Görkəmli şərqşünas
alim Aida
İmanquliyevanın "Məqalələr və tərcümələr"
kitabı təqdim olunmuşdur
Oktyabrın 15-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində
görkəmli şərqşünas alim Aida
İmanquliyevanın akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutu tərəfindən çap etdirilmiş "Məqalələr
və tərcümələr" adlı kitabının təqdimat
mərasimi keçirilmişdir.
İnstitutun direktoru
Gövhər Baxşəliyeva bildirmişdir ki, bu gün
ölkəmizin hər yerində görkəmli şərqşünas
alim, filologiya elmləri doktoru, elm təşkilatçısı,
professor Aida xanım İmanquliyevanın anadan olmasının
71 illiyinə həsr olunmuş silsilə tədbirlər
keçirilir.
On səkkiz il əvvəl
dünyasını dəyişmiş Aida xanım keçdiyi
53 illik ömür yolunda həm görkəmli alim kimi
dünya şərqşünaslıq elminə böyük
töhfələr vermiş, həm də sədaqətli ana,
vəfalı həyat yoldaşı kimi Azərbaycan
xanımına örnək bir tale yaşamışdır.
Aida İmanquliyevanın
bu gün də aktuallığını itirməyən zəngin
elmi irsindən danışan G.Baxşəliyeva onun mühacir ərəb
ədəbiyyatını dərindən tədqiq etdiyini,
şərqşünaslıq elmində silinməz iz
qoyduğunu bildirmişdir. Demişdir ki, Aida xanımın tədqiqat
əsərləri və tərcümələri ədəbiyyat
və mədəniyyət xəzinəmizin zəngin sərvətidir.
Qələmə aldığı bütün əsərləri
bu insanın əsl elm fədaisi, cəsarətli fikir və
söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir.
Məlumat verilmişdir
ki, Şərqşünaslıq İnstitutunun ərəb
filologiyası şöbəsinin müdiri, filologiya elmləri
doktoru Vilayət Cəfərovun tərtib etdiyi "Məqalələr
və tərcümələr" kitabında Aida
xanımın 53 məqaləsi, müxtəlif kitablara
yazdığı rəylər və tərcümələr
toplanmışdır.
Vilayət Cəfərov
vurğulamışdır ki, "Bakı Çap Evi"nin mətbəəsində
çap edilmiş 488 səhifəlik bu nəfis tərtibatlı
kitab Aida İmanquliyevanın ötən əsrin 60-80-ci illərdə
qələmə aldığı məqalələrin və ərəb
dilindən Azərbaycan dilinə çevirdiyi hekayə və
digər əsərlərin ilk toplusudur. Bu məqalə və
tərcümələr vaxtilə "Azərbaycan",
"Literaturnı Azerbaydjan" jurnallarında, "Ədəbiyyat
və İncəsənət" qəzetində, digər mətbu
orqanlarda çap olunmuşdur.
Aida xanım
İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsinin
geniş və çoxşaxəli olduğunu diqqətə
çatdıran alim qeyd etmişdir ki, onun elmi əsərlərində
Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcılıq üslubunun inkişafı və
yeni bədii cərəyanların təşəkkül
tapması geniş tədqiq edilmişdir. Bu da nəinki ərəb
ədəbiyyatının, həmçinin bütün yeni
Şərq ədəbiyyatının gələcəkdə
tədqiqi üçün çox mühüm zəmin
yaratmışdır.
Şərqşünaslıq
İnstitutunun böyük elmi işçisi, Aida
İmanquliyevanın xatirəsinə həsr olunmuş "Ərəb
filologiyası sahəsində tələbələrin və gənc
alimlərin arasında ən yaxşı elmi-tədqiqat əsəri"
mövzusunda keçirilmiş müsabiqənin qalibi Ruhəngiz
Cümşüdlü bildirmişdir ki, bu kitab gənc şərqşünaslara
böyük alimin elmi irsini daha dərindən mənimsəməyə
imkan yaradacaqdır. Xüsusi vurğulamışdır ki, Aida
İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləriylə
Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan
yan keçməsinə, dialoqun və qarşılıqlı
anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə
kömək etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 3.