir.
Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesi davam edir. Proqramın əsas məqsədi ailələrin yoxsulluğuna səbəb olan amillərin aradan qaldırılması və onların özlərini təmin etməsinə şəraitin yaradılmasıdır. Bununla bağlı ölkənin dörd rayonunda pilot işləri görülür. Respublika üzrə sosial müavinətlərin orta məbləği ilbəil artır. Əgər 2006-cı ildə bu göstərici 21,2 manat olmuşdursa, cari ildə bu məbləğ 46,7 manat təşkil etmişdir.
Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni məzillərlə təmin olunması istiqamətində işlər ilbəil yüksələn xətlə davam etdirilir. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil əlil və şəhid ailələrinə verilmişdisə, 2009-cu ildə həmin təbəqələrdən olanlar üçün bundan təxminən iki dəfə artıq, yəni 707 mənzil inşa olunmuşdur. Ümumilikdə indiyədək 3000-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması və nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni, müasir mənzillərlə təminatının tam başa çatdırılması, aparılan işlərin gücləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin şəxsi tapşırığına uyğun olaraq, cari ildə də bu sahədə fəaliyyət davam etdirilir. Cari il ərzində 715 mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur.
1998-ci ildən indiyədək 2876 "Oka" markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilmişdir. Ötən il keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 "Slavuta" markalı avtomobil respublikaya gətirilmişdir. Cari ildə bu iş davam edir.
Əlillərin müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı işləri də ilbəil yüksək səviyyədə aparılır, onların hər hansı reabilitasiya avadanlıqlarına olan ehtiyacı vaxtlı-vaxtında ödənilir. Son illərdə ölkə üzrə əlilliyin artım tempi ilbəil aşağı düşərək, demək olar ki, sıfıra enmiş, tam reabilitasiya göstəricisi 5,8 faizə yüksəlmişdir. Yeri gəlmişkən, əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanmışdır.
Son illərdə Naftalan, Yevlax və Xaçmaz şəhərlərində əlillərin regional bərpa mərkəzləri istifadəyə verilmişdir. Hazırda nazirliyin əlillər üçün 14 regional bərpa mərkəzi fəaliyyət göstərir və həmin müəssisələrdə bərpa müalicəsi alan insanların sayı ilbəil artır. Hər il bir qrup əlil müalicə almaq üçün Ukrayna Respublikasına göndərilir. Ötən il onların sayı 75, bu il isə 85 nəfər olmuşdur. Hər il 500 nəfərədək əlilin Nabran istirahət zonasında 15 günlük mövsümi istirahəti təşkil edilir. Respublikamızda Əlillərin Ümumrespublika Yaradıcılıq sərgi-müsabiqələrinin keçirilməsi artıq ənənə halını almışdır. Müsabiqələrin qaliblərinə mükafatlar, həmçinin iştirakçılara pul mukafatları verilir.
Dövlət Məşğulluq Xidmətinin xətti ilə münasib işlə təmin olunan insanların da sayı ilbəil artır. 2006-cı ildə 28076 nəfər, 2007-ci ildə 30700 nəfər, 2008-ci ildə 31114 nəfər, 2009-cu ildə 28382 nəfər, 2010-cu ilin 9 ayında isə 19706 nəfər işsiz və işaxtaran Dövlət Məşğulluq Xidmətinin xətti ilə münasib işlə təmin olunmuşdur. Ölkədə işsizlik səviyyəsi hazırda 6 faizdir. İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər sayəsində müəssisələrdə əmək hüquqlarının təminatı, həmçinin əməyin mühafizəsi ilə bağlı sosial məsuliyyət hissi güclənmiş, qeyri-rəsmi əmək fəaliyyətinə cəlb edilən işçilərlə əmək müqavilələrinin bağlanılmasında ciddi irəliləyiş əldə olunmuşdur. Aparılan məqsədyonlü işlərin, həmçinin əməyin mühafizəsi ilə əlaqədar həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsidir ki, iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ilbəil azalır.
Ölkəmizdə sosial təminatın güclənməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin miqdarı da ildən-ilə artan xətt üzrə inkişaf edir. Məsələn, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2004-2009-cu illər ərzində isə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə artmışdır. Cari il üçün büdcədən sosialyönümlü tədbirlərə yönəldilən xərclərin miqdarı yenə yüksək göstərici ilə ifadə olunmuşdur. Əhalinin pul gəlirlərinin əsas hissəsini əməkhaqqı təşkil etdiyinə görə həyat səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətin yaxşılaşdırılmasının mühüm amili kimi məşğulluq və onun təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin ana xətti olaraq qalır. 2004-2009-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqı 6,3 dəfə artmış, yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə enmişdir.
Beləliklə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə sosial müdafiə, əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaradılmış, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasının təmin edilməsi istiqamətində böyük nailiyyətlər əldə olunmuş, işsizliyin səviyyəsinin azaldılması, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə kompleks xarakter daşıyan genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Ötən il Azərbaycanın bazar iqtisadiyyatına keçid prosesini uğurla başa çatdırması və sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyması fonunda sosialyönümlülük prinsipi daha da güclənmiş, ölkəmizdə beynəlxalq standartlara uyğun sosial müdafiə modeli davamlı olaraq möhkəmlənmişdir. Beynəlxalq təşkilatlarla bütün səviyyələrdə, o cümlədən sosial sahədə əməkdaşlıq ölkəmizdə sosial hüquqların təmin olunmasına və bu istiqamətdə dövlətin sosial siyasətinin formalaşmasına müsbət təsir göstərmişdir. Sosial siyasətin hüquqi bazasının yaradılması istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir, əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, beynəlxalq öhdəliklər, milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesi uğurla həyata keçirilir.
Dövlətin əhalinin sosial müdafiəsində xüsusi çəkisini artıran daha bir məqam cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda vətəndaşların müxtəlif kommunal borclarının silinməsi ilə bağlı verdiyi sərəncamlardır. Buna misal olaraq, "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli Fərmanını göstərmək olar. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə dövlət başçısının qərarına əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinmişdir.
Bir sözlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər sözügedən sahədə sabitliyi təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün möhkəm zəmin yaratmışdır. Bu, həm də Heydər Əliyev tərəfindən müəyyən olunan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının tələblərinə cavab verən mükəmməl siyasətin real təzahürüdür. Bütün bunlar növbəti illərdə də ölkəmizin inkişaf dinamikasının daha sürətli olması, qazanılan nailiyyətlərin miqyasının daim genişlənməsi, əhalinin məşğulluq və sosial müdafiəsinin davamlı olaraq yüksəlməsi üçün mükəmməl baza yaratmışdır.
Fizuli ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
əmək və əhalinin sosial
müdafiəsi naziri
Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 6.