Moskvada vokalçıların Müslüm Maqomayev
adına I Beynəlxalq Müsabiqəsinin
iştirakçıları müəyyən edilmişdir
Moskvada "Krokus Siti Moll"da vokalçıların Müslüm Maqomayev adına Birinci Beynəlxalq Müsabiqəsinin mətbuat konfransı keçirilmişdir. Bu böyük sənətçinin oktyabrın 25-də qeyd ediləcək xatirə gününə həsr edilmiş müsabiqə ilə əlaqədar keçirilmiş mətbuat konfransında Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, müsabiqənin münsiflər heyətinin sədri, SSRİ-nin və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya, Fondun təsisçisi, "Krokus" QSC-nin prezidenti Araz Ağalarov, musiqişünas və teleaparıcı, Rusiyanın xalq artisti Stanislav Belza iştirak etmişdir.
Münsiflər heyətinin sədri Tamara Sinyavskaya müsabiqənin yaranması ideyası barədə söhbət açmış, Maqomayevlər ailəsinin yaxın dostu, fondun təsisçisi və müsabiqənin təşkilatçısı Araz Ağalarova səmimi təşəkkürünü bildirmişdir. O, vokalçıların müsabiqəsinin keçirilməsi şərtləri barədə ətraflı məlumat vermiş və müsabiqəni rəsmən açıq elan etmişdir. T.Sinyavskayanın sözlərinə görə, Maqomayevin yaradıcı şəxsiyyəti kimi müğənnilərin bu yarışması da unikaldır, ona görə də bu mürəkkəb müsabiqə iştirakçıları qarşısında çox yüksək tələblər qoyulur. "Müsabiqədə iştirak etmək üçün çoxlu müraciətlər daxil olmuşdur, onlardan cəmi 14 nəfəri seçilmişdir", - deyən münsiflər heyətinin sədri iştirakçılara uğurlar arzulamış və qeyd etmişdir ki, bu müsabiqə Müslüm Maqomayevin həyatının təbii davamıdır.
Araz Ağalarov qeyd etmişdir ki, bu müsabiqə görkəmli musiqiçinin xatirəsinə hörmətin ən yaxşı əlamətidir. Müsabiqənin maksimum obyektiv keçəcəyinə əmin olduğunu bildirən A.Ağalarovun fikrincə, bu müsabiqədə iştirak etməyin özü ciddi seçim mərhələsindən keçmiş iştirakçılar üçün sənət aləminə yaxşı vəsiqədir. A.Ağalarov Krokus hollda Müslüm Maqomayev adına zalın üstünlükləri barədə də məlumat vermiş, bildirmişdir ki, bu zalın təchizatı böyük müğənninin adına layiqdir.
Sonra püşkatma mərasimi keçirilmişdir. Seçim komissiyası audio-video yazılar əsasında aparılmış seçimin yekunlarına görə 14 iştirakçını müsabiqəyə buraxmışdır. Müsabiqədə Azərbaycanı istedadlı tenor Samir Cəfərov və Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırda İtaliyada təhsil alan Cavid Səmədov (bariton) təmsil edəcəkdir. Püşkatmanın yekunlarına görə, Samir Cəfərov 13-cü, Cavid Səmədov isə 5-ci çıxış edəcəkdir. Müsabiqədə Rusiya, Belarus, Moldova və Gürcüstan nümayəndələri də iştirak edirlər.
Müsabiqə iki turdan ibarət
olacaqdır. Oktyabrın 23-də keçiriləcək birinci turda hər
bir vokalçı iki dəfə çıxış edəcəkdir.
Onların hər biri əvvəlcə bir klassik, sonra
isə bir estrada əsəri
ifa edəcəkdir. Müsabiqənin ikinci turu oktyabrın 24-də keçiriləcək
və bütünlüklə
Müslüm Maqomayevin
yaradıcılığına həsr ediləcəkdir.
Bu dəfə də hər bir iştirakçı səhnəyə iki dəfə çıxacaq.
Birinci dəfə o, Maqomayevin repertuarından olan bir klassik
əsəri, ikinci dəfə isə yenə eyni repertuardan estrada
əsərini ifa edəcəkdir. Müsabiqə iştirakçılarının
çıxışları hər turda 10 ballıq şkala üzrə qiymətləndiriləcəkdir.
İki mərhələdə
ən çox bal toplamış iştirakçılar müsabiqənin
qalibləri olacaqdır.
Təltif bir Qran-pri və üç mükafatdan ibarət olacaqdır.
Bu müsabiqəni iki, yaxud üç ildə bir dəfə
keçirmək nəzərdə
tutulur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.-22 oktyabr.- S. 6.