Azərbaycanın müstəqilliyinə
etibarlı təminat yaratmış siyasət
"Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Mən heç bir başqa misal gətirmək istəmirəm. Biz bu misalları yaxşı bilirik. Ölkələr var ki, müəyyən səbəblərə görə müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək".
İlham ƏLİYEV
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, konkret şəxsiyyətlərin fəaliyyətində praktik olaraq təcəssümünü tapır. Bu mənada, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə qanı, canı bahasına əldə etdiyi dövlət müstəqilliyini məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirmiş, dövlət suverenliyinə əbədi təminat yaratmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində və bu istiqamətdə cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir.
Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə başlanmışdır. Muxtar respublika Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanda milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş və keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Həmin sessiyada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında da yekdil qərar qəbul edilmişdir. Eyni zamanda, yeni gerb və himnin hazırlanması üçün müsabiqə elan olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidəki ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirmişdir. 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktı da ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı şəxsiyyət olduğunu təsdiqləyir. O zaman respublika rəhbərliyi bu seçkiləri saxtalaşdıraraq Moskvaya tələb edən rəqəmi "rəsmiləşdirsə" də, Naxçıvan ictimaiyyəti ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqillik istəyini ortaya qoymuşdur.
1991-ci il iyulun 19-da Sov.İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır: "Mən Moskvanın israr etdiyi İttifaq müqaviləsinin əleyhinə çıxmışam. Hər hansı müstəqil dövlətin tərkibində bir neçə müstəqil dövlət ola bilməz. Bütün respublikalara iqtisadi və siyasi müstəqillik verilməli, onların hüquqları tanınmalıdır. Azərbaycan Kommunist Partiyasına hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizmin təmin edilməsi üçün lazımi şərtlərin təmin edilməsini tələb edirəm".
1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. 1991-ci il oktyabrın 18-də qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri kimi imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.
Azərbaycan xalqı uzun illərdən sonra özünün müstəqillik idealına qovuşsa da, bu, əslində, formal xarakter daşıyırdı. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. Ümummilli lider siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.
1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. Dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin il noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olundu.
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsası qoyuldu. Ötən illərdə yeni kollektiv beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Ulu öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Təşkilata üzvlük Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesini bir qədər də sürətləndirmişdir.
Heydər Əliyev dövlətçilik irsi Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir. Bu baxımdan ulu öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin siyasi sifarişi olmuşdur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri təsdiqlədi ki, Azərbaycan xalqı Heydər Əliyev siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir. Bu seçkilərdə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyevin şəksiz qələbə qazanması göstərdi ki, Azərbaycan cəmiyyəti ölkədə həyata keçirilən siyasətə alternativ görmür. "Əsl siyasət real, konkret iş görməkdən ibarətdir" deyən Azərbaycan Prezidenti qısa müddətdə ona bəslənilən ümidləri doğrultdu, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul etdi.
Dövlət başçısı ötən 7 il müddətində Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmlənməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldılıması naminə inamlı addımlar atmışdır. Respublikamızın müdafiə potensialının gücləndirilməsi, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatda liberallaşdırma, elmdə, təhsildə yeni informasiya texnologiyalarının tətbiqi də bu sırada xüsusi vurğulana bilər. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, ötən 7 il ərzində müstəqil Azərbaycan dövlətinin müdafiə potensialı 10 dəfədən çox artmış, respublikamızın təkcə hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatmışdır.
Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açıb. Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir.
Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin təhlilinə nəzərən tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursu Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinin və inkişafının ən başlıca təminatıdır.
S.ELMANOĞLU
Azərbaycan.- 2010.- 17 oktyabr.- S. 1.