Prezident İlham Əliyev
Yevlaxda bulvar-hotel
kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 14-də Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində bulvar-hotel kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
Dövlət başçısına məlumat verildi ki, bulvar-hotel kompleksi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hotelin tikintialtı sahəsi 2156 kvadratmetrdir. Beşmərtəbəli hoteldə 44 nömrə, restoran, bar, idman zalı, mətbəx, hovuz, ofis otaqları və digər yardımçı otaqlar olacaqdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hotelin maketi, otaqların dizayn elementlərinin fotoeskizləri və işçi layihə ilə tanış oldular.
Bildirildi ki, Kür çayının sahilində 1,5 kilometrlik bulvarın uzunluğunun 4 kilometrə çatdırılması, burada istirahət və əyləncə üçün hər cür şəraitin yaradılması nəzərdə tutulur. Hazırda ərazidə yaşıllıq işləri aparılır.
Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyev 2002-ci il sentyabrın 13-də bu parkda olmuşdur.
Prezident İlham Əliyevə "Qırmızı kitab"a daxil edilmiş, Kür çayının sahilindəki uzunömürlü qovaq ağacı haqqında da məlumat verildi.
Dövlət başçısı və xanımı Mehriban Əliyeva ağacın qarşısında xatirə şəkli çəkdirdilər.
Kompleksdə aparılan abadlıq və quruculuq işlərindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 3.