Almaniya Azərbaycana böyük
maraq göstərir
Oktyabrın 15-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının deputatı Rolf Hempelman ilə görüşdü.
Qonağı səmimi salamlayan Valeh Ələsgərov Milli Məclisin fəaliyyəti, qanunvericilik işləri, təbii ehtiyatlar, eləcə də enerji resurslarının hasilatı, işlənməsi və pay bölgüsü sahəsində qanun yaradıcılığı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Bu gün ölkəmiz iqtisadi inkişafına görə regionda lider dövlətdir və dünya miqyasında öz layiqli yerini tutmuşdur. Azərbaycan bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də təşəbbüskarıdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır.
Göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirən Rolf Hempelman Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, diqqətə çatdırdı ki, Almaniyada Azərbaycana böyük maraq vardır. Səfərin məqsədi Azərbaycanın enerji resurslarının idarə olunması ilə bağlı qanunvericilik təcrübəsini öyrənməkdir.
Söhbət
zamanı Azərbaycan-Almaniya parlamentlərarası münasibətlərinin
genişləndirilməsi, qanunvericilik sahəsində
təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin
sayının artırılması barədə müzakirələr
aparıldı.
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 3.