Prezident İlham Əliyevin
pensiyaçıların sosial müdafiəsinə xüsusi
qayğısı bu sahədəki uğurların
başlıca təminatıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan makroiqtisadi stabillik və iqtisadiyyatın dinamik inkişafı ölkə vətəndaşlarının rifahının nəzərəçarpacaq dərəcədə yüksəldilməsini təmin etmiş, sosialyönümlü bazar iqtisadiyyatının formalaşması ilə bağlı əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirlər gerçəkləşdirilmişdir.
Son yeddi ildə ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmış, qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılmış, beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar sosial müdafiə sisteminin də inkişafına geniş imkanlar yaratmışdır.
Həyata keçirilən islahatlarla ilk növbədə Azərbaycanda mövcud olan və keçmiş sovet dövründən qalan pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun və bu uyğunsuzluğun yaratdığı çoxsaylı problemlərin aradan qaldırılmasına tam nail olunmuşdur. Belə ki, ölkəmizdə yeni iqtisadi sistemə keçid prosesində pensiya sisteminin məzmununun, konseptual, qanunvericilik və maliyyə əsaslarının yeni şəraitlə ziddiyyət təşkil etməsi əsas problemlərdən biri idi. Əvvəlki pensiya sisteminin mürəkkəbliyi, pensiya təyinatında müxtəlif dövrlər üçün fərqli hesablama qaydasının tətbiqi, vətəndaşların pensiya məbləğlərinin sığorta ödəmələrinə görə deyil, güzəştli kateqoriyaya aid olmasına görə fərqləndirilməsi və s. subyektiv amillər sosial ədalət prinsipinin pozulması ilə nəticələnirdi. Pensiyaların artımı prosesində mövcud imkanların bütün pensiyaçılar arasında bərabər bölgüsü mexanizminin olmaması haqlı narazılıqlara səbəb olur və belə tədbirləri praktiki olaraq qeyri-mümkün edirdi. Sadalanan mürəkkəbliklər pensiya sisteminin optimal və dinamik idarə olunmasına, maliyyə nəticələrinin əsas makroiqtisadi göstəricilərə təsirinin proqnozlaşdırılmasına imkan vermirdi.
Göstərilənlərlə yanaşı, pensiya sistemlərinin fəaliyyyətinə ümumi baxışların beynəlxalq praktikada da dəyişməsi və bu əsasda diqqəti cəlb edən başqa amillər keçid dövründə Azərbaycanın pensiya sisteminin fəaliyyətində daha qabarıq görünürdü.
Bütün bunlar Avropaya inteqrasiya yolunu seçmiş ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sisteminin yaradılmasını əsas prioritetlərdən biri kimi şərtləndirmiş və islahatın əsas prinsipləri ümummilli lider Heydər Əliyevin Pensiya İslahatı Konsepsiyası ilə dəqiq müəyyən olunmuşdur.
Ötən dövrdə Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, eyni zamanda, pensiya təminatı funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunması təmin edilmişdir. Bununla da ümummilli lider Heydər Əliyevin Pensiya İslahatı Konsepsiyası ilə müəyyən etdiyi "Ölkədə pensiya sisteminin idarə olunması yeni təşkil olunacaq icra orqanında cəmləşəcəkdir. Bu orqan pensiya haqlarının yığılması, fərdi uçotun işlənməsi və həyata keçirilməsi, pensiyaların təyin edilməsi və ödənilməsinə nəzarət, gəlirlərin və pensiya xərclərinin səviyyələrində dəyişikliklər haqqında təfsilati statistik məlumatın yığılması işlərini həyata keçirəcəkdir" müddəası tam gerçəkləşmişdir. Hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Bu baxımdan qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də xarakterizə etmək olar. Burada bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycandan xeyli əvvəl yeni sistemə keçmiş qonşu ölkələrdə sosial sığorta haqlarının toplanmasının fərdi uçot və pensiya təminatını aparan orqan tərəfindən icrasına yalnız son illərdə başlanmışdır.
İslahat tədbirləri çərçivəsində 2004-cü ildən etibarən fərdi uçot sisteminin yaradılması üçün əvvəlcə pilot, sonra isə respublikanın bütün ərazilərində layihələrin icrasına başlanmışdır. Fərdi uçotun və informasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri 2005-ci ildə başa çatdırılmış, bununla da ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlanmışdır.
Sosial sığorta və pensiya təminatı sahəsində fərdi uçota əsaslanan yığım sisteminə keçidin sürətləndirilməsi və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması üçün qanunvericiliyin 2006-cı ildən tətbiqinə başlanmış, pensiya təminatı sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini təşkil edən dövlət sosial müavinətləri və sığorta-pensiya sistemlərinin bir-birindən ayrılması təmin olunmuşdur. Bununla da ölkədə pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır.
Ölkəmizdə üçpilləli pensiya sistemi qəbul olunmuşdur ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş pensiyaçıların sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Bu sistemə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə pensiyaya çıxmış insanların da əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2006-cı il tarixli 377 nömrəli fərmanına uyğun olaraq əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları təmin edilmiş, həmçinin onlara pensiyaya çıxdıqdan sonrakı əmək fəaliyyətlərinin nəticələrinə görə pensiya kapitalını artımaq imkanları da verilmişdir. Bu məqsədlə ilk növbədə işləməyən və işləyən əmək pensiyaçılarının hər biri üçün onların mövcud pensiya-müavinət məbləğlərinin yeni qanunvericiliyin müddəalarına uyğun şərti çevrilməsi aparılmaqla bu əsasda yeni sənədləşmənin tərtibi təmin olunmuşdur. Nəticədə əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara nəinki uyğunlaşdırılmış, hətta yeni sistemin tətbiqinin ilk günündən 210 min nəfərdən çox güzəştli kontingentin (I qrup əlillərin, o cümlədən gözdən əlillərin), Azərbaycan Respublikası milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, öhdəsində əmək qabiliyyətsiz ailə üzvləri olan I və II qrup əlillərin, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət almış şəxslərin, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, müharibə əlillərinin pensiyasına artımlar tətbiq olunmuşdur. Bundan əlavə, 100 min nəfərdən çox işləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50 faizi həcmində ödənilməsi kimi mənfi praktika aradan qaldırılmış və onlar öz pensiyalarını tam məbləğdə almağa başlamışlar.
Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunmuşdur. Məsələn, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Artım prosesində pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 116 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olmuşdur. Belə ki, artım məbləği pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup gözdən əlillər istisna olmaqla) üzrə 12 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə 20 manat təşkil etmişdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 20 manat artırılaraq 170 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157 manat 25 qəpiyə çatdırılmışdır. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (II Dünya müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 11 manat artmışdır. II Dünya müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 15 manat, I qrup II Dünya müharibəsi əlillərinin 25 manat 50 qəpik,
II qrup əlillərin 21 manat, III qrup əlillərinki isə 19 manat artırılmışdır. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 ABŞ dolları, Rusiyada 90,2 dollar, Belarusda 82,1 dollar, Ukraynada 89,8 dollar, Ermənistanda 21,6 dollar və s. təşkil edir. Qeyd olunan tendensiya digər sosial müdafiə tədbirləri üzrə də xarakterikdir. Məsələn, Prezident İlham Əliyevin tapşırıqları əsasında "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram"a uyğun olaraq hazırlanan təkliflər əsasında 2010-cu il yanvarın 1-dən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmış, eləcə də 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği MDB üzrə Azərbaycanda (1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat) qeydə alınmışdır. Halbuki Qazaxıstanda bu məbləg Azərbaycan manatı ilə götürsək, təxminən 357 manat, Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat və s. təşkil etmişdir.
Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilmişdir.
Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.
Sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Bu baxımdan fond sistemində görülən işləri məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması, pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətlərində qruplaşdırmaq olar.
Məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunmaqdadır. Bu sistemə keçid sığortaolunanlar üçün ödənilən sosial sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsaslanmaqla aparılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olur. Beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir. Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan "mərkəzi server"də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sayəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Qeyd olunan istiqamətdə fondda 2003-cü ildən başlanmış layihənin məqsədi, informasiya-kommunikasiya texnologiyaları əsasında yeni idarəetmə sisteminin yaradılması vasitəsilə ölkənin sığorta-pensiya sisteminin müasirləşdirilməsi və sosial sığorta haqlarının fərdi uçot prinsipləri əsasında toplanmasının təmin edilməsindən ibarətdir. Bu məqsədlə fondun 61 yerli şöbəsinin yeni inzibati binası istifadəyə verilmiş, hər bir binada müasir informasiya texnologiyalarına əsaslanan lokal şəbəkə qurulmuşdur. Dünya Bankının vəsaiti hesabına ən müasir 1600 dəst kompüter avadanlığı alınaraq sistemdəki kompüterlərin sayı 2280-ə çatdırılmış və beləliklə, 1 işçiyə 1 kompüter prinsipi ilə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır. Bugünədək 1760 min nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanmışdır. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə bir, yəni 1 milyon 291 min nəfər pensiyaçı və 1 milyon 760 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır. Hazırda 2006-2009-cu illər üçün ayrı-ayrı sığortaolunanlar üzrə ödənilmiş sosial sığorta haqları barədə bəyannamələrin qəbulu davam edir.
Pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu sistemdə pensiya məbləğlərinin təyini və artırılması mexanizmləri tamamilə sadələşdirilir və hər bir şəxsə pensiyasının və pensiyasına artımların məbləğini özünun hesablayaraq dəqiqləşdirməsinə imkan verilir. Nəticədə maliyyə vəsaitlərindən istifadədə ilkin şərt olan pensiya və müavinət məbləğlərinin təyinində artıq və əskik hesablama halları tamamilə aradan qaldırılır, pensiya məbləğlərinin təyini və artırılması qaydalarının kifayət qədər sadələşdirilməsi, fərdi hesablarda toplanan pensiya kapitalları barədə sığortaolunanların dövri olaraq məlumatlandırılması bu sahədə ictimai nəzarətə şərait yaradır. Pensiya məbləğlərinin müəyyənləşdirilməsinin hər bir şəxs üzrə toplanan pensiya kapitallarına əsasən mərkəzləşmiş proqram əsasında avtomatlaşdırılmış qaydada aparılması insan amilinin təsirini və subyektiv halların yaranma səbəblərini əsaslı şəkildə aradan qaldırır.
Əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir ki, bu da gələcəkdə vətəndaşlardan heç bir sənəd almadan müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatına şərait yaradacaqdır. Burada bir məqam xüsusilə qeyd olunmalıdır ki, yeni qaydaların tətbiqi nəticə etibarilə Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib cıxarmaqdadır. Belə ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq pensiya məbləgi 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar tam aradan qaldırılmış, sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilmişdir.
Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. Bu məsələnin həlli üçün artıq kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır.
Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. Hazırda Azərbaycanda ödəniş aparılan pensiyaçılar üzrə 1 milyon 125 min nəfərin pensiyasının ödənişi plastik kartlarla həyata keçirilir. Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. 2004-cü ildən başlayaraq ölkəmizdə bu üsulun tətbiqi nəticəsində maliyyə vəsaitləri heç bir aralıq ödəniş təşkilatlarının hesabında dövr etdirilmədən fondun xəzinə hesabından bilavasitə vətəndaşın kart hesabına köçürülür, bununla da ödənişlərin birbaşa ünvanlılığı prinsipinin icrası təmin edilir, pensiya ödənişlərinin əhaliyə çatdırılması zamanı qeyri-qanuni tutulmalar və digər bu kimi mənfi hallara son qoyulur, pensiya və müavinətlərin əhaliyə ödənilməsi əməliyyatlarının uçotu təkmilləşdirilir və avtomatlaşdırılır.
Əldə edilmiş uğurların nəticəsində Azərbaycanın pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında ölkəmizin sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Dövlət Sosial Müdafiə Fondunun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Hazırda Dünya Bankının layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə respublikamıza səfərləri həyata keçirilir. 2009-cu ilin mart ayında Afina şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Azərbaycanın sığorta-pensiya sistemindəki təcrübəsinin xüsusi təqdimatı olmuş və sonradan həmin təqdimat BMT-nin vebsaytında geniş işıqlandırılmışdır. 2010-cu il martın 3-5-də Varşava şəhərində keçirilmiş Avropanın Birinci Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin qalibi elan olunmuş və Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəxri fərmanı ilə təltif edilmişdir.
Hazırkı mərhələdə sığorta-pensiya sisteminin özü özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunması, bu kontekstdə əsas məqsəd və vəzifələrin, həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə yönəlmişdir və ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin 6 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında demişdir: "Azərbaycanda yoxsulluq kəskin şəkildə aşağı düşür. Son altı ildə yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə aşağı düşmüşdür. Ancaq buna baxmayaraq, hazırda ölkə əhalisinin 11 faizi yoxsulluq şəraitində yaşayır. Bu insanlara dövlət öz qayğısını göstərməlidir". Bu baxımdan ölkəmizin sığorta-pensiya sisteminin növbəti ildə inkişafı üzrə əsas sənəd olan 2011-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi layihəsi də məhz həmin prinsiplər əsasında tərtib edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri layihəsində 2011-ci ilə 1 milyard 970,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 213 milyon manat və ya 12,1% çoxdur. Bu isə növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin diqqət mərkəzində olacağını bir daha təsdiqləyir.
Bütün
bunlar deməyə əsas verir ki, ölkədə əhalinin
sosial müdafiəsinin daim mökəmləndirilməsinin
xüsusi diqqət mərkəzində saxlanılması
dövlət başçısı cənab İlham Əliyevin
çoxşaxəli fəaliyyətinin əsas məqsədlərindən
biridir. Bu da həmin sahədə əldə olunan
uğurların başlıca səbəbidir.
Səlim MÜSLÜMOV,
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun sədri, iqtisad elmləri doktoru
Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 7.