Milli Aviasiya Akademiyasında "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının 13-cü spartakiadasının açılış mərasimi olmuşdur

 

Oktyabrın 16-da Milli Aviasiya Akademiyasının (MMA) idman kompleksində "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının 13-cü spartakiadasının açılış mərasimi olmuşdur. Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş spartakiada "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında keçirilir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və "Zenit" İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların komandalarının paradından sonra MAA-nın rektoru akademik Arif Paşayevin yarış iştirakçılarına təbrik məktubu oxunmuşdur.

Assosiasiyanın prezidenti Nadir Əliyev idmançılara uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, müvafiq yarışlar elektorenergetikaelektrotexnika sənayesi, aviasiya, avtomobil nəqliyyatı və yol təsərrüfatı, müdafiə sənayesi işçiləri, həmkarlar ittifaqları respublika komitəsinin, habelə "Baku Steel Company" işçilərinin həmkarlar ittifaqı birliyinin və "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının rəyasət heyətinin birgə qərarına əsasən keçirilir. Yarışın məqsədi həmin müəssisələrin işçilərini sağlam həyat tərzinə cəlb etməkdir.

Açılış mərasimində gənc idmançılar nümunəvi proqramla çıxış etmişlər.

İdmanın 10 növü üzrə keçirilən spartakiadanın futbol turnirinə artıq yekun vurulmuşdur. Metal İşçiləri Həmkarlar İttifaqları Federasiyası Respublika Komitəsinin "Bakı fəhləsi" klubu birinci yeri tutmuşdur.

Digər idman yarışları isə noyabrın 23-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 17 oktyabr.- S. 3.