Nyu-Yorkda Üzeyir Hacıbəylinin yubileyi qeyd edilmişdir

 

Bruklin Türk Mədəniyyəti Mərkəzində Azərbaycan Nyu-York Assosiasiyası Üzeyir Hacibəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir təşkil etmişdir. Ü.Hacibəylinin müəllifi olduğu Azərbaycan dövlət himninın sədaları ilə açılan tədbirdə assosiasiya adından Ercan Yerdələnli və Zəminə Mirhadıyeva qonaqları salamlamışdılar. Yubiley tədbirində Azərbaycan Dövlət Musiqi Akademiyasının məzunları dahi bəstəkarın həyat və yaradıcılığından  danışmışdılar. Tədbirin  bədii hissəsində icma üzvü Novruz Məmmədov "Sənsiz" və "Sevgili canan" romanslarını ifa etmiş, "O olmasın, bu olsun" komediyasından parçalar səsləndirilmişdir. Azərbaycanın mədəni irsini təbliğ edən gecəyə Nyu-Yorkda yaşayan digər etnik icmaların nümayəndələri də qatılmışdılar.

 

 

Şəfəq Akifqızı,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2010.- 16 oktyabr.- S. 12.