Ləyaqətli vətəndaş
İftixarla demək olar ki, Bakı Dövlət Universitetini həmişə elm məbədgahı adlandırıblar. Bu qədim və möhtəşəm elm ocağı yarandığı gündən indiyə kimi respublikamızdakı bütün ali təhsil müəssisələrindən fərqlənərək, yüksəliş dövrü keçib, böyük tərəqqiyə nail olub. Təsadüfi deyil ki, hər il ali məktəbə daxil olmaq istəyən abituriyentlərin 60 faizi birinci olaraq qəbul ərizəsində BDU-nun adını qeyd edir. Ona görə də bu gün ölkədə təhsil alan Prezident təqaüdçülərinin 50 faizi BDU-nun tələbələridir. Onların xalq, dövlət üçün vətənpərvər, millətsevər bir vətəndaş kimi yetişməsində, sözsüz, universitetin müəllim və professor heyətinin də əməyi var. Lakin bu da danılmaz faktdır ki, böyüksüz yerdə heç bir uğurdan, nailiyyətdən söz açmağına dəyməz. Demək olar ki, rəhbər sarıdan BDU-nun bəxti əksər vaxtlar gətirib. Xoşbəxtlikdən bu gün də belədir. 1999-cu il yanvarın 11-dən BDU-ya dünya şöhrətli alim, mahir pedaqoq, yüksək idarəçilik xüsusiyyətlərinə malik təşkilatçı, yorulmaq bilmədən xalqının xoşbəxt gələcəyi üçün çalışan millət vəkili, milli və mənəvi dəyərlərimizi qoruyub saxlayan əsl azərbaycanlı ziyalı Abel Məhərrəmov rəhbərlik edir.
...16 yaşında tələbəsi, 26 yaşında alimi olduğu elm məbədinə rəhbərlik etdiyi bu on bir ildə universitetin həyatında çox dəyişikliklər olub. Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, elmin, təhsilin inkişafında radikal və cəsarətli addımlarla irəliləməsi, həm zahirən, həm də daxilən gözəlləşməsi, nizam-intizamın möhkəmləndirilməsi, müəllimlərin və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması Abel müəllimin gərgin əməyinin bəhrəsidir. Beləliklə, Abel müəllim müstəqil və azad Azərbaycanın yaşıdı olan BDU-nun dünya və Avropa standartları səviyyəsinə yüksəlməsində, beynəlxalq aləmdə daha yaxından tanıdılmasında böyük zəhmət çəkib.
"Qurucu rektor" adı ilə tanınan Abel müəllim hər gün universitetin elmi və ictimai həyatında bir nailiyyətə imza atır, yeni işin təməlini qoyur. İdman kompleksi, böyük oxu zalı, universitetin giriş qapısı, fasadın cilalanması, yeməkxana kompleksi, kimya fakültəsində nüvə-maqnit rezonans laboratoriyası, vahid kompüter şəbəkəsi, Altıağac tədris düşərgəsinin yenidən qurulması... Xaricdə və ölkəmizdə çap olunan 400-dən artıq elmi əsərin, ixtiranın, onlarca dərslik və dərs vəsaitlərinin müəllifi, 20-yə yaxın elmlər namizədi və doktoruna rəhbərlik və daha nələr, nələr... Bütün bunlar onun son dərəcə işgüzarlığından və qayğıkeşliyindən irəli gəlir. Təsadüfi deyil ki, professor Abel Məhərrəmov Avropanın 100-dən artıq ali məktəbini birləşdirən Qara Dəniz hövzəsi Universitetləri Assosiasiyasının prezidenti seçilmiş və səmərəli fəaliyyətinə görə bir sıra ali mükafatlara layiq görülmüşdür.
Bu yüksək fəxri adların və mükafatların arasında Abel müəllim üçün daha əziz olan akademik Yusif Məmmədəliyev adına "Qızıl medal" mükafatıdır.
...Bakı Dövlət Universitetinin sayca 13-cü rektoru Yusif Məmmədəliyev və 23-cü rektoru Abel Məmmədəli oğlu. Bu da bir xoşbəxtlikdir ki, hər ikisinin bir-birinə bənzəməsi, təkcə dünya şöhrətli kimyaçı alim olmaqları deyil, həmçinin kamil, aqil insan olmalarıdır. Rektorun doğma kollektivə qarşı mehribanlıq, həssaslıq, qayğıkeşlik hissi, ziyalılıq mərhəməti, alimlik təəssübkeşliyi və ən başlıcası, qurub-yaratmaq ehtirası mərhum akademik Yusif Məmmədəliyevi xatırladır. On bir ildir Abel müəllim böyük bir ziyalı kollektivinə yüksək təşkilatçılıq qabiliyyəti, idarəetmə səriştəsi ilə rəhbərlik edir. Əksəriyyəti gənclər olan bu elm ocağında mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı üçün çalışan rektorun yorulmaz fəaliyyəti hər bir ziyalı üçün örnəkdir.
Deyir, xoşbəxt o kəsdir ki, "səhər işə, axşam evə tələsir". Abel müəllim də o kəslərdəndir ki, otuz ilə yaxın onun üçün hər auditoriyası, dəhlizi, daşı belə əziz olan BDU-ya tələsir. Hər gün kimyanın açılmamış möcüzəli düsturları istedadlı alimini, tələbələri qayğıkeş və mahir pedaqoqunu, böyük kollektivi isə öz təşkilatçısını gözləyir. Obyektivliyi, prinsipiallığı onu nəinki rəhbərlik etdiyi universitetin, tanıyanların hamısının sevimlisinə çevirib.
Onun barəsində belə yazırlar: "Professor Abel Məhərrəmov kimi yüksək ixtisaslı, işgüzar ziyalıları olan ölkə daim parlaq zəkalardan ziya aldığından həmişə iqtisadi, siyasi və mənəvi inkişafa doğru ucalacaqdır".
Abel müəllim bu ucalıqda hər an sabahın qurucuları olan gəncliyi düşünür. Çünki gələcəyə baxan vətəndaş, millətin, dövlətin, xalqın sabahını gənclikdə görən ziyalıdır. Hər şeydən əvvəl bu gəncliyi vətənpərvər ruhda tərbiyə edərək qloballaşmaqda olan dünyaya yüksək səviyyəli kadr kimi hazırlamaq. Bu zaman müstəqil və azad Azərbaycanın, milli dövlətçiliyimizin, azərbaycançılığın möhkəm təməlini qoymuş olarıq. Elə buna görə də Abel müəllim universitetdə vaxtının çoxunu tələbələrə, onların qayğı və problemlərinə həsr edir, müəllim və professor heyətini də onlara qarşı daha qayğıkeş olmağı tövsiyə edir. Bu da bir daha Abel müəllimin insanlığından, qayğıkeşliyindən irəli gəlir. Onun bu humanistliyinin dəfələrlə şahidi olmuşam və bu haqda yazmaq da istəmişəm. Amma sonra da bu fikrimdən çəkinmişəm. Çəkinmişəm ki, çoxları bu yazımı başqa cür yoza ki, umacaqlarım var, müdafiə, iş... Çünki o zaman universitetin sadəcə dissertantı idim.
İllər keçdi. Müdafiə də etdim, müəllim də təyin edildim. Yenə də dəfələrlə təmənnasız qayğı köməyim oldu. Təbii, buna bəziləri inanmayacaq. Buna görə hec onları qınamıram da. Çünki elə bir zəmanədə yaşayırıq ki, təmənnasız xeyirxahlığı yalnız və yalnız təəccüb və inamsızlıq hissi ilə qarşılayırıq. Şair demiş:
Qorxuram elə bir zəmanə gələ,
İnsanlar yaşaya insanlıq ölə.
Abel müəllimdən mən bu insanlığı dəfələrlə gördüm, duydum. Balaca bir təqdimatı alanacan, qəbula girənəcən dəfələrlə hər şeyi atıb getmək, bu yola son qoymaq istəmişəm. Amma onu yaxşı tanıyanlar, xasiyyətinə bələd olanlar israrla məni fikrimdən döndəriblər: "Çalış müəllimin qəbuluna get. Abel müəllim zəhmətə qiymət verən, xeyirxah insandır".
Qəbula nə qədər inamsızlıqla gəlmişəmsə, dönəndə bir o qədər böyük sevinclə, inamla qayıtmışam...
Üzümü bu gün Abel müəllimin seçicilərinə tutaraq deyirəm. Sizi elmimizin və elimizin ləyaqətli oğluna, vətənpərvər və millətsevər ziyalısına, işgüzar və tərəqqipərvər qurucusuna, obyektiv və ədalətli xalq elçisinə bir daha etimad göstərməyə, onun namizədliyini dəstəkləməyə, ona inam və etimad göstərməyə çağırıram. Düşün, əziz seçici. Düşün ki, hər zaman seçicilərinin etimadını doğruldan Abel müəllim bu günün gəncliyinin səsinin daha ucalardan eşidilməsi üçün hələ çox işlər görməyə qadirdir. Başladığı işi axıra çatdırmaq, öhdəsinə düşən vəzifəni vicdan və məsuliyyətlə yerinə yetirmək Abel müəllimin ən gözəl keyfiyyətlərindən biri yox, birincisidir desək daha doğru olar.
Qərənfil
Dünyaminqızı,
BDU-nun Mətbuat tarixi
və
ideoloji iş kafedrasının müəllimi,
filologiya elmləri namizədi,
Azərbaycan Jurnalistlər Birliyinin
və
Yazıçılar Birliyinin üzvü
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 4.