Qarabağ probleminin həlli
ilə bağlı təbliğat işində ən fəal qurum Heydər Əliyev Fondudur
Qarabağ İctimai Forumu vətəndaş cəmiyyəti institutlarının Qarabağ münaqişəsi ilə bağlı təbliğat işinə münasibəti öyrənmək üçün qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və ictimaiyyət arasında sorğu keçirmişdir. Oktyabrın 15-də sorğunun nəticələri açıqlanmışdır.
Qarabağ probleminin həlli istiqamətində təbliğat işlərində fəallıq göstərən qurum kimi respondentlər daha çox Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban xanım Əliyevanın adını qeyd etmişlər. Bu, Qarabağ İctimai Forumunun keçirdiyi sorğudan məlum olmuşdur. Respondentlərin 75,5 faizi məhz Heydər Əliyev Fondunun bu məsələdə fəal işini vurğulamışlar.
Bu ilin iyul-sentyabr aylarında aparılan sorğuda 973 nəfər iştirak etmişdir. Sorğuda iştirak edənlərin 55,5 faizinin fikrincə, Qarabağ problemi ətrafında təbliğat işini gücləndirmək üçün elektron KİV-in imkanlarından geniş istifadə etmək vacibdir. Onlar hesab edirlər ki, internetdə Qarabağ problemi ilə bağlı çoxsaylı xəbər saytları yaradılmalıdır. Alınan cavablar göstərir ki, Qarabağla bağlı müxtəlif filmlərin çəkilməsi və xaricdə göstərilməsi vacibdir. Respondentlərin 58,9 faizini vətəndaş cəmiyyəti institutlarının Qarabağ problemi ilə bağlı həyata keçirdikləri layihələr qane etmir. Sorğuda iştirak edənlərin 63,2 faizi Qarabağ probleminin həllinə dair indiyə qədər görülən işlər sırasında dövlətlərarası danışıqların prioritet məqsədlərə xidmət etdiyini göstərir. Sorğu aparılarkən, eyni zamanda hər bir respondentdən Qarabağ probleminin Azərbaycanın mənafeyinə uyğun həlli üçün ən vacib işlərin hansılar olduğu soruşulmuşdur. Alınan cavablarda isə göstərilir ki, bu problemin həllində dövlətlə yanaşı, ilk növbədə cəmiyyət də məsuliyyətini dərk etməlidir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 6.