Dünyanı səhnələrdən seyr edən tarzən

 

Hər bir sənət əsərinin yaranması üçün təkcə sənətkarın peşəsinə bağlılığı kifayət etmir, müəyyən zaman məsafəsi lazım gəlir. Musiqi sənətində də sənətkarlıq zirvəsinə yetişmək üçün istedadla zəhmət zaman adlı bir məsafəni qət etməlidir. Mahnıları ilə dünyanın böyük səhnələrindən insanların qəlbinə xoş ovqat paylayan Azərbaycan musiqiçilərinin arasında belə sənətkarlar yetərincədir. Elə bunun nəticəsidir ki, muğam və segahımızı, nəğmələrimizi, mahnı və təsniflərimizi nəninki seviroxuyurlar, əcnəbilər hətta musiqi alətlərimizdə ifaya da böyük məhəbbət göstərirlər.

Keçmiş sovetlər dövründə dünyanın mədəniyyət mərkəzlərində, böyük konsert salonlarında tamaşaçıları heyran qoyan korifey sənətkarlarımız barmaqla sayılırdısa, onların yetirmələri bu gün yetərincədir. Belə sənətkarlarımızdan biriömrünün 60-cı fəslində köksünə sıxdığı tarın şirmayı pərdələrində barmaqları sığal tapan xalq artisti Ağasəlim Abdullayevdir. Kim bilmir ki, ifaçı ilə onu müşayiət edən tarzən ruhən bir-birinə köklənmiş olur!.. Ağasəlim müəllimlə tərəf-müqabilləri də bir pərdəyə köklənib nəğmə dolu bir ömür yaşayırlar...

Maraqlıdır ki, musiqi dünyamızın ifaçı korifeyləri tarixən bir-birini tamamlayıblar. Məsələn, Mirzə Mansur-Mirzəağa Hacı Ağabalaoğlu, yaxud Cabbar Qaryağdıoğlu-Qurban Pirimov, Seyid Şuşinski-Bəhram Mansurov, Ağasəlim Abdullayev-Səkinə İsmayılova...

Xanəndələri pərdə-pərdə zilə-bəmə çəkən ustad tarzənlərin - musiqimizin əbədiyaşarlığını qorumuş Sadıqcan, Əhməd Bakıxanov, Baba Salahov, Hacı Məmmədov və Həbib Bayramovun keçib gəldiyi yol, nə yaxşı ki, bu gün Ağasəlim Abdullayev kimi ömrünü bu sənətin incəliklərini yeni

nəslə öyrətməyə həsr edən canlı korifeylər tərəfindən davam etdirilir.

Azərbaycan TeleviziyaRadiosunun B.Salahov adına "Araz" xalq çalğı alətləri ansamblının bədii rəhbəri, xalq artisti Ağasəlim Abdullayev dünyanı dolaşıb. Bir zamanlar isə respublikamızın ən ucqar yaşayış məntəqələrində əmək adamlarının yanında olan Ağasəlim Abdullayevin tez-tez hərbi hissələrdə, Vətənə əsl oğulluq borcunu ödəyən igid əsgərlərimizin qarşısında çıxış etdiyini də görmək olar.

YUNESKO-nun təşəbbüsü ilə 1987-ci ildə Səmərqənddə keçirilən Ümumdünya muğam simpoziumunda Ağasəlim Abdullayevin bədii rəhbəri olduğu "Araz" xalq çalğı alətləri ansamblı Azərbaycan musiqisinin daha çox sürəkli alqışlara layiq olduğunu təsdiqlətmişdir. Adıçəkilən ansambl kimləri müşayiət etməyib... Xalq artistləri Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Alim Qasımov, Zeynəb Xanlarova, Qəndab Quliyeva, Səkinə İsmayılova... kimi neçə-neçə ustad xanəndə və müğənniləri müşayiət edən "Araz" dalğa-dalğa nəsil dəyişikliyinin şahidi olsa da, onun tarının səsi dünyanın müxtəlif qütblərindən gəlib.

Ağasəlim Abdullayevin solo çıxışlarının hərarətlə qarşılanması onun qəlbindən süzülüb tarın pərdələrinə sığal çəkən barmaqlarının musiqili ruhundan qidalanmasındandır.

Ömrünün altmışıncı fəslində mizrabı tarın telindən, adı ellərin dilindən düşməyən Ağasəlim müəllim fasiləsiz olaraq pedaqoji işlə də məşğul olur, gənclərə musiqinin, tar ifaçılığının sirlərini öyrədir. Uğurlarının səbəbi fitri istedadı ilə yanaşı, professional dönəmlərdən keçmiş mükəmməl təhsili olub: Bakıdakı 5 saylı musiqi məktəbi, A.Zeynallı adına orta-ixtisas musiqi texnikumunun tar sinfi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Musiqi Akademiyası)...

Ağasəlim müəllimin sənətkarlığı sənət dostlarının dilində daha mükəmməl səslənir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi Ruzə İbişova deyir ki, istər muğam dəstgahlarının lentə alınması, istərsə də hər hansı canlı ifa olsun, o, xanəndəyə elə rahat mühit yaradır ki, adamın ruhu da incimir.

Respublikanın xalq artisti Səkinə İsmayılova Ağasəlim müəllimi təkcə tarzənlərin deyil, xanəndələrin sirdaşı, səhnədaşı, tərəfdaşı sayır. Xalq artisti, kaman ustası Fəxrəddin Dadaşovun fikrincə, Ağasəlim müəllimin qayğıkeşliyi, diqqətcilliyi, mehribanlığı onun bir insan kimi hörmətini də yüksəkliyə qaldırıb: "Tarın həzinliyi sinəsinə keçib elə bil"...

Ağasəlim Abdullayevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri xalqımız kimi, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin 16 sentyabr 2005-ci il tarixli sərəncamı ilə əməkdar, bir ildən sonra isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Sənət yoluna çıraq tutmuş ustadları unutmayan Ağasəlim müəllim özünün yetirmələri tərəfindən də unudulmur. Bir müəllim kimi yetişdirdiyi tarzənlərin respublikanın müxtəlif musiqi ocaqlarında çalışmalarına ürəkdolusu sevinironlarla fəxr edir. Ramiz Əzizovun, Ümid İbrahimovun, Elçin Haşımovun, Sahib Paşazadənin, Elçin Abbasovun, Xaliq Dadaşovun adları ona doğmadır. Təkcə ona görə yox ki, hər biri Ağasəlim müəllimin barmaqlarının pərdələrdə necə "səkməsi"ni izləyib və bundan dərs alıb, həm də bir çoxu artıq əməkdar və xalq artisti kimi tanınır.

Bu payız günlərində ömrünün 60-cı baharının sevincini yaşayan Ağasəlim Abdullayevin qəlbinin səsi barmaqlarının ucunda pərdələrdə dilə gəldikcə elə sanırsan ki, o, səhnəyə yenicə ayaq açıb, üzündəki həya, ruhundakı sevgi ilə...

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 20 oktyabr.- S. 8.