Azərbaycan Prezidenti
İlham Əliyev paytaxta
gətirilmiş kommunal xidmət göstərən
müxtəlif nəqliyyat növlərinə baxış keçirmişdir
Respublikada kommunal nəqliyyat xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına paytaxta kommunal xidmət göstərəcək müxtəlif nəqliyyat növləri gətirilmişdir. Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni nəqliyyat növlərinə baxış keçirmişdir.
Paytaxtımızın və respublikamızın digər şəhər və rayonlarının yol-nəqliyyat infrastrukturunun ən yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulması, yeni körpülərin və yol ötürücülərinin inşa edilməsi Bakıda müasir ictimai nəqliyyat növlərinə tələbatı artırmaqla yanaşı, kommunal nəqliyyat xidmətinin səviyyəsinin daha da yaxşılaşdırılması zərurəti yaratmışdır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən bu istiqamətdə davamlı olaraq mühüm tədbirlər həyata keçirilməkdədir. Paytaxta gətirilən yeni texnikalar Bakı şəhərinin və eləcə də bölgələrin kommunal nəqliyyat xidmətinin müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni texnikalar barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, paytaxtda və eləcə də bölgələrdə kommunal nəqliyyat xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəyə 8 növdə 265 müxtəlif texnika gətirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı avtomobillərin texniki göstəriciləri və imkanları barədə danışdı. Qeyd olundu ki, yeni avtomobillərin 67-si "KamAZ-43253" şassisi üzərində "KO-515A" markalı vakuum avtomobili, 36-sı "4K" markalı zibildaşıyan avtomobil, 22-si "D-06" markalı sudaşıyan və yolyuyan avtomobil, 17-si yükünü özüboşaldan "KamAZ" avtomobilidir.
Dövlətimizin başçısı Gəncə Avtomobil Zavodunun istehsalı olan texnikalara da baxdı. Bildirildi ki, bu texnikadan paytaxta 67 ədəd gətirilib. Özüsüpürən və yükləyən funksiyası olan bu maşınlar küçələrdə təmizlik işləri aparmaq üçün əlverişli texniki imkanlara malikdir. Bundan əlavə, gətirilmiş 24 zibildaşıyan və 11 yükünü özüboşaldan avtomobillər də müasir texniki imkanları ilə fərqlənir. Paytaxta, həmçinin Fransadan "İmprotex Trusks Buses" MMC-yə məxsus çoxfunksiyalı 21 teleskopik yükləyicinin də gətirildiyi bildirildi. Yeni texnikalarla yanaşı, ölkəyə bu texnikaların ehtiyat hissələrinin də gətirildiyi qeyd olundu.
Texnikalarla yaxından tanış olan dövlətimizin başçısı paytaxtda və bölgələrdə kommunal xidmətin səviyyəsinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 1.