Yeni orfoqrafiya lüğəti
hazırlanır
2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb və ulu öndər Heydər Əliyev komissiyanın sədri seçilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar sədrin müavinləri təyin ediliblər. Ölkəmiz yenidən müstəqilliyinə qovuşduqdan sonra ana dilimiz də Dövlət Dili statusunu qazanıb və həmin vaxtdan ulu öndərin tövsiyəsi ilə komissiya orfoqrafiya lüğətinin yeni nəşrini hazırlamağa başlayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilik şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov lüğət işini zərgər əməyinə bənzədir. Professor hesab edir ki, hazırlanan yeni lüğətə ən azı 2-3 minə yaxın söz əlavə olunacaq. Ümumilikdə isə yaxın gələcəkdə orfoqrafiya lüğətindəki sözlərin sayının 100 minə çatdırılacağı planlaşdırılır:
- Azərbaycanda orfoqrafiya lüğəti ilk dəfə böyük alimimiz Vəli Xuluflu tərəfindən 1929-cu ildə tərtib olunmuş və latın qrafikası ilə çap edilmişdir. Arada bir xeyli fasilə yarandıqdan sonra - 1940 və 1960-cı illərdə lüğət yenidən hazırlanaraq Kirill əlifbası ilə işıq üzü görüb. Azərbaycan dilinin orfoqrafiya lüğəti 15 illik fasilədən sonra - 1975-ci ildə bir daha təkmilləşdirilmiş şəkildə sözlərin sayı 58 minə çatdırılmaqla nəşr olunub. Bu gün masamızın üzərindəki sonuncu nəşr isə 2004-cü ildə işıq üzü görüb və 80 min sözü əhatə edir. Dilin lüğət tərkibi daim artır, zənginləşir, eyni zamanda da yeni sözlər əlavə olunur. Bu inkişaf elə böyük sürətlə gedir ki, dilimizə daxil olub ümumişlək sözə çevrilən kəlmələrin hamısını eyni vaxtda əhatə etmək, yəni lüğət sözlüyünə salmaq bəzən mümkün olmur. Lüğətçilik tariximizə baxsanız, dediklərimizin şahidi olarsınız. Bu uzunillik fasilələr dövründə dilimizə çoxlu sözlər daxil olub. 2004-cü ildə nəşr edilən lüğət bu ləngimənin qarşısını tam olmasa da, nisbətən aldı.
- Lüğətə yeni daxil ediləcək sözlərin mənşəyi barədə nə deyə bilərsiniz? Alınma sözlər çoxdurmu?
-
Hazırladığımız lüğətə daxil olacaq
sözlərin içərisində bir qismi alınma olsa da, əksəriyyəti
öz sözlərimizdir. Ana dilimizin sözyaratma
imkanlarından istifadə hesabına yaranmış leksik vahidlərdir.
Bir də ki, əcnəbi sözləri alıb olduğu kimi də
lüğətə daxil etmirik. Dilin daxili imkanları
hesabına bu sözlər orfoqrafiya qaydalarına
uyğunlaşdırılır. Lüğətə o
sözlər əlavə edilir ki, onlardan artıq mətbuatda,
televiziyada, radioda, elmi və bədii dildə istifadə olunur.
Təbii ki, bəzi sözlərə dəyişiklik ediləcək,
bəziləri defislə yazılacaq və ya bəzilərində
defis işarəsi atılacaq. Məsələn, yeni
lüğətə "diskersiya", "toparlanmaq",
"transsərhəd", "aksessuar",
"ağır-cəngi", "kimlik" sözlər
daxil ediləcək. "Kimlik" sözü hazırkı
lüğətdə var, yeni lüğətə şəxsiyyət
vəsiqəsi anlamında salınacaq. Bundan başqa,
"super", "ober" hissəciklərinin birləşməsindən
yaranan bir qrup sözlər də yeni lüğətə əlavə
olunacaq. Bu hissəciklərlə yaranan sözlərin müəyyən
qismi lüğətə daxil olub, bəziləri qalıb. Rus
dilinin orfoqrafiya lüğətində "super"lə
bağlı 21 söz var. 2004-cü ildə nəşr edilən
Azərbaycan dilinin orfoqrafiya lüğətində belə
sözlərin sayı 17-dir. Qalan sözlər, məsələn,
"super-yaxta", "super-market" sözləri
lüğətə daxil edilməyib. "Ober"lə bağlı
"ober-ştrumbannfürer",
"ober-ştrumfürer", "ober-leytenant",
"ober-zabit", "ober-usta" kimi sözlər də
indiyəqədərki lüğətdə yoxdur. Onlar hazırladığımız yeni varianta əlavə
ediləcək.
Bitişik və
ayrı yazılan sözlərə gəlincə, məsələn,
indiyəqədərki lüğətdə "super" hissəciyi
ilə başlayan sözlər bitişik yazılıb. Yeni orfoqrafiya
qaydalarında isə göstərilir ki, bundan sonra bu cür
sözlər defislə yazılacaq. Deməli,
yeni lüğətdə "super" və "ober"
hissəcikləri ilə başlayan sözlər defislə
veriləcək. Əvvəlki orfoqrafiya
qaydalarında mövcud olan "varı" şəkilçisi
bundan sonra "vari" kimi yazılacaq.
"Buynuzvarı", "qalxanvarı",
"yüngülvarı" ifadələri
"buynuzvari", "qalxanvari",
"yüngülvari" kimi ifadələrdə
"ı" saiti "i" saiti ilə əvəz olunacaq.
Bilirsiniz,
orfoqrafiya lüğəti hazırlamaq çox çətin
və dəqiqlik sevən işdir, xüsusi diqqət tələb
edir. Heç kimin dilin zənginliyinə xələl gətirməyə
haqqı yoxdur. Lüğət elə tərtib
olunmalıdır ki, onu mürəkkəbləşdirmək,
yeri gəldi-gəlmədi əcnəbi sözlərlə
doldurmaq olmaz. İstifadə olunan dil
hamı tərəfindən başa düşülməli,
dilin qayda-qanunlarına uyğun gəlməlidir. Nəzərdə tutmuşuq ki, gələcək nəşrlərdə
lüğətin sonuna coğrafi və şəxs
adlarını da əlavə edək. 1960-cı ilin
lüğətində qadın, kişi
adlarını bildirən siyahı da verilmişdi. Belə bir siyahı orfoqrafik səhvlərin minimuma
enməsinə kömək edər. Misal
üçün, birinin adı sənəddə Firidun, digərininki
isə Firudin yazılır və yaxud birinin adı Neymətdir,
o biri Nemət. Coğrafi adlarda da belə
yanlışlıqlar olur.
- Apostrof işarəsinin bərpa
ediləcəyi ilə bağlı səslənən fikirlər
nə dərəcədə doğrudur?
- 2004-cü ildə Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş
"Azərbaycan dilinin orfoqrafiya qaydaları" əsasında
apostrof işarəsi ləğv edildi. Ona
görə də vaxtilə dilimizdə apostrof işarəsilə
yazılan 80-ə yaxın söz indi apostrofsuz yazılır.
Məhz bu qərardan sonra "şer"
sözünü "şeir" kimi yazmışıq.
Lakin elə sözlər də var ki, apostrof
işarəsi götürüldükdən sonra da olduğu
kimi yazılır. Məsələn,
"fel" sözü apostrof götürüləndən
sonra da "fel" şəklində yazılır. Lakin bu sözə də "i" saitinin əlavə
edilərək "feil" kimi yazılması vacibdir. 1940-1950-ci illərin lüğət və dərsliklərində
də "feil" yazılmışdı. "Feili-sifət", "feili-bağlama"- əslində
bu variant düz hesab olunur, çünki dil qanunlarına tam
uyğundur. Apostrof işarəsinin isə
orfoqrafiyamıza və yazımıza yenidən bərpa ediləcəyi
barədə deyilənlər doğru deyil.
-
İsmayıl müəllim, yeri gəlmişkən, dilimizə
daxil olan bəzi əcnəbi terminlər müxtəlif
variantlarda yazılır. Misal üçün, həm
"kompyuter", "kompyüter", həm də
"kompüter" kimi. Güman etmək
olarmı ki, yeni hazırlanan lüğətdə bu cür
sözlərin vahid yazılış forması yaradılacaq?
- Haqlısınız! Bu cür faktlarla biz də tez-tez rastlaşırıq.
Orfoqrafiya qaydalarına ciddi riayət
olunmalıdır. Yeni hazırlanan
sözlük bu kimi hallara son qoyacaq. Ən
doğru variant "kompyuter" və "lisey" sözləri
hesab olunduğundan lüğətə də bu variant
salınacaq. Bundan başqa, "əmək
haqqı" ayrı söz birləşməsidir, ayrı da
yazılmalıdır. "Əməkgün"
isə bitişik yazılmalıdır. Bəzən
elə bilirlər ki, "ağciyər", "qaraciyər"
sözləri ayrı yazılır. Ancaq
bu ifadələr dilimizin ahənginə görə bitişik
yazılır. Bir də görürsən
"bugünkü" sözünü ayrı,
"ogünkü" sözünü bitişik yazırlar.
Əslində isə "bugünkü"
sözü bitişik, "o günkü" sözü
ayrı yazılmalıdır. Fikrimcə,
"ogünkü" sözünün də bitişik
yazılması məqsədəuyğun olardı. "Səhərəqədərki", "bayramaqədərki"
kimi sözlər də bitişik yazılmalıdır. Çünki bu sözlər bir vurğu ilə tələffüz
olunur və mürəkkəb söz kimi qəbul edilir.
Tərkibində "qeyri", "əks",
"külli", "kont", "ober", "eks",
"super"lə başlanan sözlərin hamısı
defislə yazılacaq. Bir sözün iki cür
yazılışı da yolverilməzdir. Bəzən mətbuatda
"qaça-qaç" kəlməsi
"qaçhaqaç", "kəsəkəs" isə
"kəshakəs" kimi yazılır. Bu
sözlərin birinci variantı düzgün hesab edilir. "Qaçaqaç",
"köçaköç",
"pıçapıç", "kəsakəs" və
sair.
- Bəzən durğu
işarələri də yerində işlədilmir. Belə xətalara çoxumuz yol veririk. "Vergül", "dırnağaalma",
"nida" və başqa işarələrdən elə
yerdə istifadə edilir ki, fikir yayınır. Sizcə, orfoqrafiya lüğəti kimi durğu
işarələrinin də nəşr edilib masaüstü
kitaba çevrilməsinin vaxtı çatmayıbmı?
- Bu gün mətbuatda,
yazılı ədəbiyyatda dilimizin qayda-qanunlarına əməl
edən yazarlarımız, jurnalistlərimiz çox olsa da, bu
qaydalara əməl etməyənlər də az
deyil, xüsusən də durğu işarələrinə. Qaydalara görə modal sözlər cümlənin
ortasında gələrsə, hər iki tərəfdən
vergül işarəsi qoyulmalıdır, ədatlarda isə
heç vaxt vergül qoyulmur. "Mən ki
gözəl deyildim" cümləsində "ki"dən
sonra vergül işarəsi qoyulmamalıdır, çünki
"ki" burada bağlayıcı deyil, ədatdır.
Çox vaxt vergül işarəsindən
ehtiyac olmadan, yersiz istifadə edilir. "Həmçinin",
"eyni zamanda", "görə", "xüsusən"
sözlərindən sonra da vergül işarəsi
qoyulmamalıdır. Cümlədəki
sözlər arasında yaranan fasilədən sonra da vergül
işarəsi qoymaq sözün ahəngini və fikri hədəfdən
yayındırır. Bəzən
hansısa sözü cümlənin ortasında böyük hərflə
yazırlar. Səbəbini soruşanda cavab
verirlər ki, bu ifadəni xüsusi qabartmaq istəyiblər.
Dil heç kimin şəxsi əmlakı, ya da əşyası
deyil ki, istədiyi kimi, zövqünə uyğun işlətsin.
Boykot sözünü dırnağa almaq isə
heç başadüşülən deyil. Bu sözü dırnağa alırıqsa, deməli,
təsdiq edirik. Tutaq ki, "futbolçular
məşqçinin mövqeyi ilə razılaşmayıb
növbəti matçı boykot etdilər", yəni
oyundan imtina edirlər. Boykotu dırnaqda
vermək isə məşqçinin fikrini müdafiə etmək
mənasını verir. Yazarlarımız,
qəzet işçilərimiz dilin qrammatikasını,
orfoqrafiya qaydalarını mükəmməl öyrənməli,
hər sözü və durğu işarəsini yerində
işlətməlidirlər.
Durğu
işarələrinin nəşri haqqında soruşdunuz və
vacib bir məsələyə toxundunuz. "Durğu
işarələri" kitabı sonuncu dəfə 1977-ci ildə
akademik Zərifə Budaqova tərəfindən hazırlanaraq
nəşr olunmuşdu. İndi həmin
kitab demək olar ki, nadir nüsxədir, heç yerdə
yoxdur. Ümumiyyətlə, dilimizin
orfoqrafiya və qrammatika qaydalarının pozulmaması
üçün durğu işarələri və orfoqrafiya
lüğəti kitabları hamının masasının
üstündə olmalıdır.
İxtisarlara əlavə
edilən şəkilçilər də çox vaxt
dolaşıqlıq yaradır, düzgün işlədilmir. Şəkilçilər
sözün son hecasındakı səsin tələffüzünə
uyğun yazılmalıdır: MEA-dan, BMT-yə, MDB-nin. Yüksək dövlət vəzifələrinin,
qurumların, beynəlxalq günlərin adlarının
baş hərfləri də böyük yazılmalıdır.
Məsələn, Bərdə Rayon Təhsil
Şöbəsi. Çünki bu, qurumun
tam adıdır.
-
İsmayıl müəllim, yeni orfoqrafiya lüğəti nə
vaxt işıq üzü görə bilər?
- Şöbəmizin
vəzifəsi yeni orfoqrafiya lüğətini tam
hazırlayıb təhvil verməkdən ibarətdir. Ən geci
bir-iki aya bu işi tamamlamaq fikrindəyik. Düşünürəm
ki, nəşri də ləngiməz.
Söhbəti yazdı: Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 7.