2011-ci ilin dövlət büdcəsi
dayanıqlı inkişafın möhkəmlənməsində
yeni mərhələ olacaq
Bu gün Milli Məclisdə
2011-ci ilin dövlət büdcəsi son müzakirəyə
çıxarılır
Müasir Azərbaycan iqtisadiyyatının inkişaf xüsusiyyətləri sırasında mühüm məqamlardan biri son illərdə dövlətin düşünülmüş şəkildə iqtisadiyyatın idarəedilməsində rolunun əhəmiyyətli dərəcədə gücləndirilməsi hesab edilə bilər. Bu özünü ilk növbədə dövlət büdcəsinin hazırlanması və qəbulu prosesində təzahür etdirir.
Son illərdə ölkəmizdə dövlət büdcəsinin cəmiyyətin sosial və iqtisadi inkişafında rolu yüksəlmişdir. Bütövlükdə, dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının, vəzifə və problemlərinin həlli, dövlətin konkret funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitlərinin toplanmasını və istifadəsini təmin etməkdir. Bu isə dövlət büdcəsinin tərtibi və icrasına məsuliyyətlə yanaşmağı, büdcə xərclərinin səmərəliliyinin artırılması üçün təkmil mexanizmlərin mövcud olmasını tələb edir ki, bunun da əsasında "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanunu dayanır. Bu qanuna əsasən həm cari, həm də əsaslı xərclərin həcmi və istiqamətlərinin əsaslandırılması və razılaşdırılması prosesi büdcənin səmərəli tərtibinə əsas yaradır. Bu baxımdan, 2011-ci ilin dövlət büdcəsi ölkənin iqtisadi kursuna, ortamüddətli maliyyə siyasətinə, iqtisadi və sosial inkişaf proqnozlarına və müvafiq dövlət proqramlarına uyğun hazırlanmışdır.
"2011-ci ilin dövlət büdcəsi" haqqında qanun layihəsi qüvvədə olan müvafiq qanunvericiliyin tələblərinə tamamilə cavab verir. Büdcə zərfinə ənənəvi məlumatlarla yanaşı büdcə ilindən sonrakı 3 il üçün makroiqtisadi proqnozlar və dövlət büdcəsinin göstəriciləri proqnozu, icmal büdcə, ölkənin daxili və xarici borcları haqda məlumat, büdcə gəlirləri və xərclərinin paraqraf və xərc maddələri üzrə strukturu və digər məlumatlar daxil edilmişdir. Bu məlumatlar toplusu qanun layihəsinin dövlət vasitələrinin formalaşması və istifadəsində şəffaflığın artırılması yönümündə irəliyə doğru çox böyük addım olduğunu göstərir. Qanunvericiliyə müvafiq olaraq dövlət büdcə layihəsinin kütləvi informasiya vasitələrində nəşrində, əslində onun geniş müzakirəyə çıxarılması deməkdir. Bu baxımdan, yeni büdcə ilində hökumətin qarşıya qoyduğu konkret vəzifələri, bütövlükdə iqtisadi və sosial siyasəti düzgün qiymətləndirmək olduqca vacibdir.
Azərbaycanda milli iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması prosesi artıq başa çatmışdır. Tamamilə yeni məzmunlu makroiqtisadi situasiya qərarlaşmış, yaxın keçmişdə iqtisadi proseslərin tənzimlənməsi və idarəedilməsi sferasında tətbiq olunan prinsip və prosedur qaydaları əhəmiyyətli mahiyyət dəyişikliyinə məruz qalmışdır. Mahiyyətcə təbii səciyyə daşıyan keyfiyyət yeniləşməsi sosial-iqtisadi həyatın istisnasız olaraq bütün sferalarını əhatə etmişdir.
Büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2011-ci il və sonrakı üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin" təhlili yuxarıda bəhs etdiyimiz keyfiyyət dəyişikliklərinin xarakterini, seçilən inkişaf kursu və konkret məqsədlərin reallığını müşahidə etməyə imkan verir.
Makroiqtisadi situasiya yeniləşmə
müstəvisində
Hökumətin tərtib etdiyi proqnozlara görə, 2011-ci ildə ölkədə gözlənilən makroiqtisadi şəraiti bütövlükdə aşağıdakı kimi xarakterizə etmək mümkündür:
Davamlı və dayanıqlı makroiqtisadi tarazlığın sabitliyi meyarlarına cavab verən iqtisadi inkişaf kursu qarşıdakı ildə qorunacaqdır. Bu kurs iqtisadi sistemimizin modernləşdirilməsini, onun strukturunun diversifikasiyasını, iri infrastruktur layihələrinin realizasiyasını, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, ölkənin hərbi qüdrətinin yüksəlməsini, sosial sferanın maddi təminatının artırılmasını və s. kimi əlamətlərlə yanaşı milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi kimi onun transmilliləşmə səviyyəsinin yüksəldilməsini əhatə edir;
Dövlətin iqtisadiyyata müdaxiləsinin forma və mahiyyətinin dəyişilməsi, onun bilavasitə iqtisadi fəaliyyətdə xüsusi çəkisinin azaldılması meylinin davam etdirilməsi, real sektorun mühüm sahələrində dövlət şirkərtlərinin korporatizasiyası və yenidən strukturlaşdırılmasının gücləndirilməsi;
İqtisadi inkişafın sosial yönümlüyünün ÜDM-in yenidən bölgüsü nisbətlərinin artması vasitəsilə daha da yüksəldilməsi;
Dünya neft bazarında sabitləşən əlverişli konyukturaya müvafiq olaraq ölkənin iqtisadi inkişafının sürətlənməsinə kənar faktorların təsirinin azaldılması.
Aydındır ki, makroiqtisadi inkişafın xarakteri və nəticəliliyi əhəmiyyətli dərəcədə sosial - iqtisadi siyasətin strateji məqsədlərindən birbaşa asılılıqda olur. Bu baxımdan iqtisadiyyatın real sektorunun modernləşdirilməsi və yenidən qurulmasının sürətləndirilməsinin məntiqi davamı kimi hökumət 2011-2014-cü illərdə iqtisadi siyasəti növbəti iki əsas məqsədə - "rəqabət qabiliyyətli milli iqtisadiyyatın qurulması"na və "sosial sahələrin inkişafına dövlət dəstəyinin gücləndirilməsi"nə nail olunmasına istiqamətləndirməyi nəzərdə tutur. Bu məqsədlərin reallaşdırılması iqtisadiyyatın strukturunun optimallaşdırılması, qeyri-neft sektorunun üstün inkişaf etdirilməsi, təbii resurslardan istifadənin səmərəliliyinin artırılması istiqamətlərində ortamüddətli tədbirlər kompleksinin həyata keçirilməsi vasitəsi ilə baş verəcəkdir.
Eyni zamanda, büdcə zərfində 2011-2014-cü illərdə dövlət tərəfindən iqtisadi tənzimləmənin prioritetləri də müəyyənləşdirilmişdir. Dövlət tənzimlənməsinin aparıcı istiqamətlərini - dövlətin iqtisadiyyata müdaxiləsinin optimallaşdırılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi, azad və ədalətli rəqabət mühitinin, makroiqtisadi sabitliyin gələcəkdə də təmin edilməsi məqsədi ilə adekvat monetar və fiskal siyasət tədbirlərinin reallaşdırılmasının və koordinasiyasının gücləndirilməsi, qiymətli kağızlar bazarının inkişafının hərtərəfli stimullaşdırılması kimi çox əhəmiyyətli tədbirlər kompleksi təşkil edəcəkdir.
Ulu öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə əsasını qoyduğu "neft strategiyası" və əlverişli tranzit - diversifikasiya siyasətinin reallaşdırılması ölkəmizin iqtisadi inkişaf sürətinə görə regionda liderliyini təmin etməklə bərabər, iqtisadi inkişafın yüksək dinamikası sayəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olan ölkəmizdə iqtisadiyyatın elə bir sahəsi və ya ölkəmizin elə bir regionu yoxdur ki, orada iqtisadi inkişaf məqsədləri üçün son bir neçə ildə maliyyə təminatı problemi yaşansın. Əksinə, fərəhlə demək olar ki, biz son illərdə faktiki olaraq iqtisadiyyatın böyük maliyyə axınları şəraitində dayanıqlığının təmin olunması kimi vəzifəni həll etməyə çalışırıq. Bu kimi mahiyyətçə proqressiv dəyişikliklər isə hökumətin büdcə siyasətinə yeni prizmadan baxılması zərurətini yaratmışdır. Ona görə də son bir neçə ildə Azərbaycanın dövlət büdcəsi faktiki olaraq "inkişaf büdcəsinə" çevrilmişdir. Bütün bunların məntiqi nəticəsi olaraq milli iqtisadiyyatın rəqabətə tablılığı əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Məlum olduğu kimi, ölkənin qlobal sistemdə mövqeyini qiymətləndirmək üçün istifadə olunan əsas göstəricilərdən biri Davos İqtisadi Forumu tərəfindən hər il tərtib olunan "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nda göstərilən Qlobal Rəqabətqabiliyyətlilik İndeksidir. Azərbaycanda həyata keçirilən köklü islahatların və uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, ölkəmiz bu hesabatda 2008-ci ilin nəticələrinə görə 69-cu yerdən, 2009-cu ildə birdən-birə 18 pillə (!) irəliləyərək 133 ölkə içərisində 51-ci yerə yüksəlmişdir. Bu, həm də ona görə əlamətdardır ki, qeyd edilən nailiyyət bütün dünyanı bürüyən qlobal iqtisadi böhranın fonunda əldə olunmuşdur. 2010-cu il hesabatında da milli iqtisadiyyatımız öz rəqabətqabiliyyətliliyinə görə yüksək mövqeyini saxlayır və bütün MDB ölkələrini, eləcə də Braziliya, Meksika, Türkiyə kimi dinamik inkişafa malik olan ölkələri xeyli qabaqlayır.
Ölkəmizin rəqabətqabiliyyətliliyinin yüksəldilməsində uğurlu büdcə siyasətinin mühüm rolu danılmazdır. 2008-2009-cu illər "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nda Azərbaycan "Büdcə balansı" subindeksinə görə 134 ölkə içərisində 31-ci yeri tuturdu. 2009-2010-cu illər hesabatında ölkəmiz bu göstəriciyə görə 133 ölkə içərisində 6-cı (!) mövqeyə, 2010-2011-ci illər hesabatında isə 4-cü mövqeyə yüksəlmişdir.
Makroiqtisadi inkişaf əyrisi
yüksəlməkdədir
Azərbaycanda aparılan iqtisadi islahatların və həyata keçirilən yeni neft strategiyasının nəticəsi kimi iqtisadi həyatımızın bütün istiqamətlərində uğurlar əldə edilmişdir. 2008-ci ildən başlayan dünya iqtisadi böhranı şəraitində Azərbaycan iqtisadiyyatı xarici təsirlərə dayanıqlı olduğunu göstərmişdir. Belə ki, 2009-cu ildə dünya üzrə ümumi daxili məhsul 0,6 faiz, MDB ölkələrində 7 faiz azaldığı halda, Azərbaycanda bu göstərici 2009-cu ildə 9,3 faiz artmış, 2010-cu ildə isə 6 faizə qədər artması gözlənilir. Həmçinin iqtisadi böhranla əlaqədar olaraq dünyada məcmu tələbin həcminin azaldığı bir vaxtda Azərbaycanda analoji göstərici artmaqda davam etmişdir. Belə ki, 2009-cu ildə ölkədə son istehlak xərcləri 2008-ci ilə nisbətən 15,2 faiz artaraq 19,4 milyard manata bərabər olmuş, 2010-cu ildə də bu meylin davam edəcəyi gözlənilir. 2009-cu ildən başlayaraq dünya bazarında neftin və digər xammal növlərinin, o cümlədən metalın qiymətinin yüksəlməsi ixrac gəlirlərinin artmasına və nəticədə regional bazarda tələbin böyüməsinə səbəb olacaqdır. Bu da Azərbaycanda xüsusilə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcəkdir.
Son dövrlərdə ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ciddi və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Nəticədə ərzaq məhsullarına olan tələbatın böyük hissəsini yerli istehsal sayəsində ödəmək mümkün olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin dediyi kimi, "Özümüzü dənli bitkilər üzrə 76 faiz təmin edirik. Quş əti 74 faiz, ət 94 faiz, kərə yağı 83 faiz, süd məhsulları və süd 85 faiz, un 94 faiz, şəkər 150 faiz, tərəvəz 102 faiz, meyvə 127 faiz - budur əsas qida məhsullarının statistikası". Prezident haqlı olaraq qeyd edir ki, 2-3 ildən sonra ölkə əhalisinin ərzaq məhsulları ilə təminatı 100 faizə çatacaqdır.
Ölkənin
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi
də uğurla davam etdirilir. 2010-cu ilin sonuna neft hasilatı 50 mln.t., qaz hasilatı isə
28-30 mlrd. kub- metr olacaqdır. Dünya
bazarında yüksələn xətlə davam edən əlverişli
neft konyukturası Azərbaycan iqtisadiyyatının
imkanlarını daha da artıracaqdır.
Məlum
olduğu kimi, hələ 2003-cü ildən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev qeyri-neft
sektorunu ölkənin iqtisadi inkişafının prioritet sahəsi
kimi müəyyən etmişdir. Bu istiqamətdə
dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsi
olaraq son illərdə ümumi daxili məhsulun sahə
strukturunda müsbət dəyişiliklər baş verməkdədir.
Belə ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı
2008-ci ildə 37,9 faizdən 2009-cu ildə
45,4 faizə qədər artmış, 2010-cu ildə 47,4 faizə,
2011-ci ildə isə 49,7 faizə qədər yüksələcəyi
proqnozlaşdırılır. Bu meylin gələcəkdə
də qavam edəcəyini əsas kapitala investisiya
qoyuluşlarının strukturundan da görmək olar.
Belə ki, əsas kapitala yönəldilmiş investisiyanın
ümumi həcmində qeyri-neft sektorunun payı 2004-cü ildə
24,7%-dən 2008-ci ildə 70,6%-ə, 2009-cu
ildə 73,4%-ə qədər artmış, 2010 və 2011-ci
illərdə təqribən 75%-ə bərabər
olacağı proqnozlaşdırılır. Neft
strategiyasının uğurla
reallaşdırılmasının əsas nəticələrindən
biri milli iqtisadiyyatın inkişafının maliyyələşdirilməsi
üçün zəruri vəsaitlərin
formalaşdırılmasından ibarətdir. Son illərdə
ölkədə əsas kapitala investisiya
qoyuluşlarının ümumi həcmində daxili
investisiyaların payı 2004-cü ildə 26,9%-dən
(2105 mln.m) 2010-cu ildə 69%-ə, 2011-ci ildə isə 75%-ə
(6760 mln.m) bərabər olacağı
proqnozlaşdırılır.
Azərbaycanda
iqtisadi artım tempinin yüksək olması məşğulluq
səviyyəsinin də yüksəlməsinə səbəb
olmuşdur. Hazırda ölkəmiz əhalinin məşğulluğunun
təmin olunması ilə əlaqədar ən gərgin
dövrə qədəm qoymuşdur. Belə ki, əmək
qabiliyyətli yaşda olanların əhalinin ümumi
sayında xüsusi çəkisi 1999-cu ildə 56,8%-dən 2009-cu ildə 68,0%-ə qədər
yüksəlmişdir. Nəticədə, əmək
qabiliyyətli yaşda olan əhalinin sayı qeyd edilən
dövrdə 1550 min nəfər artmışdır. Buna
görə də son illərdə yeni iş yerlərinin
açılması dövlətin iqtisadi siyasətinin
prioritet istiqaməti kimi qəbul edilmiş, bununla əlaqədar
olaraq "Azərbaycan Respublikasının regionlarının
sosial-iqtisadi inkişafının Dövlət Proqramı
2004-2008-ci illər" həyata keçirilmiş, hazırda
"Azərbaycan Respublikasının regionlarının
2009-2013-cü illər üzrə sosial-iqtisadi
inkişafının Dövlət Proqramı" həyata
keçirilməkdədir. Bu proqramlarla yanaşı ölkə
Prezidentinin sərəncamı ilə "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Proqramı", "2006-2015-ci illər
üzrə Azərbaycan Respublikasının Məşğulluq
Strategiyası", "2007-2010-cu illər Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı" qəbul
edilmişdir. 2004-2009-cu illərdə həyata
keçirilmiş tədbirlər nəticəsində 900 min
iş yeri açılmış, onlardan da 600 mindən
çoxunu daimi iş yerləri təşkil edir. Həyata keçirilmiş tədbirlərin nəticəsi
olaraq ölkədə işsizliyin səviyyəsi fasiləsiz
olaraq azalmış və 2009-cu ildə 6 faiz təşkil
etmişdir. 2010-cu ildə bu göstəricinin
dəyişməyəcəyi gözlənilir.
Müqayisə üçün qeyd edək ki, 2010-cu ilin
sentyabr ayının sonuna ABŞ-da işsizliyin səviyyəsi
9,6 faizə, avro zonasında isə 2008-ci
ilin fevral ayında 7,2 faizdən 2010-cu ilin avqust ayında 10,1
faizə qədər yüksəlmişdir.
İqtisadi
artım üçün ilk növbədə makroiqtisadi
sabitliyin (aşağı inflyasiya səviyyəsinin, milli
valyutanın proqnozlaşdırıla bilən məzənnəsinin,
ümumi maliyyə sabitliyinin və s.) təmin olunması zəruridir. Son illərdə
həyata keçirilən tədbirlər ölkəmizdə
makroiqtisadi sabitliyin dayanıqlığını
artırmışdır. Eyni zamanda qeyd etməyi
zəruri hesab edirik ki, bir sıra qonşu ölkələrdə
böhran şəraitində iqtisadi siyasətdə bu
baxımdan fərqli yanaşmaların tətbiqi (Rusiya,
Qazaxıstan, Ukrayna, Ermənistan və s.) çox
acınacaqlı nəticələrə gətirmişdir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin
2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı yekun nitqində qeyd etdiyi kimi, həm
böyük valyuta ehtiyatlarımız, həm güclü bank
sektorumuz və istehlak qiymətlərinə güclü nəzarət
bütün bunları (makroiqtisadi sabitliyi) təmin edəcəkdir.
2009-cu ildə ölkədə inflyasiyanın səviyyəsi
1,5 faizə, 2010-cu ilin ilk səkkiz
ayında isə 5 faizə bərabər olmuşdur. Həmçinin
milli valyutanın kursu 2009-cu ildə 1 ABŞ dolları 80,3-80,4 qəpik ətrafında sabitləşmişdir.
Bütövlükdə, hökumətin
apardığı iqtisadi siyasət göstərdi ki, dünya
iqtisadiyyatında qlobal böhran proseslərinin mənfi təsirlərin
o qədər də azalmadığı bir vaxtda daxili imkanlar
hesabına ölkədə makroiqtisadi sabitliyi təmin etmək
və onun dayanıqlılığını möhkəmləndirmək
mümkündür. Məhz bu imkanlardan səmərəli
istifadə qeyd edilən sahədə böyük
uğurların əldə olunmasına səbəb
olmuşdur. Belə ki, 2008-ci ilin dördüncü
rübündən başlayaraq, əsasən 2009-cu ilin birinci
yarısında Azərbaycanın dövlət istiqrazlar
bazarından 250 mln., bank sistemindən isə
1,7 mlrd. ABŞ dolları məbləğində
vəsaitlər xaricə çıxarılmışdır.
Belə şəraitdə dövlət
başçısının düzgün və vaxtında
verilmiş göstərişləri əsasında həm
hökumət, həm də Mərkəzi Bank tərəfindən
həyata keçirilmiş tədbirlər qlobal maliyyə
böhranının ölkə iqtisadiyyatına mənfi təsirini
əhəmiyyətli dərəcədə
azaltmışdır. Fikrimizcə, Mərkəzi
Bank düzgün olaraq milli valyutanın məzənnəsinin
sabit saxlanması istiqamətində tədbirlər
görmüş, bununla da makroiqtisadi sabitliyi poza biləcək
amillərin əhəmiyyətli hissəsini
neytrallaşdırmışdır. Belə
ki, dünya təcrübəsi göstərir ki,
"kiçik" ölkədə valyuta bazarındakı dəyişiklik
digər bazarlarda da tarazlığın pozulmasına səbəb
olur. Bu baxımdan, milli valyutanın məzənnəsinin
sabit saxlanması son illərdə ölkə daxilində
manata olan etimadın artmasına, idxal məhsulları
hesabına inflyasiya səviyyəsinin aşağı
düşməsinə səbəb olmuş, ixracı
stimullaşdırmış və bununla da əhalinin sosial
rifahının qorunmasına imkan vermişdir. Bütövlükdə, Mərkəzi Bankın
valyuta ehtiyatlarının artması milli valyutanın məzənnəsinin
sabit saxlanması və ya idarəolunan şəkildə dəyişdirilməsinə,
Neft Fondunun artan vəsaitləri ilə balanslı büdcəni
formalaşdırmağa və onun xərclərini idarə
olunan şəkildə artırmağa imkan verir. Bütün bunlar milli iqtisadiyyatı xarici təsirlərdən
qorumağa, əsas makroiqtisadi göstəricilərin dəyişkənliyini
məhdudlaşdırmağa şərait yaradır.
Dövlət büdcəsi makroiqtisadi tənzimləmə
və gəlirlərin yenidən bölgüsünün
effektiv mexanizmidir
"Büdcə
zərfi"nə daxil edilmiş sənədlərin
araşdırılması göstərir ki, son illərdə
olduğu kimi, 2011-ci ildə də ümumi iqtisadi inkişafa
müvafiq olaraq büdcə gəlirlərinin
artımının baş verəcəyi
proqnozlaşdırılır. Qarşıdakı ildə
də büdcə gəlirlərinin nəzərdə tutulan
artım sürəti, hökumət tərəfindən
büdcənin tənzimləyici rolunu yüksəltmək
meyli kimi müsbət qiymətləndirilməlidir.
Büdcə gəlirlərinin
strukturunda da əsaslı dəyişikliklər vardır. Bu baxımdan
ilk növbədə ümumi gəlirlər sırasında
qeyri-vergi dövlət gəlirlərinin payının
artması meylinin bərpa olunması qeyd edilməlidir.
Büdcə xərclərinin
planlaşdırılmasında nəzərə çarpan
mühüm cəhətlərdən biri əhalinin sosial
müdafiəsi və sosial təminatının gücləndirilməsi
meylinin davam etdirilməsidir. Fikrimizcə,
müvafiq xərclərin həcminin, pensiyanın baza hissəsinin,
ehtiyac meyarının və sair bu kimi sosial normativlərin
yaşayış minimumu səviyyəsinə hədəfləndirilməsi
əhalinin həyat səviyyəsinin yüksəldilməsini
davam etdirəcəkdir.
Eyni zamanda
dövlət büdcəsi xərclərinin son illərdə
olduğu kimi artımla planlaşdırılması hökumətin
sürətli inkişaf şəraitində iqtisadiyyatda
inflyasiya təzyiqinin yumşaldılması və
dayanıqlı inkişafın təmin edilməsi məqsədlərinə
istiqamətlənmiş müsbət yanaşması kimi dəyərləndirilməlidir.
Bu baxımdan
digər maraqlı məqam neft gəlirlərindən büdcə
məqsədlərinə istifadə olunmasında sistemliliyin
gücləndirilməsi üçün Dövlət Neft
Fondundan transfertin həcminin artırılması hesab oluna bilər. Bütövlükdə,
2011-ci ildə böyük neft gəlirinin aktiv təsərrüfat
dövriyyəsinə cəlb edilməsinin sürətlənməsi
davam edəcəkdir. Yeri gəlmişkən
qeyd edim ki, bəzi müxalif dairələrin neft gəlirləri
ilə bağlı mövqelərini anlamaq mümkün
deyildir.
Neft - Azərbaycan
iqtisadiyyatının ən mühüm baza sektorudur və onun
iqtisadi inkişafımızdakı aparıcı rolu
danılmazdır. Bu prioritetlik ən azı yaxın 10 il
ərzində də saxlanacaqdır. Neft gəlirləri
ölkənin sosial-iqtisadi inkişafının əsas maliyyə
mənbəyidir. Bu aspekti qabardanlar və
bundan "narahat" olanlar əslində həqiqəti bilməyənlər,
yaxud onu bilərəkdən anlamayanlardır.
Məsələ
ondadır ki, Dövlət Neft Fondu vəsaitlərinin son bir
neçə ildə dövlət büdcəsinə fəal
transfer dövründə belə, Fondun məcmu vəsaitləri
ilbəil artır. Yəni mühüm strateji məqsədlərə
xidmət edən dövlət büdcəsinə vəsaitlərin
yönəldilməsi özlüyündə
düşünülmüş və səmərəli
addımdır. Bu heç bir halda gələçək
nəsillərin payına müdaxilə kimi dəyərləndirilə
bilməz. Xüsusilə ona görə ki,
Neft Fondunun və dövlət büdcəsinin həmin vəsaitləri
cari xərclərə yox, əsasən strateji layihələrin
realizasiyasına yönəldilir. Həmin
layihələr isə bu gün və ya sabaha yox, gələcək
üç-beş ilə deyil, onilliklərə xidmətə
hədəflənir. Belə sadə həqiqətləri
bilməyənlərin xalqa "yol göstərməsi"
boşboğazlıqdan başqa bir şey deyildir.
Məlum olduğu kimi, 2009-cu
ildə ölkəmizdə ümumi daxili məhsul istehsalı
2003-cü ilə nisbətən 2,8 dəfə
artmışdır. 2010-cu ilin ilk səkkiz ayı ərzində
ümumi daxili məhsulun əvvəlki ilin müvafiq
dövrünə nisbətən artımı 3,8
faizə bərabər olmuşdur. İqtisadi
artım tempinin yüksək olması dövlət büdcəsinin
gəlirlərinin artmasına səbəb olmuşdur. Belə
ki, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri
2003-cü ilə nisbətən 8,5 dəfə
artmışdır. Eyni zamanda, 2009-cu ilə nisbətən
2010-cu ildə büdcənin gəlirlərinin 11,4 faiz, 2011-ci ildə isə 16,8 faiz artması
gözlənilir. Bununla yanaşı, son illərdə
gəlirlərin yenidən bölgüsü mexanizmi kimi
dövlət büdcəsinin milli iqtisadiyyatda rolu da yüksəlmişdir.
Büdcə gəlirlərinin ümumi daxili məhsula nisbəti
2003-cü ildəki 17,1%-dən 2009-cu ildə
29,9%-ə qədər artmışdır. Bu göstəricinin
2010-cu ildə 31,5%, 2011-ci ildə isə
31,7% olması proqnozlaşdırılır.
2011-ci il
dövlət büdcəsinin gəlirləri 12061 mln. manat, xərcləri isə 12748 mln. manat təşkil edir. 2011-ci ildə büdcənin
gəlirləri 2009-cu ilə nisbətən 16,8%,
2010-cu ilə nisbətən 4,8%, büdcənin xərcləri
isə müvafiq olaraq 3,9% və 21,4% artmışdır. Dövlət büdcəsinin kəsiri 687 mln. manat məbləğində müəyyən
edilmişdir ki, bunun da ümumi daxili məhsula nisbəti 1,7% təşkil
edir. Qeyd etmək lazımdır ki, son illərdə
dövlət büdcəsinin kəsiri Avropa Birliyi ölkələri
üçün müəyyən olunmuş 3 faizlik normadan
yüksək olmamışdır. Həmçinin
2011-ci ildə büdcə kəsirinin əvvəlki illərdən
fərqli olaraq inflyasiya yaratmayan mənbələr hesabına
maliyyələşdirilməsi nəzərdə
tutulmuşdur. Bu mənbələrə özəlləşdirmədən,
daxili və xarici borclanmadan daxilolmalar və 2011-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin
vahid xəzinə hesabının qalığı aiddir.
2011-ci il
dövlət büdcəsinin gəlirlərinin 5425 mln. manatı vergilərdən daxilolmalar
hesabına, 6480 mln. manatı Neft Fondunun vəsaitləri
hesabına, qalan hissəsi isə digər mənbələrdən
təmin olunması üzrə planlaşdırılır. Təhlil göstərir ki, vergi daxiolmalarının
dövlət büdcəsinin gəlirlərində payı
azalmışdır. 2009-cu ildə bu göstərici 49,7%-ə, 2010-cu ildə 47,5%-ə, 2011-ci ildə
isə 45%-ə bərabər olmuşdur. Qeyd etməyi məqsədəuyğun
hesab edirik ki, bu azalma Prezident İlham Əliyevin iqtisadiyyatda
iyirmi ilədək dövrdə yığılıb
qalmış, son dərəcə mürəkkəb forma
almış və faktiki olaraq maliyyə sistemində şəffaflığın
təmin edilməsinə ciddi maneə olan
qarşılıqlı borcların birdəfəlik ləğvini
təmin edən, enerji sektorunda dövlət büdcəsinə
olan ümidsiz borcların ləğv edilməsi barədə
fərmanı ilə bağlıdır və keçici
xarakter daşıyır. Bununla belə, qeyd etmək
vacibdir ki, vergi gəlirlərinin gözlənilən nisbi
azalması artıq gələn ildə qeyri-neft sektorunun vergi
gəlirlərinin artmasına mane olmayacaqdır. Belə
ki, 2011-ci ildə qeyri-neft sektorundan daxilolmaların 3901,0 mln. manat olacağı
gözlənilir ki, bu da cari ilə nisbətən 7,8%
çoxdur. Son illərdə neft gəlirlərinin
artması və bu gəlirlərin bir hissəsinin ölkənin
inkişafına yönəldilməsi büdcə gəlirlərinin
əhəmiyyətli dərəcədə yüksəlməsinə
səbəb olmuşdur. Neft
strategiyasının uğurla reallaşdırılması nəticəsində
yaranan neft gəlirləri büdcə gəlirlərinin
artırılmasının əsas mənbələrindən
biri kimi hələ uzun müddət qalacaqdır.
Dövlət
büdcəsinin gəlirlərinin artması ilə
yanaşı, büdcə siyasətinin nəticəliliyinin təmin
olunması baxımından mühüm məqam xərclərin
strukturu və xərc maddələrinin dinamikası hesab
edilir. Son illərdə ölkəmizdə həyata
keçirilən büdcə siyasətinin əsas istiqamətlərindən
biri əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasıdır. Bu məqsədlə dövlət büdcəsi
hesabına əhalinin təhsil, səhiyyə və mədəni
xidmətlərə tələbatlarının ödənilməsi,
pensiya və sosial təminat səviyyəsinin
artırılması nəzərdə tutulur. 2011-ci ildə
dövlət büdcəsindən sosial məqsədlər
üçün nəzərdə tutulmuş xərclər
2010-cu ilə nisbətən 8,8%
artırılaraq 4234 mln. manat təşkil
edir, bu da büdcə xərclərinin 33,3%-nə bərabərdir.
Sosial problemlərin həllini
təmin etmək üçün davamlı iqtisadi inkişaf
tempinə nail olmaq lazımdır. Bunun
üçün isə makroiqtisadi sabitlik təmin olunmalı,
vergi sistemi təkmilləşdirilməlidir. Bu şərtlərin təmin olunması büdcə
siyasətinin əsas məqsədlərindən biridir. Bu məqsədlə büdcədə neftin qiymətinin
ehtiyatlı sayıla biləcək proqnozu əsas
götürülmüşdür. Əslində,
neftin qiymətlərinin yüksək olaraq qalacağı
gözlənilir və bunun da ölkənin maliyyə
imkanlarının artmasına səbəb olacağı
danılmazdır. Fikrimizcə, neft gəlirlərindən
gələcək inkişafın təmin olunması
üçün istifadə edilməsi istiqamətində
aparılan siyasət təqdirəlayiqdir. Bu
vəsaitlər ümumilikdə cəmiyyətin
inkişafına xidmət edir. Bununla
yanaşı, son illərdə neft gəlirlərinin dövlət
büdcəsinə transferlərinin həyata keçirilməsi
müəyyən inflyasiya təzyiqi yaradır. Lakin Mərkəzi Bank və hökumətin bu sahədə
gördüyü tədbirlər bu təsiri məhdudlaşdırır.
Fikrimizcə, son illərdə büdcənin xərclərinin
artım tempi zəruri səviyyədə olmuşdur və bu
da iqtisadiyyatın bu xərclərə
uyğunlaşmasını təmin etmiş və şok
effekti yaratmasının qarşısını
almışdır. Belə ki, 2011-ci ildə
inflyasiyanın səviyyəsinin 5% olacağı, milli valyutanın
məzənnəsinin isə nisbətən sabit
qalacağı proqnozlaşdırılır. Həmçinin, qeyri-neft sektorunun inkişafı da
bu sahədən daxil olan vergi gəlirlərinin artmasına səbəb
olacaqdır. Son illərdə həyata
keçirilən tədbirlər ölkədə investisiya və
sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılmasına gətirib
çıxarmışdır. Belə ki,
vergi ödəyicilərinin hüquqlarının
artırılması və mənafelərinin qorunması,
vergi yükünün aşağı salınması, vergi
inzibatçılığının və vergi nəzarətinin
təkmilləşdirilməsi ilə əlaqədar
ardıcıl tədbirlər həyata keçirilmişdir.
Dövlət
büdcəsinin qısa şərhini tamamlayaraq, onu qeyd etməyi
vacib sayırıq ki, Azərbaycan Cənubi Qafqazda ən
güclü iqtisadiyyata malik ölkədir və o,
sözün əsl mənasında regionun iqtisadi güc mərkəzinə
çevrilmişdir. Rəqəmlərlə ifadə edilsə,
2011-ci ildə dövlət büdcəmizin həcmi, digər
iki qonşu dövlətin birlikdə büdcəsindən dəfələrlə
çoxdur. Ölkəmizin 2011-ci ildə büdcə gəlirləri
və xərcləri Ermənistanın müvafiq göstəricilərindən
6,3 dəfə və 5,7 dəfə
çoxdur. Yalnız onu demək kifayətdir ki,
2011-ci ildə Azərbaycanın ümumilikdə hərbi xərcləri
Ermənistanın bütövlükdə büdcəsindən
xeyli yüksəkdir.
Bütün
bunlar şübhəsiz ki, əsası ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulmuş və
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilən iqtisadi inkişaf
strategiyasının uğurla reallaşdırılması nəticəsində
əldə olunmuşdur.
Dövlətin
maliyyə imkanlarının artması ölkədə həm
fiziki, həm də insan kapitalının yaradılması
istiqamətlərində investisiya qoyuluşlarının
artırılmasına səbəb olmuşdur. Bu sahələrin
inkişafına çəkilən xərclər ölkə
daxilində məcmu tələbin artmasına və bunun nəticəsində
qeyri-neft sektoru sahələrinin inkişafına müsbət
təsir göstərir. Bununla
yanaşı, dövlət investisiyaları hesabına nəqliyyat,
kommunal infrastruktur, təhsil, səhiyyə və digər sahələrin
inkişafının təmin olunması insanların səmərəli
fəaliyyəti üçün təminat imkanlarını
artırmaqla yanaşı, qeyri-neft sektorunun rəqabət
qabiliyyətinin yüksəldilməsi baxımından da
mühüm amillərdən biri kimi çıxış edir.
Məhz qeyd edilən aspektə uyğun olaraq
dövlət büdcəsindən kapital xərcləri son illərdə
əhəmiyyətli dərəcədə
artmışdır. Belə ki, 2003-cü
ildə dövlət əsaslı vəsait
qoyuluşlarının həcmi 250 mln. manata
bərabər olmuşsa, 2010-cu ildə bu rəqəm 5307 mln. manata qədər artmış, 2011-ci ilin
dövlət büdcəsində isə 3383 mln. manat məbləğində nəzərdə
tutulmuşdur. 2011-ci ildə Dövlət
İnvestisiya Proqramı çərçivəsində 4569
mln. manat investisiya qoyuluşunun həyata
keçirilməsi planlaşdırılır ki, bunun da 67,3%-i
infrastruktur layihələrinin payına düşür.
Bütövlükdə,
2011-ci il dövlət büdcəsini sosial
və investisiya yönümlü iqtisadi inkişafın təmin
olunmasına istiqamətlənmiş büdcə hesab etmək
olar. Belə ki, büdcə xərclərinin 33,3%-ni
sosialyönümlü xərclər, 42,0%-ni isə kapital xərcləri
(əsaslı vəsait qoyuluşları, əsaslı təmir
və s.) təşkil edəcəkdir.
Göründüyü kimi,
təqdim olunan büdcə zərfi büdcə haqqında
mövcud qanunvericiliyə tam uyğun şəkildə tərtib
olunmuşdur və o, özündə Azərbaycanın
bugünkü iqtisadi və sosial inkişafının
reallıqlarını, dünya bazarında qlobal iqtisadi
böhrandan sonrakı dövrdə qərarlaşmış
situasiyanı, inkişaf meyillərini və perspektivlərini əks
etdirir.
Büdcə
doğrudan da mükəmməl bir sənəddir, elmi
proqnozlara əsaslanan real büdcədir və onun istər gəlirlərinin,
istərsə də xərclərinin tam reallaşması
üçün imkanlar kifayət qədərdir, hətta qeyd
edilməlidir ki, büdcənin əksər parametrləri bir qədər
ehtiyatla müəyyənləşdirilmişdir. Mən 2011-ci
ilin büdcəsini əsaslandırılmış, proqram-məqsədli
yanaşmaya əsaslanan inkişaf büdcəsi
adlandırardım. Belə ki, büdcə
xərclərinin əsasən məqsədli proqramlar əsasında
həyata keçirilməsi nəzərdə tutulur ki, bu da,
bir tərəfdən vəsaitlərin xərclənməsi
üzərində ciddi dövlət nəzarətinin təmin
olunmasına, digər tərəfdən isə həmin xərclərdən
daha səmərəli istifadə olunmasına şərait
yaradır.
Eyni zamanda,
büdcə layihəsində son üç ildə qərarlaşmış
sosial və investisiya yönümlülüyün
saxlanılması pozitiv istiqamət kimi dəyərləndirilməlidir. Büdcədə
neftin qiymətinin 60 dollar həcmində nəzərdə
tutulması dünya iqtisadıyyatında baş verə biləcək
hər hansı bir xoşagəlməz hadisələrdən,
başqa sözlə, risklərdən büdcənin
qorunmasını təmin etməyə imkan verir. Hətta, bu, 2011-ci ilin büdcəsinin kəsirlə
deyil, profisitlə başa çatmasına da əvvəlcədən
təminat verir.
Təqdim olunan büdcə zərfi
haqqında fikirlərimi ümumiləşdirərək bir məsələni
xüsusi qeyd etmək istərdim ki, son bir neçə il ərzində ölkə Prezidentinin bilavasitə
rəhbərliyi ilə iqtisadi qurumlar tərəfindən
büdcə sisteminin çox mükəmməl institusional
sistemi formalaşmış, dövlət gəlirlərinin
yenidən bölgüsünün effektiv mexanizmi
qurulmuşdur.
Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm
qoymaqdadır.
Məhz bu mərhələdə
inkişafın əsas məqsədləri ölkənin
iqtisadi potensialının daha da gücləndirilməsi, sosial
sferanın yüksək sürətli tərəqqisi, sosial
xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara
uyğunlaşdırılması, onların
ünvanlılığının səmərəliliyinin
artırılması və ən ümdəsi, insan
kapitalının inkişafının təmin edilməsidir.
Sonuncu aspekt
yeni dünya düzənində layiqli yer tutmağın əsas
şərtidir. Bu mənada büdcədən elm və təhsilə
ayrılan vəsaitlərin həcmi və qarşıda duran məsələlərlə
bağlı bəzi təkliflərin nəzərə
alınmasını məqsədəuyğun hesab edirik:
- Yeni maliyyələşdirmə
sisteminin qeyd-şərtsiz üstünlüklərinə
baxmayaraq, həm bakalavr, həm də magistr səviyyəsində
hər bir təhsil alana düşən vəsaitin
artırılmasına ciddi ehtiyac vardır;
- Təhsil işçilərinin
sosial vəziyyətinin yaxşılaşdırılması
yönümündə müvafiq tədbirlərin
görülməsi vacibdir;
- Təhsil qanununda nəzərdə
tutulduğu kimi, adambaşına maliyyələşdirmə
mexanizmi təkcə ali məktəblərlə
məhdudlaşmamalı, təhsilin bütün pillələrinə
şamil edilməlidir;
- Elmə ayrılan xərclərin
əhəmiyyətli dərəcədə artmasına
baxmayaraq (2008-2011-ci illər ərzində 1,7
dəfə), vəsait çatışmamazlığı
hiss olunmaqdadır. Ayrılan vəsaitin 75%-dən
çox hissəsi əməkhaqlarına, avadanlıqların
alınmasına və müxtəlif xidmətlərin ödənilməsinə
sərf olunur. Bilavasitə fundamental elmi-tədqiqatlar
üçün nəzərdə tutulan vəsaitlər kifayətedici
həcmdə deyildir;
- Elm Fondu üçün əvvəlki
ildə ayrılmış, lakin istifadə olunmamış vəsaitin
növbəti ilin xərclərinə əlavə edilməsi
məqsədə müvafiq olardı.
Qeyd edilən
tövsiyələrin nəzərə alınması
informasiya iqtisadiyyatı quruculuğunda əhəmiyyətli irəliləyişlərə
şərait yaradardı. Bütün bunlarla
yanaşı, bir daha qeyd etmək vacibdir ki, 2011-ci ilin dövlət
büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafında
uğurlu bir mərhələnin reallaşması
üçün real təminat yaradacaqdır.
Şəmsəddin Hacıyev,
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 3, 4.