Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ölkəmizə ilk dəfə səfər etdiyini və səfərin onda yaxşı təəssürat yaratdığını dedi. Azərbaycan hökumətinin əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu bildirən Devid Lidinqton ölkələrimiz arasında xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində güclüartmaqda davam edən əlaqələrin olduğunu vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini dedi. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bir qrup adamının müşayiəti ilə ölkəmizə səfərinə toxunan dövlətimizin başçısı birgə fəaliyyət göstərmək marağının təkcə enerji sahəsində deyil, eləcə də digər sahələrdə də artdığını bildirdi. Qonağın ölkəmizə səfərinin uğurlu keçəcəyini deyən dövlətimizin başçısı səfərin əhəmiyyətli olduğunu və tərəfdaşlığımızın bütün sahələrini gücləndirəcəyinə əminliyini ifadə etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Qonaq Böyük Britaniyanın Baş naziri Devid Kameronun məktubunu Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Böyük Britaniyanın Baş nazirinə məktuba görə minnətdarlığını çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 oktyabr.- S. 4.