Prezident İlham Əliyev Yevlax
şəhərindəki 1 nömrəli orta məktəbin
yeni binasının açılışında iştirak
etmişdir
Xəbər verdiyimiz kimi, oktyabrın 14-də Prezident İlham Əliyev Yevlax şəhərində 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.
Şəhər ictimaiyyətinin nümayəndələri və məktəbin pedaqoji kollektivi dövlət başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV kollektivi və ictimaiyyətin nümayəndələrini məktəbin açılışı münasibətilə təbrik edərək dedi:
- Məktəbin tikintisi münasibətilə sizi təbrik edirəm, çox gözəl, müasir məktəbdir. İcra başçısı mənə dedi ki, buradakı məktəb çox bərbad vəziyyətdə idi, uzun illər təmirsiz qalmışdı. Bina söküldü və yerində belə gözəl, yaraşıqlı məktəb tikildi. Özü də bir saylı orta məktəb gərək hər cəhətdən bir nömrəli olsun. Sizi ürəkdən təbrik edirəm, bu, gözəl hadisədir. Uşaqlar da burada yaxşı oxuyacaqlar, müəllimlər üçün də şərait yaradılıb.
Müəllimlər
böyük işlər görürlər. Bu yaxınlarda Azərbaycanda
müəllimlər günü qeyd olunmuşdur. Bu münasibətlə
sizi bir daha təbrik edirəm. Müəllimlərin cəmiyyətdə
rolu çox böyükdür və vacibdir. Gənc nəslin
tərbiyə olunmasında, uşaqların yüksək bilik
almasında müəllimlərin rolu birincidir. Biz
elə etməliyik ki, bütün uşaqlarımız
yaxşı oxusunlar, yaxşı bilikli insanlar olsunlar.
Çünki indiki zamanda savad, bilik əsasdır, həm vətəndaş
üçün, həm də ölkələr
üçün. İnkişaf etmiş ölkələrin təcrübəsinə
nəzər salsaq görərik ki, onların uğurları
təhsilin səviyyəsi ilə bağlıdır. Nə təbii
ehtiyatlar, nə mineral resurslar burada həlledici rol oynamır. Ancaq savad və
bilik əsasdır. Çünki
dünyanın inkişafı elmi-texniki tərəqqi ilə
bağlıdır. Bunu əldə etmək
üçün bilikli kadrlar olmalıdır. Bu kadrlar, bu insanlar ilk addımlarını məktəblərdə
atırlar.
Biz elə etməliyik
ki, təhsilimizdə ən qabaqcıl səviyyə təmin
olunsun. Xüsusilə nəzərə alsaq ki, bu gün Azərbaycanda
belə gözəl məktəblərin sayı çoxdur.
Ancaq son 5-6 il ərzində 2 mindən
çox məktəb tikilib və təmir olunubdur. Bu işlər davam etdirilir. Biz elə
etməliyik ki, Azərbaycanda bərbad, qəzalı vəziyyətdə
heç bir məktəb qalmasın. Yevlaxda
da məktəb tikintisi çox sürətlə gedir. Deyə bilərəm ki, regionların arasında bəlkə
də ən sürətli məktəb tikintisi prosesi məhz
Yevlaxdadır. Son illərdə 20-dən
çox məktəb tikilib və təmir olunub. Düzdür, hələ ki yaxşı vəziyyətdə
olmayan məktəblər vardır. Ancaq tədricən
onlar da ya təmir olunacaq, ya da ki, sökülüb yerində
belə gözəl, müasir məktəblər tikiləcəkdir.
Həm
infrastruktur, həm təhsilin səviyyəsi - bax, bu iki vacib
amil Azərbaycanda yüksək səviyyədə
olmalıdır. Gözəl məktəb tikmək olar.
Bu gün maddi imkanlarımız bu şəraiti
bizim üçün yaradır. Ancaq bu məktəbdə
gərək təhsilin səviyyəsi yüksək olsun.
Burada oxuyan uşaqlar anlamalıdırlar ki, həyatda
layiqli yer tutmaq üçün mütləq bilikli
olmalıdırlar. Əvvəlki dövrlərdə
bəzən gənclərin bir hissəsi daha çox diplom əldə
etmək üçün çalışırdılar.
Çünki diplom o vaxt bütün
qapıları açırdı. Sovet
İttifaqı zamanında hər bir insan işlə təmin
olunurdu. Ancaq biz indi bazar iqtisadiyyatı,
açıq rəqabət şəraitində
yaşayırıq. Ona görə diplomun
olması heç nəyi göstərmir, bilik, peşəkarlıq
olmalıdır. Ona görə məktəb
tikintisi, peşə məktəblərinin, uşaq
bağçalarının yaradılması - bütün
bunlar təhsil sistemimizi gücləndirir.
Əlbəttə
ki, biz indi dünyada tətbiq olunan qabaqcıl təcrübəni
Azərbaycana gətiririk. İndi elektron tədris
proqramları, elektron lövhələr, kompüter
proqramları vardır. Bizdə bu sahədə də
işlər yaxşı səviyyədədir, 6-7 il bundan əvvəl min şagirdə bir
kompüter düşürdü. İndi ölkə
üzrə 20 şagirdə bir kompüter düşür və
uşaqlar kompüteri bizdən yaxşı bilirlər. Bəzən biz onlardan nə isə soruşuruq.
Çünki bu, müasirlikdir, yenilikdir,
inkişafdır.
Mən sizi bir
daha bu gözəl hadisə - məktəbin istifadəyə
verilməsi münasibətilə təbrik etmək istəyirəm. Müəllimləri
bir daha peşə bayramları münasibətilə təbrik
edirəm. Sizə uğurlar,
cansağlığı arzulayıram.
Əməkdar müəllim
Qiyas QULİYEV Yevlax şəhərinə göstərdiyi
qayğıya görə dövlət
başçısına yevlaxlıların minnətdarlığını
çatdıraraq dedi:
- Hörmətli Prezident, Sizi
Yevlax Ziyalılar Cəmiyyəti, Yevlax ictimaiyyəti
adından və məktəbin qocaman müəllimi kimi öz
adımdan salamlayıram, Sizə Yevlaxa "Xoş gəldiniz"
deyirəm.
Bax, bu bina 5 ay
müddətində tikildi. Bu Sizin səyinizin, Sizin
fəaliyyətinizin nəticəsidir. Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Yevlaxda da xeyli məktəb tikilmişdi. Ona görə də mən Mehriban xanıma öz
minnətdarlığımı bildirirəm. Çox sağ olsun ki, Sizin kimi o da təhsilə
qayğı göstərir.
Mən Sizə
açığını deyim ki, təhsilə
qayğınızı hər yerdə duyuruq. Məsələn,
Siz müəllimlərə böyük qayğı göstərirsiniz.
İstəmirəm çox danışım.
Müəllimlərin əməkhaqqı
artıb. Bunlar hamısı vacib işlərdir.
Bizim rayonda hamı Sizin fəaliyyətinizi, tədris
işinə olan diqqət və qayğınızı
yüksək qiymətləndirir. Bir məsələni
də deyim ki, valideynlər, müəllimlər, hətta
şagirdlər təhsilə göstərdiyiniz qayğıya
görə minnətdardırlar. Mən bilən,
başqa respublikalarda məktəblilərə pulsuz dərslik
vermirlər. Amma bu, Azərbaycanda ənənə
halı alıb. Çox sağ olun ki, Siz latın
qrafikasında lazım olan bütün ədəbiyyat
külliyyatını bizə verdiniz. Hələ
ondan başqa, elmi ensiklopediyaları da çap etdirirsiniz.
Bu, Sizin fəaliyyətinizin
nəticəsidir. Bunlar hamısı gənclərimizin
dünyagörüşünün artırılması
üçün atılan addımlardır.
Azərbaycanda
belə məktəblər çox tikilir. Bunların
hamısına Siz qayğı göstərirsiniz. Bir məsələni də qeyd etmək istəyirəm
ki, biz müharibə şəraitindəyik. Müəllimlərimiz
çox ciddi iş aparırlar. Vətənpərvərlik
tərbiyəsinə aid, hərbi vətənpərvərliyə
aid işlər görürlər. Məsələn, əvvəllər
bir ildə bizim 2-3 uşağımız ali
hərbi məktəblərə qəbul olunurdu. Amma indi 116 nəfər şagird və yaxud da məzun
hərbi liseydə və ya akademiyalarda oxuyur. Bu, çox böyük bir şərəfdir.
Hörmətli Prezident, bir məsələni
də vurğulamaq istəyirəm ki, Siz Qarabağ
İcması binasının açılışı mərasimində
çox böyük bir nitq söylədiniz. Mən
o nitqi oxudum, televiziyada da dinlədim.
Açığını Sizə deyim ki, Sizin
o nitqiniz müəllimlər üçün böyük bir
proqramdır. Onu dönə-dönə oxumaq
lazımdır. Çox ciddi məsələlərə
toxunmusunuz. Mən Sizin nitqinizin bir məqamını
xüsusi qeyd etmək istəyirəm ki, ermənilərin
fikirləri özlərinə getməsin. Onlar
vətənlərini unuda bilərlər. Amma
Azərbaycan xalqı heç vaxt, heç zaman öz torpaqlarını
unutmayacaqdır. Buna görə, bu ifadələrə
görə bütün Yevlax ictimaiyyəti, eləcə də
bütün Azərbaycan xalqı Sizə minnətdardır.
Bir məsələni də
deyim ki, bu açılışda Sizin və
Mehriban xanımın iştirakı məktəbimizin tarixində
çox əlamətdar hadisədir. Hamımız
bundan çox sevinirik. Ümumiyyətlə, Sizin, Mehriban
xanımın gəlişi, bir qayda olaraq, həmişə
yevlaxlıların ürəyindən olub. Ona
görə də Sizə səmimi minnətdarlığımı
bildirirəm. Sizin qayğınız nəticəsində
Yevlax müəllimləri gələcək üçün
çox dəyərli və yüksək səviyyəli gənclər
hazırlayacaqlar. Sizin burada
iştirakınız bizim ziyalıların, demək olar ki,
bütün müəllimlərin, nəinki müəllimlərin,
valideynlərin hafizəsində, qəlbində uzun müddət
yaşayacaqdır.
Qiyas Quliyev Prezident İlham Əliyevə
və xanımı Mehriban Əliyevaya Azərbaycanın
çiçəklənməsi naminə çoxşaxəli
fəaliyyətlərinə görə yevlaxlıların
sonsuz minnətdarlığını bildirərək dedi:
- Hörmətli Prezident, Azərbaycan
Respublikasının inkişafı və çiçəklənməsi
naminə Sizə və bütün ailə üzvlərinizə
uzun ömür, cansağlığı arzulayıram. Allah Sizi bəladan qorusun. Sizə
minnətdaram. Çox sevindirici haldır
ki, bizim Yevlaxı beşinci dəfədir yada
salırsınız. Çox sağ
olun.
Prezident İlham ƏLİYEV:
Sağ olun, siz çox vacib məqamlara toxundunuz, bunlar
çox vacibdir. Təhsillə, vətənpərvərlik
tərbiyəsi ilə bağlı bu məsələlərə
Azərbaycanda çox böyük diqqət göstərilir.
Bir də demək istəyirəm ki, müəllimlərin
bu işlərdə rolu, fəaliyyəti həlledicidir.
Mən bu barədə
fikirlərimi dəfələrlə bildirmişəm. Siz də
xatırlayırsınız, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həm tarixə, həm indiki vəziyyətə,
həm də gələcəyə aid kifayət qədər
çoxsaylı geniş çıxışlarım olubdur.
Ancaq bu hissləri, bu vətənpərvərlik
duyğularını uşaqlara gündəlik olaraq müəllimlər
aşılayırlar. Ona görə müəllimlərdən
çox şey asılıdır. Azərbaycanda
bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş
olacaq, Vətəni necə sevəcək, Vətən
uğrunda necə vuruşacaq, Vətən üçün nə
edəcək - bax, bütün bunların təməli məktəblərdə
qoyulur. Ona görə təhsilə diqqət,
sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal,
ölkə üçün həlledici məna daşıyan
bir siyasətdir. Əgər təhsillə
bağlı məsələlər düzgün həll
olunmasa, bu siyasət, bizim bütün başqa
uğurlarımız heç bir səmərə verməz.
Bizim təbii sərvətlərimiz,
güclü iqtisadiyyatımız vardır. İndi vəziyyət
sabitdir, Azərbaycanda ictimai-siyasi sabitlikdir. Ancaq ölkəni inkişaf etdirən insanlardır.
Yəni bilikdir, fikirdir, iradədir, qabiliyyətdir.
Mən çox istəyirəm, biz
hamımız istəyirik ki, vətəndaşlarımız
bilikli, savadlı, yaxşı vətəndaş, vətənpərvər
olsunlar, Vətəni sevsinlər. Bunu etmək
üçün biz güclü dövlət
qurmalıyıq. Uşaqlarımız
tariximizi yaxşı bilməlidirlər. Çünki
sovet dövründə uzun illər biz tarixin bir hissəsini
bilirdik, amma digər hissəsini bilmirdik. Bəzi
hallarda bizə qəhrəman kimi təqdim olunan insanlar, əslində,
Azərbaycan xalqına qarşı cinayətlər törətmişlər.
Bu tarixi biz yaxşı bilirik. Biz real tarixi sonradan öyrənməyə, dərk
etməyə başladıq. Məni bir
Prezident və vətəndaş kimi ən çox hiddətləndirən
o deyil ki, misal üçün biz bilmirdik 1918-ci ildə nələr
baş verirdi, 26 komissar qəhrəman kimi təqdim olunurdu, əslində
isə, onlar azərbaycanlılara qarşı amansız qəddarlıq
törətmişdilər. Yəni, məsələ
onda deyil ki, biz bunları bilmirdik, indi bilirik. Məsələ ondadır ki, biz onların qəhrəman
olduqlarına inanırdıq. Yəni belə
tərbiyə almışdıq. Azərbaycan
xalqının qanını axıdan şaumyanlar və onun
kimi qəddar erməni cinayətkarlar Azərbaycanda qəhrəmanlar
kimi təqdim olunurdu. Onların şərəfinə
abidələr ucaldılırdı. Siz
bilirsiniz ki, Bakının mərkəzində 26 Bakı
komissarının şərəfinə abidə
ucaldılmışdı. Mən göstəriş
verdim ki, o abidə sökülsün,
dağıdılsın. Mən göstəriş verdim,
şəxsən! Ancaq necə?! Göstəriş
verdim ki, Elmlər Akademiyasının, Səhiyyə Nazirliyinin
nümayəndələri, din xadimləri orada
basdırılmış cəsədlərin başqa yerə
köçürülməsi ilə bağlı tədbirlər
görsünlər. Halbuki vaxtilə orada
basdırılmış adamlar azərbaycanlılara
qarşı qəddarlıq törətmişdilər. Biz yenə Azərbaycan xalqına xas olan
dözümlülük, mədəniyyət, tolerantlıq
nümayiş etdirdik və orada basdırılmış cəsədləri
başqa yerə hörmətlə köçürdük.
Ancaq o tarix daha Azərbaycanda olmamalıdır.
Uşaqlarımız sual verməməlidir ki, bu
kimdir? Nə üçün bunun abidəsi
burada ucaldılıb? Bu, Azərbaycan
xalqı üçün nə edib? Yəni,
məni, necə deyərlər, ən çox
darıxdıran məhz odur ki, vaxtilə biz bilməmişik
ki, nə olub, sonradan bilmişik.
Bizim uşaqlar
xoşbəxtdirlər. Onlar müstəqil ölkədə
yaşayırlar. Bu gün taleyimiz öz əlimizdədir.
Azərbaycan xalqı öz taleyinin sahibidir və
uşaqlarımız tariximizi, keçmişimizi,
bugünkü reallıqları yaxşı bilməlidirlər.
Mən o görüşdə söyləmişdim
ki, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt
unutmayacaqdır. Mən dəfələrlə
söyləmişdim ki, bugünkü Ermənistan - xəritədə
Ermənistan Respublikası adlandırılan ərazi əzəli
Azərbaycan torpağıdır. Bu, həqiqətdir.
Əlbəttə, Zəngəzur, İrəvan
xanlığı bizim torpaqlardır! Orada azərbaycanlılar
əsrlər boyu yaşamışlar. Ermənilər
müəyyən bölgələrdə olublar. Amma onlar XIX əsrdə kütləvi şəkildə
köçürülmüşlər. Necə ola bilər ki, 1918-ci ildə İrəvanın
Ermənistanın paytaxtı elan olunması Azərbaycan
Demokratik Respublikası hökumətinin qərarı ilə
baş verib?! Əgər o bölgələr dırnaqarası
"Böyük Ermənistan"a aid idisə,
onda nə üçün bizdən icazə alırdılar?!
Qiyas QULİYEV: Sizin nitqinizdə
var idi ki, müqavilə ilə verilib.
Prezident İlham ƏLİYEV:
Əlbəttə. Qarabağ əzəli Azərbaycan
torpağıdır. Erməni dilində
"Qarabağ" sözü var? Yoxdur! Qarabağın
Xankəndi şəhərinə Stepanakert adını o vaxt
Sovet İttifaqı verib. Nədir Stepanakert?! Bu ad Stepan Şaumyanın adından
götürülüb. Əgər bu
şəhərin ermənilərlə bağlı tarixi bir
keçmişi olsaydı, o adı qoyardılar?! Onun tarixi adı Xankəndidir. Budur
reallıq. Yəni bizim uşaqlar
bütün bunları bilməlidirlər ki, bugünkü Ermənistan
əzəli Azərbaycan torpaqlarında yerləşir.
Bu az imiş, hələ istəyirlər
bizim ərazimizdə ikinci dövləti yaratsınlar. Tarixi Azərbaycan torpağında ikinci erməni
dövləti yaratmaq istəyirlər. Heç
vaxt buna razılıq verə bilmərik və biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
İstənilən yolla! Mən buna şübhə etmirəm!
Bu gün Azərbaycan
qüdrətli dövlətdir. Bu gün Azərbaycan
təkcə təhsildə deyil, bütün sahələrdə
böyük işlərə qadirdir. Hara
baxsan, bunu görmək mümkündür. Elə Yevlaxın yeniləşən simasına
baxın. Siz burada
yaşayırsınız, bəlkə öyrəşmisiniz.
Amma mən Prezident kimi buraya beşinci dəfədir
ki, gəlirəm. Ondan əvvəlki
dövrlərdə də burada olmuşam. Mən
də yaxşı xatırlayıram burada vəziyyət necə
idi. Yevlax bu gün Avropanın ən
qabaqcıl şəhərlərindən bir addım geri
qalmır. Belədir.
Qiyas QULİYEV: Əslində
hamı deyir ki, Prezidentin fəaliyyəti nəticəsində
Yevlax inkişaf edir.
Prezident İlham ƏLİYEV:
Bir də ki, icra başçısının.
Qiyas QULİYEV: Deyirəm
icra başçısını tərifləsəm...
Prezident İlham ƏLİYEV:
Amma mən hər şeyi necə var, elə deməliyəm. Harada ki, işlər yaxşı gedir, onu deməliyəm,
əgər pis gedirsə onu da deyirəm. Bax,
Yevlaxda çox böyük işlər görülür.
Bu, məni çox sevindirir. İcra başçısı, bütün fəallar,
vətəndaşlar çalışırlar ki, Yevlax daha da
gözəlləşsin. Gözəl
meydanlar, binalar, yollar, infrastruktur, qaz, işıq, içməli
su. Çayboyu kəndlərdə neçə-neçə
içməli su qurğusu tikilib. İndi
orada minlərlə insan təmiz su içir. O su ki,
Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verir. Əvvəllər necə
su içirdilər?! Lilli. Yəni
bütün bunlar görünməyən işlərdir.
Görünən işlər də budur - belə
gözəl məktəblər harada vardır?! Ancaq Azərbaycanda və belə də
olmalıdır. Ən qabaqcıl səviyyə
Azərbaycanda olmalıdır. Xalqımız
buna qadirdir və layiqdir. Sizi bir daha təbrik
edirəm.
* * *
Şəhər sakini Əminə
ƏHMƏDOVA da yevlaxlıların ən xoş
arzularını Prezident İlham Əliyevə
çatdıraraq dedi:
- Ulu öndərimiz deyirdi
ki, mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm.
Siz deyirsiniz ki, Yevlax bu gün Azərbaycanın ən
inkişaf etmiş şəhərləri
sırasındadır. Bu şəhəri
bizə Siz verdiniz. Fəvvarələr,
parklar, gecə işıqları.
İnanırsınız, Heydər Əliyev prospekti ilə gedərkən
həmişə ürəyimdə deyirəm: Mən Azərbaycan
vətəndaşıyam, qürur duyuram. Çox sağ olun. Təkcə şəhərlərimizi
dəyişməmisiniz, ruhumuzu, qəlbimizi təzələmisiniz.
Hər şeyə görə çox sağ
olun. Allah Sizi bir-birinizdən ayırmasın.
Bir-birinizə çox
yaraşırsınız. Allah Sizi xoşbəxt
etsin, o gözəl nəvələrinizi gözünüzə
çıraq etsin. Sağ olun.
* * *
Mərasim
iştirakçıları Prezident və xanımı ilə
xatirə şəkli çəkdirdilər.
* * *
Sonra məktəbin
açılışı oldu. Dövlət başçısı
rəmzi açılışı bildirən lenti kəsdi,
binada yaradılmış şəraitlə tanış
oldu.
Məlumat verildi ki, burada 81 il əvvəl Yevlaxın ilk orta məktəbi
yerləşmişdir. Köhnə bina
yararsız hala düşdüyündən sökülərək
2009-cu ildən yeni binanın inşasına
başlanmışdır.
Foyedə ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
təhsil sahəsinə diqqət və
qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır. Birinci mərtəbədə
zəngin kitabxana və xidmət otaqları, idman zalı, tibb
məntəqəsi yerləşir. İkinci
mərtəbədə sinif otaqları və 2 kompüter
otağı vardır. Üçüncü
mərtəbə fənn kabinetləri, 2 laboratoriya, sinif
otaqları, akt zalından ibarətdir.
Dövlət
başçısı və xanımı dərs
otaqlarına və musiqi kabinetinə baxdılar.
Prezident
İlham Əliyev yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 1. 2.