Görkəmli alim,qayğıkeş insan

 

Dünyadan köçənlərin içərisində çox az adam iz qoyub əbədi həyat qazanır. Onlardan biri də bu günlərdə - oktyabrın 8-də ömrünün 85-ci ilində dünyasını dəyişmiş respublikanın görkəmli alimi, tanınmış elm təşkilatçısı, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Toğrul Nemət oğlu Şahtaxtinski idi. Yubiley ərəfəsində amansız ölüm onu aramızdan aparsa da, böyük alimin uzunillik səmərəli, məhsuldar fəaliyyəti, kimya elminin inkişafındakı dəst-xətti, misilsiz xidmətləri daim xatırlanacaqdır.

Akademik T.N.Şahtaxtinski 1925-ci ilin 22 oktyabrında Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, 1943-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) kimya-texnologiya fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin institutun tam kursunu bitirib, kimyaçı-mühəndis diplomu ilə Elmlər Akademiyasına göndərilərək Neft İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. Aspirantura hazırlığını hələ tələbə ikən elmi-tədqiqat işi apardığı laboratoriyada Sosialist Əməyi qəhrəmanı, Dövlət Mükafatı laureatı akademik M.F.Nağıyevin rəhbərliyi ilə başa çatdıran T.N.Şahtaxtinski 1959-cu ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.

Akademik T.N.Şahtaxtinski fasiləsiz olaraq EA sistemində kiçik elmi işçi, böyük elmi işçi, institutun elmi katibi, şöbə müdiri, direktor müavini, Naxçıvan Elmi Mərkəzin ilk direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik-katibi vəzifələrində çalışmışdır. O, uzun müddət AMEA-nın Rəyasət Heyətinin üzvü olmuşdur. 1975-ci ildən ömrünün sonunadək T.N.Şahtaxtinski indiki akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun direktoru, eyni zamanda 2007-ci ildən AMEA-nın müşaviri olmuşdur. 2001-ci ildə akademik T.N.Şahtaxtinski Gürcüstan MEA-nın xarici həqiqi üzvü seçilmişdir.

Görkəmli alimin elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexanizminin tədqiqi, üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya proseslərinin modelləşdirilməsi və optimallaşdırılması, kimya texnologiyasının nəzəri əsaslarının işlənilməsi ilə əlaqəli geniş problemləri əhatə edir.

O, katalizatorun qaynayan təbəqəsində alifatik karbohidrogenlər və onların qarışıqlarının oksidləşmə və oksidləşmə ammonolizi sahəsindəki işləri ilə elmi ictimaiyyətə yaxşı tanışdır. T.N.Şahtaxtinski öz əməkdaşları ilə birlikdə n-butilenlərin və n-butanın malein anhidridinə, izobutilenin metakril turşusuna, propanın sirkə turşusuna birbaşa oksidləşdirilməsi, toluol, ksilollar və başqa karbohidrogenlərin maye fazalı oksidləşmə ammonolizi proseslərini, həmçinin müxtəlif monomerlərin və üzvi sintezin aminlər, amidlər, imidlər kimi yarım məhsullarının, çoxfunksiyalı halogen tərkibli birləşmələrin alınma üsullarını işləyib hazırlamışdır. Onun rəhbərliyi altında xlorkarbohidrogenlərin heterogen-katalitik oksidləşməsinin elmi əsasları işlənilmiş, müxtəlif promotorlarla müxtəlif daşıyıcılarda yüksək aktivliyə və seçiciliyə malik bir sıra oksid katalitik sistemlərin sintezi və seçilməsi sahələrində tədqiqatlar aparılmışdır.

T.N.Şahtaxtinski və əməkdaşları tərəfindən katalizatorun dəyişən aktivliyi şəraitində gedən heterogen-katalitik proseslərin təcrübi və nəzəri tədqiqi metodikası, həmçinin psevdo sıxılmış təbəqədə sirkulyasiya edən katalizatorun qeyri-stasionar aktivliyi nəzərə alınmaqla bir sıra sənaye proseslərinin modelləşdirilməsi və intensivləşdirilməsi prinsipləri işlənib hazırlanmışdır. Fundamental fiziki-kimyəvi tədqiqatlara əsaslanaraq hazırlanmış prinsiplər katalitik proseslərin öyrənilmə problemlərinin həlli, optimal şəraitin təyini və həyata keçirilməsi, onların avtomatlaşdırılması sisteminin yaradılması üçün nəzəri baza rolunu oynayır.

Akademik T.N.Şahtaxtinski və əməkdaşları tərəfindən avtomatlaşdırılmış eksperimentin təşkili üzrə yeni elmi istiqamət, onların keçirilmə vasitələri, kimyəvi və kimya texnoloji tədqiqatlarda EHM ilə tədqiqatçı arasında münasibətin dialoq rejimindən istifadə etməklə informasiyaların tədqiqi formalaşdırılmış, əsaslandırılmış və həyata keçirilmişdir.

Kimyəvi texnologiyanın nəzəri əsaslarının yaradılması və onun əsasında prinsipcə yeni reaksiya qurğularının hazırlanması üzrə T.N.Şahtaxtinskinin rəhbərliyi və birbaşa iştirakı ilə aparılmış işlər fundamental səciyyə daşıyır. Belə işlərə ilk növbədə yeni yaradılmış reaktor-elektro-kimyəvi yanma kamerası, yeni səthi aerasiyalı qaz-maye reaktoru və qeyri-mütəhərrik qarışdırıcılı ilgəkvari reaktor aiddir.

T.N.Şahtaxtinski əməkdaşları ilə birlikdə katalitik proseslərin kinetika, mexanizm və dinamikası sahəsində geniş tədqiqat işləri aparıb və oksidləşdirici çevrilmə prosesləri üçün yüksək effektivli çoxfunksiyalı metalseolit katalizatorlarının istifadəsinin nəzəri əsasları hazırlanmış və bunun əsasında effektiv katalitik proseslər həyata keçirilmişdir.

T.N.Şahtaxtinskinin iştirakı ilə polimer kompozisiyaların yaddaşından istifadəni nəzərdə tutan metal-polimer kompleks katalizatorların yaradılmasının yeni prinsipi hazırlanmış və praktikada istifadə olunmuşdur.

Akademik Toğrul Şahtaxtinski dəfələrlə Azərbaycan elmini xarici ölkələrdə layiqli təmsil etmişdir. O, 1963-cü ildə ADR-ə elmi ezamiyyətə gedib, Üzvi Kimya İnstitutunda, Berlin və Rostok universitetlərində, eləcə də 1966-cı ildə Buxarest, Yacc, Qluj universitetlərində və Dej şəhərinin iri kimya kombinatında məruzələrlə çıxış etmişdir.

1969-cu ildə alimin Hamburq Universitetində, Münhen Ali Texniki məktəbində, "BASF", "BAYER" və "HÖCHST" adlı iri alman firmalarında məruzələri dinlənilmişdir.

1971-ci ildə o, "BASF" firmasının dəvətilə karbohidrogenlərin birbaşa oksidləşməsi proseslərinə aid tsikl məruzələr oxumaq üçun yenidən AFR-ə ezam olunmuşdur.

1974-cü ildə T.N.Şahtaxtinski Yaponiyada Tokio və Osaka universitetlərində məruzələr oxumuş və 1975-ci ildə Tokio şəhərində keçirilən Beynəlxalq Neft konqresinin iştirakçısı kimi yenidən Yaponiyaya dəvət olunmuşdur.

1977-ci və 1979-cu illərdə T.N.Şahtaxtinski katalizə dair IV və VI Amerika-Sovet simpoziumlarının iştirakçısı kimi ABŞ-da olmuş, məruzələr etmiş, sovet nümayəndə heyəti rəhbərinin müavini olmuşdur. O, 1980-ci ildə Fransada olmuş, katalizə dair Fransa-Sovet simpoziumunda məruzə ilə çıxış et-mişdir. 1983, 1986 və 1989-cu illərdə akademik Macarıstan EA Texniki Kimya İnstitutu ilə birgə aparılan işlərin plan və nəticələrini müzakirə etmişdir. 1992-ci ildə o, polimerlərə dair Türkiyə-Azərbayçan simpoziumunda Azərbaycan nümayəndəliyinin rəhbəri kimi Türkiyədə olmuş və orada olarkən tanışlıq üçun Egey Universitetinə (İzmir şəhəri) dəvət olunmuşdur. 1993-cü ildə T.N.Şahtaxtinski "İşıqsan kimya" firmasının dəvətilə yenidən Türkiyənin İzmir şəhərinə getmiş və orada məruzələr oxumuşdur. 1999-cu ilin avqust ayında Almaniyada keçirilən YUPAK-ın 37-ci konqresində məruzə ilə çıxış etmişdir.

T.N.Şahtaxtinski 515 elmi əsərin (o cümlədən 12 monoqrafiyanın), 141 ixtiranın və patentin müəllifidir.

İlk monoqrafiyasını gənç ikən 1959-cu ildə görkəmli akademiklərlə - A.V.Topçiyev və M.F.Nağıyevlə birlikdə nəşr etdirmişdir. "Müasir sintetik materialların istehsalında neftin əhəmiyyəti" adlanan bu kitab SSRİ EA-nın nəşriyyatında buraxılmışdır. Sonralar bu kitab Azərbaycan dilinə də tərcümə olunmuşdur.

T.N.Şahtaxtinskinin dünyanın ən iri elmi nəşriyyatlarından biri olan "Perqamon Press" tərəfindən 1962-ci ildə buraxılmış kitabı "Neftdən sintetik materiallar" adlanır. Bu kitab Londonda ingilis dilində çapdan çıxmışdır. 1980-ci ildə onun ingilis dilində "C4 karbohidrogenləri və onların sənaye törəmələri" adlı daha bir kitabı çapdan çıxır. Kitab Londonda "Ernst Ben LTD" nəşriyyatında buraxılmışdır. Akademik T.N.Şahtaxtinskinin əsərləri elmi ictimaiyyətə yaxşı tanışdır, onlar nüfuzlu Beynəlxalq və Ümumittifaq jurnallarda, İngiltərə, ABŞ, AFR, Macarıstan, Rumıniya və s. ölkələrdə çap olunmuşdur.

T.N.Şahtaxtinski elmi kadrların hazırlanmasına da böyük diqqət yetirir, onun rəhbərliyi altında 13 doktorluq və 48 namizədlik dissertasiyası uğurla müdafiə olunmuşdur. Təkcə rəhbəri olduğu işlərdə deyil, respublika-mızda kimya elminin bir neçə sahəsində başa çatdırılmış dissertasiya işlərinin müdafiəsinin təşkilində akademik T.N.Şahtaxtinskinin qayğısı və xidməti danılmazdır.

1976-cı ildən Toğrul Şahtaxtinski fasiləsiz olaraq institutun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya şuralarının sədri olmuşdur. O, təkcə KPİ-nin nəzdində dörd ixtisas üzrə - "Kimya texnologiyasının proses və aparatları", "Kimyəvi kinetika və kataliz", "Yüksəkmolekullu birləşmələrin kimyası" və "Qeyri-üzvi kimya" elmlər doktoru alimlik dərəcəsi verən Dissertasiya Şurasının sədri idi.

Çoxsahəli və məhsuldar elmi-təşkilati və ictimai fəaliyyətinə görə T.N.Şahtaxtinski "Şərəfli əmələ görə" medalı (1970), "Şərəf Nişanı" (1980), "Xalqlar dostluğu" (1986), "Şöhrət" (2001), "İstiqlal" (2005) ordenləri, Azər-baycan Ali Sovetinin fəxri fərmanı (1985) və "Azərbaycanın əməkdar elm xadimi" (1991) fəxri adı ilə təltif edilmişdir.

Xalqımızın görkəmli alimi və tanınmış ziyalısı Toğrul Şahtaxtinski nurlu əməlləri, vətəndaş mövqeyi ilə əsl şəxsiyyət kimi xatırlanacaqdır.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti, akademik

 

Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 7.