Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində, o cümlədən Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarında əsaslı dəyişikliklər baş vermiş, bir sıra mühüm layihələr həyata keçirilmişdir.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində 14 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağcabədi-Qaradolaq-Kəbirli, 41 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli-Qaravəlli-Mirili və 20 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Məzrəli avtomobil yollarının əsaslı təmiri və bərpası üzrə hazırlıq işləri aparılır.

Eyni zamanda Qusar rayonunun turizm və aqrar potensialından səmərəli istifadənin gücləndirilməsi məqsədilə 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolu qısa müddətdə tikilərək istifadəyə verilmiş, bu işlərin davamı olaraq, dağlıq ərazilərdəki 7 yaşayış məntəqəsini birləşdirən 22 kilometrlik strateji əhəmiyyətli Həzrə-Zuxul avtomobil yolunun yenidənqurulmasına başlanılmışdır.

Yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidənqurulması məqsədi ilə Ağcabədi, İmişli, Saatlı, və Qusar rayon icra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 2.