Ürəkdən gələn
sözlər
Gəncə şəhəri Qarabağ savaşında beş yüzdən çox şəhid verib, səkkiz nəfər Milli Qəhrəman yetirib. Hərənin öz taleyi, öz yolu. Minayə Piriqızının dərdi-səri isə heç danışılası deyil. Dörd övlad anasıydı: Şəhla, Mehriban, Hafiz və bir də son beşik Niyazi! Elin hünərvər oğlu, şəhid bala - Niyazi Zakir oğlu!
Minayə xanım cəfakeş qadın, dözümlü, dəyanətli anadır. Mən onda əsl mərd, mehriban azərbaycanlı xarakterini gördüm.
Niyazi 1970-ci il fevralın 8-də Gəncədə anadan olub. 44 saylı orta məktəbi bitirib. Həqiqi hərbi xidmətdən serjant rütbəsi ilə qayıtmışdı. Qarabağ olayları başlananda döyüşə könüllü getdi. Mingəçevirin "Hücum" batalyonunda vuruşdu. Vəng ətrafında "Qızıl qaya" yüksəkliyini ələ keçirərkən öndə olub. On bir nəfər erməni quldurunu məhv edib, bir tank və xeyli döyüş texnikasını ələ keçirib. 1993-cü il yanvarın 17-də döyüşdə həlak olub. Heç meyiti tapılmırdı...
O gündən elə bil ailənin dönərgəsi döndü. Atası Zakir bu itkiyə dözməyib vəfat etdi. Şəhlanın yoldaşı dünyasını dəyişdi, Mehribanın əri qəzaya düşdü. Evin böyük oğlu Hafizin əsəbləri pozuldu...
Şəhid anası Minayə Piriqızı hər acı-ağrını sinirdi. Təpədən-dırnağa kimi sarsıldı, amma sınmadı. Hünərlə, qeyrətlə ocağı, nəsli yaşatmağa çalışdı. Niyazinin ailəsi, uşağı olmadığına görə "sahibsiz" bir körpəni övladlığa götürdü. Təzəlikcə onun ad gününü bayram edib. Geniş bir süfrə açıb, başda da Niyazinin şəkli, qucağında Jalə bala - təbrikə gələn eli-obanı yola verdi.
- Övladsız gedən oğlumun nəfəsini bu körpə baladan alıram. - deyir. - Mən onu Niyazi kimi hünərli, qeyrətli böyütmək istəyirəm.
Minayə xanım özü demişkən, dərd onu şair eləyib. Qəlbini poeziyanın dili ilə ovundurur. Müxtəlif dövri mətbuatda çıxış edir. "Ana fəryadı", "Yenə düşdün yadıma", "Səni məndən soruşurlar" və bir də "Niyazisiz günlərim" adlı kitabları çıxıb. İndi isə "Təzadlı dünyam" poemasını çapa hazırlayır. Hamısı Vətən və övlad məhəbbətindən, el-obaya, soy-kökə, nəslə sədaqətdən, insanlığa qayğı və diqqətdən bəhs olunur.
Xüsusən "Ana fəryadı" kitabı başdan-ayağa ağrıdır, Vətənə, insana məhəbbətin tərənnümüdür. Qələbəyə, hünərə, torpaqların xilasına çağırışdır.
Minayə xanım Gəncədəki 44 saylı orta məktəbdə dərs deyir. Həmin məktəb Niyazi ilə birlikdə on nəfər şəhid verib. Elxan Orucov, Elşən İskəndərov, Arzu Ələsgərov, Kamal Tahirov, Teymur Məmmədhəsənov, Rafik Dəmirov, Mehman Cəfərov, Samir Əliyev və bir də Etibar Məmmədov... Minayə xanım onların hər birini doğma balası kimi yad edir, əzizləyir, vəsf edir. Hər biri haqqında məhəbbətlə, ehtiramla, ana-bacı istəyi ilə söz açır. Hər birinə ayrıca ürək sözünü deyib, ağrılı bir şeir həsr eləyib. Sonra da öz əli ilə yaratdığı "Şəhidlər muzeyi"ndə hamısını bir-bir "salamlayır":
Yığılın başıma, yığılın görüm,
Sizin günahınız nəydi balalar?
Gözəl çöhrənizi mən necə görüm?
Mənim öz qəlbimdə bala dağı var.
Həsrətli ananın neçə-neçə hüznlü söz buketindən birini - "Oğul abidəsi önündəki düşüncələr"i oxuduqca adam, sözün tam mənasında, sarsılır:
...Ayrılığın çox çətin,
Həsrətin daşdan ağır.
Daşa həkk olunsa da,
Gözündən sevgi yağır.
Geniş ürəkli ananın şeirlərini oxuduqca adam yüngülləşir. Hər acı-ağrını, qəm-kədərini, oğul yanğısını, torpaq həsrətini xoş notlarla, işıqlı misralarla bitirir.
Şəhidliyin zirvəsi,
Ululaşdı bir daha.
Vətən şəhidləriylə,
Gedir nurlu sabaha.
Minayə xanımın qəlbində qoşa məhəbbət yuva salıb: Şəhidlərin ruhuna hörmət və ehtiram, körpə balalara qayğı və diqqət! Vaxtaşırı uşaq bağçalarına, körpələr evinə gedir. Hər gedəndə hədiyyə sarıdan əli çox şeyə çatmasa da, könlünün hərarətini, qəlbinin məhəbbətini, poeziya töhfələrini, söz-şeir buketini ərməğan aparır.
Əsl analara bir çağrışım
var:
Hərə bir körpəyə olsun havadar.
Kaş gülüş
bilməyən körpə
balalar,
İsti ev-eşikdə məskən
tapalar.
Sular məcrasıyla
axa, durula,
Körpələr evinə
qıfıl vurula!
* * *
Bu qeydləri çapa hazırlayanda şəhid
anası Minayə Piriqızı "Azərbaycan"
qəzetinin Gəncədəki
müxbir məntəqəsinə
gəldi.
- Mübarizin
atasının televizorda
çıxışını dinlədim, - dedi, - təmkinlə, qeyrətlə
danışır, haqlı
olaraq hünərvər
oğlu ilə fəxr edir. Dönə-dönə söylədi
ki, "mənə yerli-yersiz təsəlli verməyə çalışmayın,
"Şəhidin mübarək!"
deyin. Bu ad mənim
üçün ülvidir,
əzizdir!" Qeyrətli atanın
sözlərindən bir
daha kövrəldim.
Yeri-yurdu
bilinməyən şəhid
oğlum Niyazim gözümün önünə
gəldi. Xəyalən igid oğul Mübarizlə qoşalaşdı.
Sanki qoşa çinar
idi, ucalırdı.
Şamama anaya, Ağakərim
ataya nə deyim, nə yazım?! Ürək
sözlərimi şeirlə
söyləməyə çalışdım:
Başını uca tut, Şamama ana,
Bil ki, ölüm yoxdur mərd doğulana!
Mübariz atası,
mətinsən, mətin,
Qəlbimə dağ oldu söylədiklərin...
Qəhrəman atası!
Dinlə bir məni,
"Şəhidin
mübarək!" söyləyin
- dedin.
Başımda dolanan dumanı, çəni,
Bircə kəlmən ilə sən yox elədin.
Mənim Niyazim də qaldı düzlərdə,
Nə sağı tapıldı,
nə də ölüsü.
Hər an sanıram ki, o, yanımdadır,
Çünki şəhidliyin olmur ölçüsü.
Bir vaxt Mübarizə ad qoyan ata,
İndi oğlun sənə ad qoydu getdi.
Hamıdan zirvəyə
ucaldıb səni,
Müqəddəs bir Şəhid atası etdi.
Əhməd İSAYEV
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 9.