Astanada Qazaxıstan Xalqları Assambleyasının 16-cı sessiyasında bu ölkədəki Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri də iştirak etmişlər

 

Astanada Qazaxıstan Xalqları Assambleyasının 16-cı sessiyası keçirilmişdir. Sessiyanın işində Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinin 25-dən artıq nümayəndəsi də iştirak etmişdir. Astanada keçirilən Mənəvi Mədəniyyət üzrə Dünya Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti də sessiyaya qonaq sifətində dəvət edilmişdi.

Dövlət başçısı, Qazaxıstan Xalqları Assambleyasının sədri Nursultan Nazarbayev çıxışında Assambleyanın rolundan, ölkədə yaşayan azsaylı xalqlara yaradılan şəraitdən danışmışdır. Prezident demişdir ki, azsaylı xalqlar öz mədəniyyətlərini, adət-ənənələrini yaşadır və inkişaf etdirirlər.

Assambleyanın fəxri qonaqları sırasında çıxış edən yeganə nümayəndə - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş, Qazaxıstanda yaşayan azsaylı xalqlara verilən hüquqlardan danışmışdır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmış, problemin sülh yolu ilə həllində Azərbaycanın təşəbbüsləri haqqında məlumat vermişdir.

Foyedə böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti ilə əlaqədar sərgi də təşkil edilmişdir. Sərgi ilə maraqlananlara Ü.Hacıbəylinin əsərləri hədiyyə edilmişdir.

Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov sessiyada iştirak etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 6.