Bakıda açılmış XVI Beynəlxalq inşaat sərgisində 25 ölkədən 260-dək şirkət iştirak edir

 

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində "İteca Caspian LLC" və Böyük Britaniyanın İTE Group PLC" şirkətlərinin birgə təşkilatçılığı ilə "BakuBuild" XVI Azərbaycan Beynəlxalq inşaat sərgisinin açılışı olmuşdur.

Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini Fəxrəddin Sadıqov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, "İTE Group" şirkətinin icraçı direktoru Edvard Stroon çıxış etmişlər. Bildirilmişdir ki, sərgilərin keçirilməsi dövlətlər arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyətə malikdir, xarici investisiyaların, müasir texnologiyaların ölkəyə cəlb edilməsinə böyük təsir göstərir. Azərbaycanda son illər iqtisadiyyatın sürətli inkişafı, davamlı ictimai-siyasi sabitlik xarici dövlətlərin qabaqcıl şirkətləri üçün onu daha cəlbedici edir. Azərbaycanda bütün sahələr kimi, tikinti sahəsi də yüksək templə inkişaf edir. Sərgi onun iştirakçıları üçün səmərəli olacaq, yeni layihələrin, müqavilələrin yaranmasına, əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

Qeyd edilmişdir ki, sərgidə dünyanın 25 ölkəsindən 260-dək şirkət iştirak edir. İştirakçıların 35 faizini yerli şirkətlər təşkil edir. Sərgidə, həmçinin 45 türk şirkəti də iştirak edir.

Universallığı ilə seçilən sərgi artıq 16 ildir ki, Qafqazda ən iri inşaat sərgisi olaraq keçirilir. İştirakçılar ən yeni tikinti texnologiyaları və təkmilləşdirilmiş inşaat xidmətləri ilə tanış olacaq, yerli və xarici tikinti şirkətləri ilə kommersiya əlaqələri yaratmaq imkanı qazanacaqlar.

Sərgi çərçivəsində oktyabrın 21-də Ukrayna iş dairələrinin iştirakı ilə biznes forum təşkil ediləcək, oktyabrın 22-də isə "Hamı üçün şəhər" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir.

Diqqətə çatdırılmışdır ki, bu il "BakuBuild" ilə eyni vaxtda daha iki sərgi - "Aqua-Therm Baku" - 2-ci Beynəlxalq istilik, havalandırma və kondisionerləşdirmə sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları və üzgüçülük hovuzu və "Caspian MebelExpo" 8-ci Beynəlxalq mebel, interyer və dizayn sərgiləri də keçirilir.

Çıxışlarda sərginin təşkilinə göstərilən dəstəyə görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına və Bakı Ekspo Mərkəzinə minnətdarlıq ifadə olunmuşdur.

Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra iştirakçılar ekspozisiya ilə tanış olmuşlar.

Sərgi oktyabrın 23-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 oktyabr.- S. 5.