Berlində Üzeyir
Hacıbəylinin xatirəsi Azərbaycan Dövlət
Konservatoriyasının məzunları tərəfindən yad edilmişdir
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, səfirliyin dəstəyi, eləcə də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin şəhərində fəaliyyət göstərən "Bakılı" klubunun birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunlarının görüşü keçirilmişdir. Görüş Azərbaycanın dahi bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə konservatoriyanın məzunları ilə yanaşı, hazırda Berlində yaşayan azərbaycanlılar, eləcə də digər qonaqlar iştirak etmişlər.
Tədbiri "Bakılı" klubunun sədri Elmira Əşrəfova açaraq, Üzeyir bəyin xatirəsinin qeyd olunmasının xaricdə yaşayan azərbaycanlılar üçün böyük əhəmiyyətindən danışmış və bunun bir vətəndaşlıq borcu olduğunu diqqətə çatdırmışdır. Daha sonra Elmira Əşrəfova Ü.Hacıbəyli haqqında fikirlərini paylaşaraq, onun əsasını qoyduğu konservatoriyanın fəaliyyətindən bəhs etmişdir.
AAKM-nin icraçı direktoru Samira Patser-İsmailova Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki rolu və əhəmiyyətindən, bu dahi insanın qoyduğu mədəni irsin böyüklüyündən, konservatoriyanın yaranma tarixindən bəhs edən geniş məruzə ilə çıxış etmişdir.
Çıxışlardan sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının məzunları öz xatirələrini bölüşmüşlər. Konsert proqramı ilə davam edən axşamda Berlində yaşayan həmyerlimiz, müğənni Alina Kərimova Azərbaycan bəstəkarlarının romanslarını ana dilimizdə böyük məharətlə ifa etmişdir. Konsert "Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başa çatmışdır.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2010.- 17 oktyabr.- S. 3.