Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsası qoyulmuşdur

 

Bu, dövlət başçısı İlham Əliyevin məqsədyönlü və yüksək effektli siyasətinin nəticəsidir

 

Müasir Azərbaycan dövlətinin banisi, təkcə türk, islam dünyasının deyil, bütövlükdə sivil dünyanın qüdrətli simalarından olan Heydər Əliyev güclü, müasir dövlət yaratmaqla bərabər, həm də özündən sonra onu inamla idarə edə biləcək lider hazırlamışdır. Xalq Heydər Əliyev siyasətinin alternativsizliyini, onun Azərbaycanın yeganə nicat yolu olduğunu qəbul etdiyindən 2003-cü ildə ölkənin taleyini məhz ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevə etibar etmiş, bununla da respublikada ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi inkişafı, demokratikləşmə xəttini birmənalı şəkildə dəstəkləmişdir.

Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, cənab İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi, öz fəaliyyəti ilə xalqını xoşbəxt gələcəyə aparmağa qadir lider olduğunu sübut etdi. Ötən müddət ərzində ölkədə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların kökündə, ilk növbədə, dövlət başçısının öz fəaliyyətini möhkəm zəmin üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsi, ugurlu islahatlar aparması dayanır.

Ölkənin ərazi bütövlüyünü təmin etmək, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət cənab İlham Əliyevin fəaliyyətinin təməl prinsipləridir. Möhtərəm Prezident qısa zaman kəsiyində Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünyada sayılıb-seçilən qüdrətli dövlətə çevirdi, ona yeni nəfəs verdi. Keçən illər ərzində regionların sosial-iqtisadi inkişafı, yüz minlərlə yeni yerinin açılması, əlverişli biznes mühitinin yaradılması, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər edilməsi görülən işlər sırasındadır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə start verilməsi də tarixi hadisə kimi dəyərləndirilməlidir. Dünyanın dərin iqtisadi böhranla üz-üzə dayandığı 2010-cu ildə Azərbaycanda ümumi daxili məhsulun 3,8 faiz artım təşkil etməsi də məhz ölçülüb-biçilmiş, düzgün iqtisadi siyasətin nəticəsidir. İndi Azərbaycan inkişafının elə mərhələsinə qədəm qoymuşdur ki, qarşılaşdığı hər hansı bir iqtisadi problemi öz gücü ilə həll edir. Təsadüfi deyil ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan artıq onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilmişdir.

Dövlət müstəqilliyinin qorunması, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, yüksək intellektual və mədəni-mənəvi inkişafın təmin edilməsi, şübhəsiz, güclü iqtisadiyyatdan keçir. Cənab İlham Əliyev bununla bağlı demişdir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiqli yer tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir. Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun".

Dövlət başçısı 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son bir ildə inamla davam etdirmiş, bölgələrin inkişafı ilə bağlı bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır. Bu siyasət nəticəsində respublikanın regionlarında kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sənayesi sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi, bölgələrdə müasir tipli elektrik stansiyalarının tikilməsi, yolların və kommunikasiya xətlərinin yenidən qurulması, təhsil, elm, səhiyyə, mədəniyyət sahələrinin inkişafının təmin edilməsi, sahibkarlığın inkişafı kimi strateji məsələlərin həllinə yeni stimul verilmişdi.

Azərbaycan iqtisadiyyatının bu cür yüksək templə artımı əslində onun quruluşunun çoxşaxəli genişlənmə mərhələsinə keçməsi ilə şərtlənir. İndi Azərbaycan dövləti üçün neft sektorunun inkişafı iqtisadiyyatın digər sahələrini, sosialistehsal infrastrukturlarını yaratmaq, davamlı inkişafa nail olmaq, xalqın rifah halını daha da yüksəltmək üçün bir vasitədir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın həyata keçirildiyi 2004-2008-ci illərdə ölkənin iqtisadisosial həyatında dünyada analoqu olmayan nailiyyətlər əldə olunmuşdur. Respublikada yüz minlərlə yeni yeri açılmış, ümumi daxili məhsul xeyli yüksəlmişdir. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın da başlıca məqsədi bu sahədə davamlı inkişafa nail olmaqdan ibarətdir.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında üstünlük bölgələrdə abadlıq və quruculuq işlərinə verilirdisə, ikinci Dövlət Proqramında bu işi davam etdirməklə müxtəlif istehsal sahələrinin inkişafı məsələsi ön plana çəkilmişdir. Bölgələrdə həyata keçirilən infrastruktur layihələri, elektrik enerjisi təchizatının güclü potensialının yaradılması, əhəmiyyətli sənaye sahələrinin inkişafına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi nəinki regionların, bütövlükdə ölkənin sosial-iqtisadi tərəqqisində böyük dəyişikliklər yaratmaqdadır.

Azərbaycan dünyada qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ilk yerlərdən birini tutur. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi məlum münaqişənin həllini uzadır və nəticədə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması məsələsini də ləngidir. Bu səbəbdən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün regionlarda yeni qəsəbə və şəhərciklərin salınması Dövlət Proqramının əsas hədəflərindən birinə çevrilmişdir. Bu məqsədlə Neft Fondundan və dövlət büdcəsindən zəruri vəsait ayrılmış, çətin vəziyyətdə yaşayan soydaşlarımız hər cür şəraiti olan bu qəsəbə və şəhərciklərə köçürülmüşdür.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq üçün respublikanın əksər rayonlarına dəfələrlə səfərlər etmiş Prezident İlham Əliyev xalqın həyat səviyyəsi ilə maraqlanmış, yüzlərlə müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir. Paytaxt Bakıda və respublikanın regionlarındakı böyük quruculuq və abadlıq işləri Azərbaycanın qlobal böhrana maksimum dərəcədə müqavimət göstərən dövlətlər sırasında olmasının əyani təsdiqidir.

 

Bütün bunlar ölkənin sosial-iqtisadi inkişafı, işsizlik probleminin həlli, xalqın rifah halının daha da yüksəldilməsi, dövlətin iqtisadi yüksəlişinin təmin edilməsi, ölkədə sosial-siyasi sabitliyin qorunub saxlanması baxımından olduqca böyük əhəmiyyətə malik məsələlərdir. Ölkədə aparılan uğurlu iqtisadi siyasət maliyyə imkanlarını getdikcə genişləndirir. Azərbaycanın valyuta ehtiyatları hazırda 25 milyard dollar civarındadır. Bu gün Azərbaycan milli mənafelərə cavab verən sərbəst iqtisadiyyat yaratmaqla yanaşı, dünya birliyinin nüfuzlu, yüksək etibar qazanmış ölkəsinə çevrilmişdir.

Azərbaycan daha yüksək iqtisadi inkişafa nail olmaq üçün dünya birliyi ölkələrinin imkanlarından istifadə edilməsinə də böyük önəm verir ki, bu da ölkənin beynəlxalq aləmdə iqtisadi əlaqələrinin genişlənməsinə, eyni zamanda, qlobalregional səviyyədə mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatı ilk dövrlər daha çox sosialtutumlu idisə, hazırda həm də investisiyayönümlüdür. Digər tərəfdən, bir neçə ildir ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Bütün bunların nəticəsidir ki, mükəmməl və etibarlı iqtisadi sistemə malik Azərbaycan hazırda özünün enerji təhlükəsizliyini tam təmin edə bilmişdir. Dövlət müstəqilliyinin ilk illərində Türkiyə və İrandan alınan elektrik enerjisi ilə təmin olunan Naxçıvan Muxtar Respublikası hazırda daxili tələbatından dörd dəfə artıq elektrik enerjisi istehsal edir, qardaş Türkiyəyə elektrik enerjisi ixrac edir.

Biliklər əsri olan XXI əsrdə inteqrasiyaqloballaşma kimi ümumbəşəri proseslərin fəal iştirakcısı olmağın yolu elmdən və təhsildən keçir. Bu sahə ilə bağlı strateji hədəflər də Prezident İlham Əliyev tərəfindən çox böyük dəqiqliklə müəyyənləşdirilmişdir: "Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz, bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Bizbu yolla getməliyik və gedirik".

Dövlətin təhsilə olan münasibəti dəqiq və aydındır: təhsilin maddi təminatını daha da yaxşılaşdıraraq onun səviyyəsini dünya standartlarına uyğunlaşdırmaq, milli intellektual potensialı səfərbər etmək. Son yeddi il ərzində təhsillə bağlı 16 Dövlət Proqramının təsdiq edilməsi bu sahəyə olan dövlət qayğısının əyani təzahürüdür. Ötən müddət ərzində iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Hazırda Azərbaycan təhsili maddi-texniki bazanın gücləndirilməsi baxımından özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həyat tərzinə görə informasiya cəmiyyətinin şərtlərinə cavab verən yeni nəslin yetişdirilməsi, ilk növbədə, təhsil sisteminin informasiyalaşdırılmasından keçir. Artıq respublikada informasiyakommunikasiya texnologiyalarının tətbiqi və ondan istifadə dövlət siyasətinin prioritetlərindən biridir. Dövlət başçısı İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" da bu siyasətin əyani göstəricisidir.

Hazırda bu siyasəti ardıcıl şəkildə həyata keçirən dövlət başçısı İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə "Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" təsdiq edilmişdir. Proqramda təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə təmin olunması, təhsil sisteminin bütün pillələrində İKT-nin inteqrasiyasını təmin etmək üçün bütün xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması, məktəbəqədər, texniki-peşə və orta ixtisas təhsili müəssisələrinin müasir İKT ilə təmin olunması, habelə təhsildə innovasiyaları dəstəkləmək və gücləndirmək məqsədilə "elektron məktəb" pilot layihələrinin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulmuşdur.

Əminliklə demək olar ki, informasiya texnologiyalarının tətbiqi və inkişafı zaman-zaman mövcud problemlərin aradan qaldırılmasına səbəb olacaq, hər bir təhsil ocağında tədris prosesi kompüter texnologiyası üzərində qurulacaq, internet-məktəb, məsafədən təhsil günümüzün reallığına çevriləcək, milli təhsil sistemində layiqli yerini tutacaqdır.

Dövlət başçısının müvafiq sərəncamı ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın təsdiq edilməsi də respublikada mövcud istedad potensialının üzə çıxarılması, hər bir bölgədə istedadlı uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin açılmasına nail olunması, fəaliyyətdə olan yeni tipli təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, liseygimnaziyalarda təlimin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris planları və proqramlarının hazırlanaraq tətbiqinə başlanılması üçün böyük zəmin yaratmışdır.

Möhtərəm Prezidentin 2007-ci il 16 aprel tarixli digər sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təhsil sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Şübhəsiz ki, bu tarixi sənəd yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında həlledici rol oynayacaqdır. Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin ümumi sayının 5000 nəfərə çatdırılması nəzərdə tutulmuşdurbu da ölkənin nadir ixtisas sahibi olan kadrlarla təminatında tarixi hadisə olacaqdır. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, İsveç kimi inkişaf etmiş ölkələr üstünlük təşkil edir.

Azərbaycanlı tələbələrin xaricdə - dünyanın nüfuzlu universitetlərində, tanınmış təhsil ocaqlarında təhsil almağa göndərilməsi, onların yeni, müasir texnologiyalara yiyələnməsi "qara qızıl"ın "insan qızılı"na, iqtisadi potensialın insan kapitalına çevrilməsi prosesinin əsas tərkib hissəsidir, Azərbaycanın sabahına - gələcəyimizə yönəlik sərmayədir, sabahımıza bugündən olan təminatdır.

Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri qısa müddət ərzində, həm də poliqrafik cəhətdən müasir tələblərə cavab verən formada nəşr edilərək ölkə kitabxanalarına verilmişdir. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, şagirdlərin dərsliklərlə, məktəblərin bədii ədəbiyyatla pulsuz təmini məsələsini tamamilə həll etmişdir. Dövlət başçısının tapşırığı və sərəncamı ilə 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının hazırlanmasına başlanılması da xalqın tarixində böyük hadisədir. Hazırda onun bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş "Azərbaycan" adlanan cildi işıq üzü görmüş, geniş oxucu kütləsinə təqdim edilmişdir.

İndi respublikada məktəb tikintisi sahəsində görülən işləri dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək olar. Təkcə son 6 il ərzində istər dövlət büdcəsi vəsaiti hesabına, istərsə də Heydər Əliyev Fondu xətti ilə respublikada 2000-dən çox yeni məktəb binası və korpuslar tikilmişdirbu da respublikamızda mövcud ümumtəhsil məktəblərinin təqribən 50 faizi deməkdir.

Bütün bunlar göstərir ki, dövlət başçısı İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində qısa müddət ərzində böyük iqtisadi yüksəlişə nail olan, demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin yaradılması yolunda inamla irəliləyən, milli-mənəvi dəyərləri qorumaqla Avratlantik məkana inteqrasiya olunan Azərbaycan indi özünün inkişafında tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur.

 

 

Hüseyn ƏSGƏROV,

Bakı Şəhəri üzrə Təhsil

İdarəsi müdirinin müavini,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2010.- 15 oktyabr.- S. 8.