BMT Təhlükəsizlik
Şurasının 1325 saylı qətnaməsinin 10 illiyi qeyd olunmuşdur
Oktyabrın 15-də "Avropa" mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Qadın Problemləri Tədqiqat Birliyi - Qadın İnstitutu ilə birgə BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin 10 illiyinə həsr edilmiş "Nailiyyətlər, perspektivlər" mövzusunda beynəlxalq konfrans keçirmişdir. Tədbir İsveçin "Kvinna till Kvina" fondunun dəstəyi ilə təşkil edilmişdir.
Açılış mərasimində AQUPDK-nın sədri Hicran Hüseynova qətnamənin əhəmiyyətindən danışmış, sənəddə münaqişələrin həll olunması və aradan qaldırılmasında, həmçinin sülh quruculuğunda qadınların mühüm rolunun xüsusi vurğulandığını diqqətə çatdırmışdır. "Koalisiya 1325" qadın qurumunun fəaliyyətini yüksək qiymətləndirən H.Hüseynova demişdir ki, qısa bir zamanda koalisiya əvvəlcə o qədər də böyük olmayan bir qrupdan milli səviyyədə tanınan, gender bərabərliyini təmin edən bir təşkilata çevrilmişdir. Azərbaycan qadınlarının vahid bir koalisiyada birləşmələri bizim ən böyük nailiyyətlərimizdəndir. Onların məqsədi sülh yaratmaqdır. Tarixən Azərbaycan qadınları cəmiyyətin nəinki elmi-mədəni, həm də ictimai-siyasi həyatında fəal rol oynamış, bir sıra problemlərin həllində yaxından iştirak etmişlər. Bu gün də hər bir azərbaycanlı qadını xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi işində öz səyini əsirgəməməyə çalışır.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycanda bu qətnamənin müddəalarının uğurla tətbiq olunduğunu qeyd etmişdir.
Qadın Problemləri Tədqiqat Birliyi - Qadın İnstitutunun sədri Sacidə Əbdülvahabova bildirmişdir ki, BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) layihəsi çərçivəsində "Koalisiya 1325" qadın qrupu qadınlar, sülh və təhlükəsizlik haqqında BMT Təhlükəsizlik Şurasının (TŞ) 1325 saylı qətnaməsinin prinsiplərinə əsaslanaraq qadınların sülh prosesində fəal iştirakına imkan yaratmaq məqsədilə yaradılmışdır. Yaradıldığı gündən bu milli koalisiya qətnamənin məzmunu barədə Azərbaycan cəmiyyətinin məlumatını artırmağa və qadınların sülhyaratma proseslərində iştirakının vacibliyini vurğulamağa yönəlmiş bir sıra təşəbbüslər həyata keçirmişdir.
Milli Məclisin deputatlarının, dövlət strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd edilmişdir ki, gender və hüquqların bərabərliyi demokratik cəmiyyətin mühüm əsaslarından biridir. Qadınlarımız Azərbaycan qanunlarını, BMT-nin qətnamələrini, beynəlxalq konvensiyaları əsas tutub, müxtəlif təşkilatlarda, koalisiyalarda birləşərək həyatımızda müsbət dəyişikliklərə nail olurlar.
Tədbirdə koalisiyanın fəal üzvlərinə diplomlar təqdim edilmişdir.
Konfransın sonunda beynəlxalq təşkilatlara və respublika ictimaiyyətinə müraciət qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 6.