Astanada mənəvi mədəniyyət üzrə Dünya Forumu öz işini başa çatdırmışdır

 

Oktyabrın 20-də Astanadakı Müstəqillik sarayında mənəvi mədəniyyət üzrə Dünya Forumu öz işini başa çatdırmışdır.

Forumda dünyanın 71 ölkəsindən gəlmiş ictimai-siyasi, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, dini konfessiyaların rəhbərləri, dünya şöhrətli alimlər, siyasətçilər və politoloqlar iştirak etmişlər.

Tədbirdə ölkəmizi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Polşadakı səfirimiz Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, tarix elmləri doktoru Zaur Həsənov, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Maya Bədəlbəyli və digər şəxslər təmsil etmişlər.

Qazaxıstan Senatının sədri Qasımcomərt Tokayev forum iştirakçılarını salamlamış, Prezident Nursultan Nazarbayevin müraciətini oxumuşdur.

Forumda "Dini tolerantlıq tərbiyəsi, mənəvi mədəniyyət: müasir baxış, sivil inkişafa təsir yolları", "Mənəvi mədəniyyət və KİV-lər", "Üçüncü minillikdə təhsil: ailə, məktəb, cəmiyyət məsələləri", "Qlobal strateji təşəbbüs", "Dünyanın müasir şəkildə anlamının fəlsəfi əsasları" və digər mövzularda müzakirələr aparılmışdır.

Polad Bülbüloğlu öz çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, bu problemi dövrümüzün ən uzun və qanlı münaqişələrindən biri kimi səciyyələndirmişdir. Səfir xüsusi vurğulamışdır ki, Ermənistan BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur. Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın çoxsaylı maddi-mədəniyyət abidələri, məscidləri dağıdılmışdır. Səfir 20 ildən artıq uzanan müharibə dövründə doğulan uşaqları isə "Qarabağ müharibəsinin uşaqları" adlandırmışdır.

Qazaxıstanın xalq şairi Oljas Süleymenov isə müharibə və münaqişələrə son qoyulması üçün tarix dərsliklərindən başqa xalqlara nifrət və düşmənçilik təbliğ edən material və terminlərin çıxarılmasının vacibliyini, uşaqlarda vətənə məhəbbət hisslərinin aşılanmasının əhəmiyyətini diqqətə çatdırmışdır.

Azərbaycanın xalq yazıçısı Anar jurnalistlərə müsahibəsində Oljas Süleymenovun fikirləri ilə razı olduğunu bildirmişdir. O demişdir ki, məktəblilərə doğulduğu vətəni, onun sərhədlərini, torpaqlarını və insanları sevməyi öyrətmək lazımdır və bu, əsas məsələlərdən biridir.

Forumda "Mədəniyyətlər vasitəsilə sülh və həmrəyliyə doğru" adlı Bəyannamə qəbul edilmişdir.

Polad Bülbüloğlunun forum çərçivəsində keçirilən konsertdə Azərbaycan və rus dillərində ifa etdiyi mahnılar alqışlarla qarşılanmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2010.- 21 oktyabr.- S. 5.