Azərbaycan yaxın gələcəkdə elektrik enerjisi ixrac edən ölkəyə çevriləcək

 

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri görmüşdür. Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin adı ilə bağlıdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 30 il ərzində Azərbaycanın energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri,

70 min kilometrə yaxın elektrikötürücü xətlər istifadəyə verilmiş və beləliklə, enerjisistemin real imkanları iki dəfədən çox artmışdır.

Sovetlər dönəmində uzun müddət enerji resurslarının həcminə görə zəngin olan Azərbaycanda elektrik enerjisinə tələbatın yalnız cüzi hissəsi ödənmışdir. Lakin 1969-cu ildə Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyev mövcud generasiya güclərinin və şəbəkə təsərrüfatının sürətli inkişaf mərhələsinə qədəm qoyan respublika iqtisadiyyatının tələblərinə cavab vermədiyini müəyyənləşdirmiş və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmişdir.

1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində "Araz" Azərbaycan - İran birgə hidroloji silsiləsinə daxil olan, hər biri 22 MVt gücündə iki elektrik stansiyasının inşasına başlandı. 1976-1977-ci illərdə 50 MVt gücündə Tərtər SES istifadəyə verildi. Bu kimi qlobal tədbirlərin nəticəsi olaraq ötən əsrin 70-ci illərinin sonlarında respublikanın ümumi gücü 2882,4 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt-saat elektrik enerjisi istehsal edirdi. Amma hələ sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 milyard kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-in və Azərbaycan DRES-in inşasına başlamaq qərara alındı.

Azərbaycan DRES-in tikintisinə 1974-cü ildə başlanıldı. 300 MVt gücündə ilk enerji bloku 1981-ci, yenə həmin gücdə sonuncu enerji bloku 1990-cı ildə istismara verildi. Hazırda bu stansiya 2400 MVt qoyuluş gücündədir.

Şəmkir SES silsiləsinin 380 MVt gücündə ilk hidroloji qurğusu isə 1981-82-ci illərdə istismara verildi. Ümummilli liderin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri olan Azərbaycan İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Beləliklə, 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrildi.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330-kV-lik Şirvan İES-Ağdam-Gəncə-Ağstafa və Şirvan İES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, həmçinin, 330 kV-lik "Yaşma", "Gəncə" və "Ağstafa" qovşaq yarımstansiyaları inşa edilib istismara verildi, 60-cı illərdə 220 kV-lik iki Şirvan-Xırdalan xətti çəkildi. Bu xətlərin istismara verilməsi enerjinin qıt olduğu Abşeron yarımadasına "Şirvan" İES-dən elektrik enerjisi ötürülməsini təmin etdi.

Azərbaycan İES-in inşası isə respublikanın enerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. 500 kV-lik 1-ci Abşeron və 2-ci Abşeron, Muxrani-Vəli, 4-cü və 5-ci Mingəçevir elektrik verilişi xətləri (EVX) çəkildi. 80-ci illərdə, həmçinin 500 kV-lik "Abşeron", 330 kV-lik "İmişli", 220 kV-lik "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" qovşaq yarımstansiyaları, eləcə də 330 kV-lik 3-cü Əli Bayramlı EVX-lər istismara verildi.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin işğal altına düşməsi Azərbaycanın enerji sisteminə dağıdıcı təsir göstərmişdir. 50 MVt gücündə Tərtər SES, müxtəlif gücə malik yarımstansiyalar, ümumi uzunluğu 5000 km-dən artıq olan EVX müvəqqəti işğal altında qalmışdır.

1991-1992-ci illərdə yaranmış çətin şəraitə baxmayaraq, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə blokadada olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə Türkiyədən 154 kV-lik və İrandan Naxçıvana 132 kV-lik yüksək gərginlikli elektrik verilişi xətləri çəkildi. Bundan əlavə, 64 MVt gücündə qaz-turbin tipli elektrik stansiyası istifadəyə verildi.

Dövlət başçısının xarici ölkələrə səfərləri zamanı apardığı bütün danışıqlarda energetika problemləri, o cümlədən elektrik enerjisi sisteminin inkişaf etdirilməsi ön plana çəkildi. Məhz ulu öndərin təşəbbüsü ilə "Yenikənd" SES-in tikintisinin başa çatdırılması ilə yanaşı, "Mingəçevir" SES-in, "Şimal" İES-in və 1 saylı Bakı İEM-in yenidən qurulması, enerjiötürücü avadanlıq və yüksək gərginlikli elektrik verilişi xətlərinin bərpası üçün xarici investisiyalar cəlb edildi.

Ulu öndərin şah əsəri olan "Əsrin müqaviləsi", Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratmışdı.

Bu məqsədlə Almaniyanın "Bayerişe Landesbank Girosentrale" bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına "Şimal" İES-də 400 MVt-lıq buxar qaz qurğusu istismara verildi.

Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş ulu öndərin siyasəti bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafı daha da sürətləndirmək strategiyası ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramların işlənib hazırlanması və uğurla icra edilməsi nəticəsində ölkəmiz öz iqtisadi inkişaf sürətinə görə dünyada qabaqcıl mövqeyə yüksəlmişdir. Təkcə bir faktı qeyd edək ki, son 7 il ərzində Azərbaycanda 2000 MVt-dan artıq yeni generasiya gücləri istismara verilmişdir. 2005-ci ildə inşasına başlanmış 87 MVt gücündə Astara Elektrik Stansiyası 5 aydan sonra enerji verməyə başlamışdır. Elə həmin ildə Azərbaycan İES-in 5-ci enerji blokunun yenidənqurulması işlərinə başlanmış və 8 aydan sonra blok istifadəyə verilmiş, nəticədə 180 MVt əlavə güc əldə edilmişdir. 2006-cı ilin əvvəllərindən başlayaraq 3 ay ərzində gücü 60 MVt olan Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında yenidənqurma işləri görülmüş, stansiya modernləşdirilmiş və dizel yanacağından qaz yanacağına keçilərək istismara buraxılmışdır. Elə həmin ilin avqust ayında 5 MVt gücündə Vayxır Su Elektrik Stansiyası da istismara verilmişdir. 2006-cı ildə istismara verilmiş və hər birinin gücü 87 MVt olan Şəki Elektrik Stansiyası 9, Xaçmaz Elektrik Stansiyası 7, Naxçıvan Elektrik Stansiyası 6,5 ay ərzində tikilmişdir. Eləcə də 2007-ci ildə istismara verilmiş və 105 MVt gücündə Bakı Elektrik Stansiyası 6, 2008-ci ildə istismara verilmiş və 300 MVt gücündə qaz və mazut yanacağı ilə işləyən Səngəçal Elektrik Stansiyası isə 11 ay ərzində inşa olunmuşdur. Bunlardan əlavə, 2008-ci ilin dekabrında Şəmkir SES-in 1-ci hidroaqreqatında yenidənqurma işlərinin başa çatması nəticəsində 190 MVt güc əldə edilmişdir. 2009-cu ildə isə 105 MVt gücündə Quba Elektrik Stansiyası və 525 MVt gücündə Sumqayıt Buxar-Qaz Elektrik Stansiyası istismara verilmişdir. Eyni zamanda, Azərbaycan İES-in III və IV enerji blokunun yenidənqurulması başa çatdırılması nəticəsində 200 MVt əlavə güc yaradılmışdır. Eləcə də mövcud stansiyalar modernləşdirilmiş, onlar dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların faydalı iş əmsalı artmış, 1 kVt-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı əhəmiyyətli dərəcədə azalmışdır. Həyata keçirilmiş bu cür məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz elektrik enerjisi idxalından azad olmuş, ölkə enerjisisteminin təhlükəsizliyi təmin edilmişdir.

Hazırda dövlət başçısı Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu istiqamətdə həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də dünya təsərrüfat sisteminə ölkəmizin maraqlarının gözlənməsi şərti ilə inteqrasiyasının təmin olunmasıdır. Bu gün elektrik enerjisi sistemində də bu məqsədlə müvafiq işlər həyata keçirilir. Məlum olduğu kimi, Prezidentin iştirakı ilə qoyuluş gücü 6 MVt olan "Göyçay-1", "Balakən-1", "Qusar-1" kiçik SES-lərin təməli qoyulmuş və tikinti işlərinə start verilmişdir. Bundan əlavə, cari ilin sonuna kimi müxtəlif bölgələrdə ümumi qoyuluş gücü 12 MVt olan 7 kiçik SES-in tikinti işlərinə başlanılması nəzərdə tutulur. Həmçinin cari ildə Kür çayı üzərində ümumi gücü 550 MVt-dan çox olan Tovuz, Şıxlı və Poylu su elektrik stansiyalarının və Qusarçay üzərində qoyuluş gücü 50 MVt-dan yuxarı olan bəndaltı tipli 2 SES-in tikintisinə başlanılması planlaşdırılır. Bütün bunlarla yanaşı, növbəti illərdə 780 MVt gücündə "Cənub" İstilik Elektrik Stansiyasının, 25 MVt gücündə Füzuli SES-in istismara verilməsi nəzərdə tutulur. Eyni zamanda, "Şimal" Elektrik Stansiyasında gücü 400 MVt olan II enerji blokunun, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidənqurulması işlərinin də başa çatdırılması gözlənilir. Bununla da 2010-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində enerji sistemində əlavə 3000 meqavata yaxın güc əldə ediləcək.

Dövlət başçısı generasiya güclərinin artırılması ilə yanaşı, enerjisistemin lokomotivi sayılan elektrik enerjisinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılmasını da diqqət mərkəzində saxlayır. Hazırda bu istiqamətdə ardıcıl tədbirlər görülür. Təkcə 2003-2009-cu illər ərzində ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmiş, ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmışdır. 2010-2015-ci illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 4000 meqavoltamperə yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu təqribən 1500 kilometr artacaq.

Alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Sözügedən məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Bu sırada Prezidentin müvafiq tapşırıqlarına uyğun olaraq Günəş kollektorlarının respublikamızda istehsalı və tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilir. Artıq yaxın vaxtlarda bu istiqamətdə istehsal sahəsi fəaliyyətə başlayacaq.

Ümumiyyətlə, elektrik enerjisi sisteminin inkişafı üzrə həyata keçirilən layihələr Azərbaycanın yaxın gələcəkdə regionda elektrik enerjisinin tranziti, daha sonra isə ixracatı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verəcək.

 

 

Etibar PİRVERDİYEV,

"Azərenerji" ASC-nin prezidenti

 

Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 2.