Vədinə sadiq LİDER
Prezident İlham Əliyev son 7 ildə
ictimaiyyət qarşısında səsləndirdiyi hər bir
bəyanatı əməli işi ilə gerçəkliyə
çevirməyə nail oldu
Hər bir xalqın taleyində mühüm rol oynayan, onun gələcək müqəddəratını müəyyənləşdirən, mühüm siyasi proses kimi xarakterizə olunan seçkilər cəmiyyətdə sivil idarəçilik və normal birgəyaşayış normalarının, mütərəqqi inkişaf harmoniyasının qorunub saxlanılmasında vacib rol oynayır. Tarixi təcrübə göstərir ki, yaranmış hansısa həlledici məqamda mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək doğru seçim etməyi bacaran xalqlar istənilən çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə inamla irəliləmiş, bəşəri miqyasda özünütəsdiq imkanı qazanmışlar. Taleyini hər zaman qəlbən inandığı, etimad bəslədiyi rəhbərə etibar etmiş müdrik və uzaqgörən xalqımızın 2003-cü il 15 oktyabr tarixli seçimi də məhz bu reallıqla şərtlənmiş, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi alternativsiz siyasi kursun möhtəşəm qələbəsinə çevrilən bu əlamətdar hadisə Azərbaycanın keyfiyyətcə yeni mərhələdə sürətli inkişafı üçün imkanlar açmışdır.
Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq hər bir vətəndaşın mənafeyinə cavab verən, güvənli gələcəyə etibarlı zəmin yaradan siyasi kursun davam etdirilməsi zərurəti 2003-cü ilin 15 oktyabr seçkilərində cəmiyyətin həlledici çoxluğunun iradəsi ilə şərtlənmiş, xalqımız tərəddüdsüz olaraq taleyini cənab İlham Əliyevə etibar etmişdir. 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə əldə edilən inanılmaz nailiyyətlər xalqın bu seçkilərlə bağlı qəti və prinsipial mövqeyinə təsir göstərmiş, vətəndaşlarımız Azərbaycanda ictimai-siyasi sabitliyə, davamlı sosial-iqtisadi inkişafa, insan və vətəndaş hüquq-azadlıqlarının qorunmasına etibarlı təminat yaratmış demokratikləşmə xəttini birmənalı şəkildə dəstəkləmişlər. Ulu öndərin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyə cəmiyyətə özünün layiqli siyasi varisi kimi təqdim etdiyi cənab İlham Əliyev xalqın seçimini doğrultmağa qadir, qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir.
Prezidentliyinin birinci dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki növbəti möhtəşəm qələbəsi də obyektiv reallıqlardan irəli gəlmişdir. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci ilin 15 oktyabr prezident seçkilərində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi meydana çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir.
Cəmiyyət
qarşısındakı öhdəliklərə sadiqlik
prinsipi
Siyasi hakimiyyətin müəyyən zaman intervalında əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amillərdən biri də məhz sosial məsuliyyət prinsipidir. Cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirən hakimiyyət komandası xalqa layiqli xidmət məramını əsas tutmaqla, ölkənin bütün resurslarını qarşıya qoyduğu strateji məqsədlərin gerçəkləşdirilməsi naminə səfərbər edir. Cənab İlham Əliyevin son 7 illik fəaliyyətinə nəzər saldıqda, dövlət başçısının bu prinsipə daim sadiq olduğu və böyük həssaslıqla yanaşdığı bir daha aydın görünür.
İctimaiyyətin ötən illərdə keçirilən bütün seçkilərində mövcud siyasi kursa dəstək verməsini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin son illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, hər bir vədini doğrultması, bir sözlə, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss eləsin", - bu fikir dövlət başçısının xalqına necə bağlı lider olduğunu əyani surətdə aşkara çıxarır.
Dövlət başçısı ötən illərdə hökumət qarşısında hər bir mərhələ üçün duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə, habelə kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyə nail olmuşdur. Cənab İlham Əliyev ötən 7 ildə imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamlarla, qəbul etdiyi çevik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin səmərəliliyinə nail olmuşdur.
Azərbaycanın son 7 ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi siyasətin milli maraq və mənafe baxımından səmərəliliyinin tam təsdiqinin şahidi olarıq. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2010-cu illərdə 50-80 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Bu günlərdə Milli Məclisdə müzakirə edilən büdcə layihəsinə əsasən, Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi 12 milyard civarında nəzərdə tutulur və bu, ümumdünya maliyyə-iqtisadi böhranının hələ tam səngimədiyi bir şəraitdə tamamilə qənaətbəxş sayıla bilər.
Hökumət ötən 7 ildə həm də regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramlarını, fərman və sərəncamları uğurla icra etmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atmışdır. Eyni zamanda, dövlət başçısı İlham Əliyev bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər etmişdir. 2003-2010-cu illərdə Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə olan cənab İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu əməli olaraq təsdiqləmişdir.
Sosialyönümlü siyasət
yenə də prioritetdir
Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş cənab İlham Əliyevin yüksək ictimai inam qazanmasını şərtləndirən ən başlıca amillərdən biri də ilk gündən sosialyönümlü iqtisadi siyasətə üstünlük verməsi, bu strategiyanın insan amilinin tərəqqisinə xidmət etməsidir.
Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi layihəsində sosialyönümlülüyün aparıcı yer tutması - bu məqsədlə 33,3 faiz (ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu, bir tərəfdən ölkədə insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Müasir dünyada sosial-iqtisadi və mədəni hüquqlar əsas insan hüquqları sisteminə aid olmaqla, fərdin yaşayışının sosial-iqtisadi şəraitinin qorunması və normativ möhkəmləndirilməsi məsələlərini özündə ehtiva edir.
Ölkəmizin gəlirləri artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli "Avropa Sosial Xartiyası"na qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Ölkə Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ var. Bu ali sənəd ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququnu tanıyır.
2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə edilmiş bir sıra mütərəqqi əlavələr də Azərbaycanda hər bir vətəndaşın normal yaşayış səviyyəsinin, sosial rifah halının yüksəldilməsi, firavan yaşayışının təmini yönümündə həyata keçirilən tədbirlərin mahiyyətindən irəli gəlmişdir. Həmin maddəyə edilmiş dəyişikliyə görə, insan və vətəndaş hüquq və azadlıqları ilə yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi" dövlətin ali məqsədləri sırasına daxil edilmişdir. Bu əlavənin Konstitusiyada əksini tapması respublikanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması, hökumətin iqtisadi siyasət strategiyasında sosialyönümlü məsələlərin prioritetə çevrilməsi ilə şərtlənmişdir. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi ilə öz vəzifəsini qətiyyən məhdudlaşdırmayıb, hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin olunmasını da ciddi öhdəlik kimi üzərinə götürmüşdür.
Müqayisə üçün xatırlatmaq lazımdır ki, 2003-cü ilin sentyabrında təxminən 5,5 Azərbaycan manatı olan minimum əməkhaqqı cənab İlham Əliyevin son 7 ildə imzaladığı sərəncamlarla 85 manata qaldırılmış, əhalinin pensiyaları təxminən 6 dəfə, tələbə təqaüdləri 10 dəfədən çox artmışdır. Bu siyasətin ən parlaq göstəricilərindən biri də ötən 7 ildə 900 minə yaxın yeni iş yerinin açılması, ciddi sosial bəla kimi özünü göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxması, habelə yoxsulluq həddinin 49 faizdən 11 faizə enməsidir. Həmçinin ünvanlı sosial proqramın tətbiqi və ümumilikdə 800 minədək vətəndaşa şamil edilməsi, gənc ailələrin mənzillə təmini üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır. "Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük. Deyə bilərəm ki, bugünkü məlumata görə, Azərbaycanda orta əməkhaqqı təxminən 400 dollar təşkil edir, ildən-ilə artır və ilin birinci yarısında da artım müşahidə olunubdur. Orta pensiyaların həcmi təxminən 130 dollardır. Burada da artım var. Amma əlbəttə ki, biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq", - deyə dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə vurğulamışdır. Həmin müşavirədən cəmi iki ay sonra tələbə təqaüdlərinin, yaşa görə pensiyaların, habelə büdcədən maliyyələşən bütün təşkilatlarda məvaciblərin artırılması dövlət başçısının hər bir bəyanatının əməli işə əsaslandığını bir daha göstərir.
2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin də əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır. "Mən istəyirəm ki, hər bir vətəndaşın evində işıq, qaz, su olsun, insanlar daha firavan, rahat yaşasınlar", - deyən dövlət başçısı bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvan MR-in davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.
Sonuncu çadır düşərgəsi də ləğv olundu
Ermənistanın təcavüzkarlıq siyasəti üzündən tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi, habelə faydalı məşğulluğunun təmini cənab İlham Əliyevin ötən 7 ildə həyata keçirdiyi sosialyönümlü siyasətin ana xəttini təşkil edir. Azərbaycan Prezidenti yüksək insanpərvərlik və humanizm prinsiplərinə əsaslanaraq məcburi köçkünlərə qayğı siyasətini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq", - deyən dövlət başçısı ötən dövrdə bütün zəruri tədbirləri həyata keçirməklə, bu vədini əməli şəkildə gerçəkləşdirmişdir. Ötən dövrdə qaçqın və məcburi köçkünlərlə aparılan işi təkmilləşdirmək, bu sahə üzrə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası formalaşdırmaq, mövcud prosesin idarəolunma mexanizmini hüquqi çərçivəyə salmaq, habelə bir sıra təşkilati tədbirləri gerçəkləşdirmək məqsədilə xüsusi dövlət proqramı təsdiqlənərək icra edilmişdir.
Ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə son 7 ildə Prezident İlham Əliyev tərəfindən 22 fərman və sərəncam imzalanmışdır. Cənab İlham Əliyevin 2004-cü il 4 fevral tarixli "Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında" və 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na bəzi əlavələr edilmiş, nəticədə 2008-ci ilin sonunda ölkədəki sonuncu çadır düşərgəsi də ləğv olunmuş, dövlət başçısı hələ 2003-cü ilin prezident seçkilərində verdiyi daha bir vədini uğurla reallaşdırmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbələr, inşa olunan evlər bu kateqoriyadan olan soydaşlarımızın müvəqqəti məskunlaşması, rahat yaşaması üçündür. Dövlətin ali məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Ötən 7 ildə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ali Baş Komandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Dövlət başçısının xalq qarşısındakı daha bir vədi real işdə təsdiqini tapmış, Azərbaycan Ordusunun hərbi xərcləri bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatmışdır.
İqtisadi inkişaf
demokratik-hüquqi islahatlara yol açır
Politoloji-siyasi nəzəriyyələrdə liderlik həm də rəhbərin yeritdiyi siyasətlə ən müxtəlif zümrələri öz ətrafında birləşdirmək bacarığı kimi səciyyələndirilir. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyət və lider kimi üstünlüyü onun ideyalarının birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası cəmiyyətin bütövlüyü və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüşdür.
Azərbaycan Prezidentinin milli barışa, vətəndaş sülhünə, siyasi qüvvələr arasında sivil siyasi dialoq və anlaşmaya xidmət edən insanpərvər, humanist siyasəti onun prezident seçkilərindən dərhal sonra verdiyi "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" bəyanatında da real əksini tapmışdır. Dövlət başçısı siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın, habelə keçmişlə yaşamağın əleyhinə olduğunu birmənalı bəyan etmiş, bölücülük meyillərinə qarşı çıxmışdır. Bu məqam cənab İlham Əliyevin idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq xətt təşkil etdiyini bir daha təsdiqləyir.
2008-ci il oktyabrın 24-də vətənə, dövlətə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev son seçkilər fonunda ölkədə yeni siyasi münasibətlər sisteminin formalaşdığını razılıqla qeyd etmişdir: "Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm".
İqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi son 7 ildə Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.
Son illərdə respublikamızın sürətli sosial-iqtisadi inkişaf yolunda olması demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini də ciddi tələb kimi önə çıxarır. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha yaxşı imkanlar yaranmışdır. 2003-cü ildən bu istiqamətdə həyata keçirilən islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə, respublikamızın beynəlxalq imicini daha da möhkəmləndirmişdir. 2004-cü ildən etibarən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında" və digər qanunlara mütərəqqi ruhlu əlavə və düzəlişlərin edilməsini, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və digər qanunların qəbulunu xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın hüquq sisteminin müasirləşdirilməsi məqsədilə imzalanmış bir sıra mühüm dövlət proqramları, fərman və sərəncamlar ölkənin demokratikləşməsi xəttinin sürətlənməsinə də əsaslı təkan vermişdir. Azərbaycan Prezidentinin "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)"nın təsdiq edilməsi haqqında" 3 sentyabr 2004-cü il tarixli, "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli, "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli, habelə "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında", "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli, "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" 27 iyul 2007-ci il tarixli, "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" 13 dekabr 2007-ci il tarixli fərman və sərəncamlarının siyasi və hüquqi mühitin liberallaşmasındakı müstəsna rolunu xüsusi qeyd etmək olar.
Flaqman ali təhsil ocağına
yüksək qayğı
İqtisadi tərəqqi, demokratikləşmə, insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin qazandıqları uğur və nailiyyətlər həm də elmə, təhsilə göstərilən böyük diqqət və qayğı ilə bağlıdır. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev son 7 ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, elmə, təhsilə xüsusi qayğı ilə yanaşmış, həmin sahələrdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir.
Bu yüksək diqqət və qayğını ötən il 90 illik yubileyi respublika miqyasında qeyd olunan, Azərbaycanın ilk ali məktəbi kimi elmdə, təhsildə də öncüllüyünü qoruyub saxlayan Bakı Dövlət Universiteti də yaxından hiss edir. Azərbaycanın inkişafını güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin xüsusi qayğısı ilə universitet inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. 2008-ci ildə universitetin tikintisi uzun illər yarımçıq qalmış III korpusunun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək dərs ili qarşısında istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğı siyasətinin bariz təcəssümü olmuşdur.
Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə yubiley tədbirlərinə start verilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Dövlət başçısının 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminin müxtəlif fəxri adlara, mükafatlara, fərdi təqaüdlərə layiq görülməsi böyük amallar sahibi olan liderin elmə, təhsilə qayğısı, habelə universitetə ənənələrdən gələn diqqət nümunəsi olmuşdur.
Universitetin 2009-cu il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli mərasim isə BDU-nun yubiley tədbirlərinin uğurlu yekunu olmuşdur. Dövlət başçısı İlham Əliyev yubiley mərasimində dərin məzmunlu nitq söyləyərək universitetin Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında daim öncül mövqeyə malik olduğunu, cəmiyyətdə yüksək nüfuzu ilə seçildiyini bildirmişdir. Universitet kollektivini yubiley münasibətilə təbrik edən, onlara uğurlar arzulayan möhtərəm Prezident universitetin mantiyasını geyinən, diplomunu alan zaman böyük səmimiyyət və ehtiram hissi ilə BDU-ya bundan sonra da qayğı ilə yanaşacağını demişdir. Dövlətçiliyin sadiq keşikçisi olan, xalqa layiqli xidməti başlıca amala çevirən BDU Azərbaycanın bir nömrəli universiteti kimi üzərinə düşən məsuliyyəti daim düzgün dəyərləndirir, dövlət və xalq qarşısında məsuliyyətini aydın dərk edir.
BDU-nun 90 illik yubileyində Prezident İlham Əliyev Azərbaycanda keçid dövrünün geridə qaldığını, respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bəyan etmişdir. Bütün sahələrdə dinamik inkişaf edən respublikamızın bu mərhələdə qarşıya qoyduğu başlıca hədəfi mövcud problemlərin həllinə nail olaraq sürətlə modernləşmək, inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilməkdir. Cənab İlham Əliyevin xalqın və dövlətin mənafeyinə əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət deməyə əsas verir ki, respublikamız qarşıdakı illərdə bu hədəfə yetişmək üçün daha inamlı addımlar atacaq, Azərbaycan hər bir sahədə modern dövlət kimi tanınacaqdır.
Zahid CƏFƏROV,
hüquq elmləri namizədi,
BDU-nun Mülki proses,
əmək və ekologiya
hüququ
kafedrasının dosenti
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 4.