"The Times" qəzetində Azərbaycan barədə
hesabat dərc edilmişdir
Böyük Britaniyanın
nüfuzlu "The Times" qəzetinin 21 oktyabr tarixli
sayında Azərbaycan haqqında xüsusi hesabat dərc
edilmişdir.
Ölkəmizin Birləşmiş
Krallıqdakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, Upper Reach media agentliyinin qəzetin sifarişi əsasında
hazırladığı hesabat Azərbaycanın beynəlxalq əlaqələri,
iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsinin
inkişafına həsr edilmiş ayrı-ayrı materiallardan
ibarətdir.
Materiallarda Azərbaycan və
Böyük Britaniya arasında iqtisadi əlaqələrin
dinamik inkişaf etdiyi, xarici sərmayədarlar
üçün yaradılmış münbit şərait
sayəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin,
o cümlədən 100-dən artıq Britaniya şirkətinin
fəaliyyət göstərdiyi vurğulanır. Azərbaycanın
regionda xarici sərmayədarlar üçün əsas
ölkəyə çevrildiyi, son onillikdə iqtisadiyyatın
müxtəlif sahələrinə 25 milyard ABŞ dolları məbləğində
xarici sərmayə yatırılmasının ölkədə
yaradılmış əlverişli işgüzar mühitin
bariz göstəricisi olduğu bildirilir.
Qlobal iqtisadi böhranın təsirlərinə
baxmayaraq, Azərbaycanın ümumi daxili məhsulun artım
tempinə görə dünyada ilk yerlərdən birini
tutduğu, biznes mühitinin
yaxşılaşdırılması sahəsində
görülən tədbirlər nəticəsində
2009-2010-cu illərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabət
Hesabatında 18 pillə irəlilədiyi qeyd edilir.
Hesabatda, həmçinin
ölkə iqtisadiyyatında enerji sektorunun aparıcı yer
tutmasına baxmayaraq, əsas prioritetin qeyri-neft sektorunun
inkişafı elan edildiyi, turizm, kənd təsərrüfatı,
informasiya texnologiyaları, maliyyə-bank sektorlarının
geniş potensiala malik olduğu diqqətə
çatdırılır. İqtisadiyyatın şaxələndirilməsinin
davam etdirilməsinə yardım məqsədi ilə təsis
edilmiş Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
kimi qurumların fəaliyyətinə toxunulur.
Hesabatda Azərbaycanın
geniş turizm potensialına malik olmasından, son zamanlar artan
turist axınından və turizmin inkişafı istiqamətində
həyata keçirilən tədbirlərdən, mədəniyyətlərarası
dialoqun genişləndirilməsi istiqamətində
"Bakı prosesi"ndən bəhs olunur, müxtəlif
sivilizasiyaların qovuşduğu məkanda yerləşən
Azərbaycanın bu dialoq prosesində özünəməxsus
rol oynadığı bildirilir.
"The Times" ölkə
iqtisadiyyatının tikinti, telekommunikasiya, hotelçilik kimi
sahələrində fəaliyyət göstərən
tanınmış yerli şirkətlər haqqında da
söz açır.
Azərbaycan.- 2010.-22
oktyabr.- S. 5.