Azərbaycan bütün
sahələrdə çox sürətlə
inkişaf edir
Ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə qurumun müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdü.
Qonaqları salamlayan Oqtay Əsədov dedi ki, respublikamız müstəqilliyini bərpa etdikdən sonra demokratik, dünyəvi və sivil dövlət quruculuğu istiqamətində mühüm addımlar atmışdır. Avropa dəyərlərinin mənimsənilməsi və Avratlantik məkana inteqrasiya dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu gün Azərbaycan bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edir.
Milli Məclisin Sədri bildirdi ki, demokratik dövlət quruculuğunun şərtlərindən biri də şəffaf, azad seçkilər keçirməkdir. Bu ilin noyabrında dördüncü çağırış Milli Məclisə seçkilər keçiriləcəkdir. Azərbaycan dövləti bu seçkilərin demokratik, şəffaf və azad keçirilməsi üçün lazım olan bütün normal şəraiti yaratmışdır. Vətəndaşlar tam sərbəst şəkildə öz seçimlərini edəcəklər. Biz istərdik ki, beynəlxalq müşahidəçilər də bu məsələdə obyektivlik nümayiş etdirsinlər.
Nümayəndə heyətinin rəhbəri, ATƏT PA sədrinin müavini Volfqanq Qrossruk ətraflı məlumata və onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi. Azərbaycana ilk dəfə ötən əsrin 90-cı illərinin ikinci yarısında gəldiyini xatırlayan qonaq dedi ki, bu, Azərbaycana sayca beşinci səfəridir. "Bakıya hər gəlişimdə çox böyük dəyişikliklər görürəm. Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edir", - deyə V.Qrossruk bildirdi.
Sonra
görüşdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq,
seçkilərlə bağlı beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti
və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
geniş fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 3.