Şuşa mədəniyyət və turizm işçilərinin konfransı olmuşdur

 

Oktyabrın 15-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Şuşa mədəniyyət və turizm şöbəsi işçilərinin konfransı keçirilmişdir.

İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək qədim Şuşa şəhərinin mədəni irsinin təbliği istiqamətində görülən işlərdən danışmışdır. Məlumat vermişdir ki, Şuşa şəhəri musiqi beşiyi kimi YUNESKO-nun mədəni irs siyahısına təqdim olunmuşdur. Lakin dağlar şəhərinin mədəni irsinin təbliği üçün Bakıda mədəniyyət mərkəzinin açılması vacibdir.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd etmişdir ki, rayonda 3 mədəniyyət evi, 1 klub, 32 kitabxana, 1 ev-muzeyi, 1 uşaq incəsənət məktəbi, 7 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə 1500-ə yaxın şagird təhsil alır, 454 müəllim çalışır, Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüsləri ölkəmizi dünyanın mədəniyyət mərkəzinə çevirmişdir. Musiqi məktəblərinin müasirləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi işində mühüm işlər görülmüşdür. Şagirdlər Mədəniyyət və Turizm, İdman və Gənclər nazirliklərinin keçirdiyi musiqi müsabiqələrində layiqli yerlər tutmuşlar. İcma rəhbərinin dəstəyi ilə "Şuşa" sənədli filmi hazırlanmış, "Şuşa Azərbaycanın mədəniyyət və tarixi incisidir" adlı kitab nəşr edilmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları Şuşanın qədim maddi-mədəni irsinin erməni vandalları tərəfindən dağıdılması, onların özününküləşdirilməsi haqqında danışmışlar.

Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov çıxış etmişdir.

Sonda bir qrup mədəniyyət işçisi fəxri fərmanlarla təltif olunmuşdur.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 5.