Həmişəyaşar "Arşın mal alan"
Üzeyir bəy Hacıbəyli
ona dünya şöhrəti gətirən "Arşın
mal alan" operasını 1913-cü ildə Peterburq
Konservatoriyasında təhsilini davam etdirərkən
yazmışdır. Operanın librettosunun müəllifi də
özüdür. Bu komik opera 1913-cü il oktyabrın 25-də
Bakıda Tağıyev Teatrında tamaşaya qoyulmuşdu. Əsgər
rolunda Sarabski, Gülçöhrə rolunda Əhməd
Ağdamski, Süleyman rolunda N.Terequlov, Soltan bəy rolunda Ələkbər
Hüseynzadə çıxış etmişdilər.
Ü.Hacıbəyli bu əsərini
yazandan sonra əvvəlcə polifoniya müəllimi professor
Vasili Pavloviç Kalafatiyə göstərmişdi. Professor
Kalafati əsəri çox bəyənmiş və məsləhət
görmüşdü ki, onu konservatoriyanın direktoru
P.İ.Çaykovskinin musiqi ənənələrinin
davamçılarından biri olan böyük rus bəstəkarı,
professor Aleksandr Qlazunova təqdim etsin. Aleksandr Qlazunov opera ilə
Öz
populyarlığına və şöhrətinə görə,
"Arşın mal alan"la müqayisə edilə biləcək
əsər, demək olar ki, olmamışdır. Bu komik opera
75-dən artıq dilə tərcümə edilmişdir.
Möhtəşəmliyi ilə seçilən bu əsər
76 ölkənin 1876 teatrında - ABŞ-ın 16
ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17,
Polşanın 17 (1500 dəfə), Rusiyanın 28, Çinin 8
şəhərində tamaşaya qoyularaq böyük uğur
qazanmışdır.
1919-cu ildə Hacıbəyli
qardaşlarının Türkiyədə qastrolları zamanı
bu tamaşa o qədər müvəffəqiyyət
qazanmışdı ki, Azərbaycan artistləri
İstanbuldakı "Şərq" teatrını bir
neçə aylıq icarəyə götürməli
olmuşdular. "Arşın mal alan" komik operası
1925-ci il iyul ayının 4-də Parisin "Femina"
teatrında da tamaşaya qoyulmuşdu. Əsəri fransız
dilinə Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy
tərcümə etmişdi. Fransızlar görkəmli
aktyorların - Dervalın (Soltan bəy), Montenin (tacir Əsgər),
Passaninin (Gülçöhrə), Maqalinin (Asya) rollarında
çıxışlarını yüksək dəyərləndirmişdilər.
Üzeyir bəyin şən, ritmik musiqisi fransız
tamaşaçılarının sümüyünə
düşmüşdü. Ona görə ki, Üzeyir bəyin
Azərbaycan muğam xəzinəsi üzərində
qurduğu melodik material milliyyətindən asılı
olmayaraq onu dinləyənlərin qəlbinə asanlıqla yol
tapır.
Əsərin süjeti Azərbaycanın
musiqi diyarı olan Şuşa şəhərinin həyatından
götürülmüşdür. Gələcəyin dahi sənətkarı
Üzeyir bəy öz xalqının musiqi ənənələrindən
faydalanmaq istəyinə hələ uşaq yaşlarından
düşmüşdü. Həvəskar artistlərin
ifasında "Məcnun Leylinin məzarı üstündə"
tamaşasına baxdıqdan sonra gələcəkdə
"Leyli və Məcnun" operasını yazmaq həvəsinə
düşmüş və sonralar bu istəyini uğurla
reallaşdıra bilmişdi.
Məşhur müğənni Rəşid Behbudovun qızı Rəşidə xanım "Arşın mal alan" komik operasının ərsəyə gəlməsini belə deyir: "Babam Məcid bəy Beybutalının qeyri-adi gözəl səsi var imiş. Azərbaycan xalq mahnılarını məharətlə ifa edirmiş. 30 yaşına çatanda peşəkar müğənni kimi ad çıxarmışdı. Bundan əvvəllər isə atasının yanında qız-gəlinlər üçün paltarlıq parça satırdı. Şuşanın küçələrini dolaşaraq "Arşın mal alan" deyə-deyə malını təklif edirdi. Arşınmalçının koloritli fiqurası gələcək dahi bəstəkarın uşaq yaddaşına möhkəm həkk olunduğu üçün o, arşınmalçı süjetindən "Arşın mal alan" komik operasında istifadə etmişdir".
Dünyanın ən məşhur səhnə əsərlərindən olan "Arşın mal alan"ın ilk tamaşası Bakı burjua nümayəndələrinin tənqid hədəfinə çevrilmişdi. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Üzeyir bəyin bu komediyanı yazmaqda məqsədi musiqili səhnə əsəri vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənələri pisləmək idi.
Əsərdəki tiplər, o dövrün canlı adamları cəmiyyətimizin içərisində yaşayan həyati və real nümayəndələr idilər. Cəmiyyət üzərində ağalıq edən burjuaziya nümayəndələri öz hərəkətlərinin bu əsərdə ifşa edildiyini gördükləri üçün hər cür yollarla zərbəni özlərindən yayındırmaq məqsədilə "Arşın mal alan"ın ideyasını kütləyə təhrif olunmuş şəkildə çatdırmağa çalışırdılar.
Bəziləri tacir Əsgəri idealizə edərək onu açıq fikirli, yenilik tərəfdarı, mədəniyyət müdafiəçisi kimi göstərirdi. Halbuki bu, tamamilə saxta fikir idi. Əsgər hər şeyə bir tacir gözü ilə baxan adamdır. Biznes sahibinin qızı görəndən sonra almaq istəyi onun yeni həyat tərəfdarı olduğundan deyil, tacir xislətli olduğundan irəli gəlirdi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir: çitin safı, çürüyü olduğu kimi, qızın da koru, çopuru ola bilər. Məhz bunun üçün tacir "malı" görüb almaq istəyir, həm də Soltan bəy kimilərinin qızını. Buna görə də tacir Əsgəri açıq fikirli cəmiyyət nümayəndəsi kimi dəyərləndirmək yanlışlıq olardı.
Əsgərin dostu
Süleyman da tacir oğludur. Onun Əsgərdən fərqi
bir qədər daha çevik, qulaq kəsməkdə, iş
düzəltməkdə, kələk qurmaqda daha mahir
olmasındadır.
Soltan bəy adi Qarabağ bəylərindən
biridir. Onun hər bir sözü, hərəkəti sinfi mənsubiyyətini
qabarıq göstərir. Soltan bəydə konservatizm o dərəcəyə
çatmışdır ki, o, hətta "inceneri",
"doktoru" və "uçitelləri" belə bəyənmir.
Soltan bəy belələrindən uzaq durmağı daha
üstün tutur. Gününü əttar Mirzəhüseynin
dükanında keçirməyi xoşlayır. Onun bəyəndiyi
ticarət kapitalı nümayəndələri, tacir, hacı
Mürsəllərdir.
Gülçöhrə və
Asiya çadra altında və dörd divar arasında
qalmış, savadsız, sevmək və sevilməkdən məhrum
edilmiş azərbaycanlı qızlardır. Həyatın
zövqünü (oxumağı, mədəniyyəti və
s.) bütün varlığı ilə dərk etməkdən
məhrum olunmuş bu gənc nəsl nümayəndələrini
daha çox maraqlandıran məsələ evlənmək, ərə
getməkdir: gələcək həyat yoldaşının
kimliyi onları daha çox düşündürür. Soltan
bəyin qızı Gülçöhrə belə deyir:
"Ah Telli, o cürə ki, bizi ərə verirlər, verməsələr
daha yaxşı olar. Heç bilmirsən səni kimə ərə
verirlər, ərin kim olacaqdır, getdiyin adam cavandır,
qocadır, keçəldir, qoturdur, adam döyəndir..."
Ailənin iqtisadi baxımdan
yiyəsi olan ərlərin istəyi arvad üçün
qanun idi, yaxşılığı xoşbəxtlik, pisliyi bədbəxtlik
sayılırdı. Buna görə də Gülçöhrə
kimi bir az düşüncəli qızlar, heç olmazsa bu gələcək
həyat yoldaşını görməyi arzu edirdilər.
Asiya, Telli və Cahan xala kimilər
isə tamamilə bəxtəbəxt elçilərin
yardımı ilə yaşayırdılar. Əsərin
tamaşaçılar tərəfindən bəyənilməsinin
səbəbi onun reallığı və maraqlı məzmunudur.
Akademik Opera və Balet Teatrında baş rejissor, əməkdar incəsənət xadimi Hafiz Quliyev tərəfindən tamaşaya qoyulmuş bu əsərdə obrazlar real şəkilə salınmış, Musiqili Komediya Teatrında tamaşası gedən "Arşın mal alan" əsərində olduğu kimi, yersiz şarjlara yol verilməmişdir. Musiqili Komediya Teatrında tamaşaya qoyulan "Arşın mal alan" da rejissor traktovkası reallıqdan uzaq məqamlarla doludur. Soltan bəy tamaşaçılara başdan xarab, bambılı kimi təqdim edilmişdir. Onun öz rahat mənzilində deyil, yük arabasının içində uzanaraq yatması az qala təəccüb doğurur. Zadəgan nəslinin nümayəndəsinə bu münasibət anlaşılmazdır. Qızının arşınmalçını sevməsindən xəbər tutan Soltan bəyin əlinə xəncər alaraq səhnədə o yan, bu yana qaçmaqla kiməsə hədə gəlməsi tamaşaçıda Soltan bəy haqqında başdan xarab adam təsəvvürü yaradır. Bu tamaşa reallıqdan uzaq bir hadisə kimi xoşagələn olmamaqdan savayı, həm də Üzeyir bəy irsinə yaraşmayan bir "yaradıcılıq məhsuludur". Bütün bu "yeniliklər" quruluşçu rejissorun Azərbaycan ailəsində hökm sürən adət və ənənələrdən xəbərsiz olduğunu göstərir. O, tamaşaçını yerli-yersiz güldürmək xatirinə lazımsız şarjlara yol verməklə Hacıbəyli irsinə yaraşmayan səhvlər etmişdir. Üzeyir bəyin əsərindəki komik məqamları sirk akrobatik tryukları (Əsgərin və Gülçöhrənin sevinc anlarını - yelləncəkdə havaya qalxıb yellənmələri) vasitəsilə təqdim etməyə heç bir hacət yoxdur. Üzeyir bəy həmin məqamları özünün oynaq musiqisi ilə yetərincə vermişdir.
Bu günlərdə Azərbaycan Akademik Opera və Balet Teatrında "Arşın mal alan"ın tamaşasına baxanlar Üzeyir bəyin yaradıcılıq irsinin cahanşümulluğunun bir daha şahidi oldular. Elə bu başdan qeyd edək ki, tamaşa iştirakçılarının demək olar, hamısı geniş amplualı sənətkarlardır. Məsələn, bir sıra romantik rolların ifaçısı, respublikanın xalq artisti Azər Zeynalov Əsgər, respublikanın əməkdar artistləri Gülyaz Məmmədova qulluqçu Telli, Gülüstan Əliyevanın Cahan xala rollarının öhdəsindən bacarıqla gəlmələri teatrın yaradıcı potensialının genişliyindən xəbər verir. Respublikanın əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Hafiz Quliyev Üzeyir bəy irsinin təbliğ edilməsi sahəsindəki işləri ilə ad çıxarmışdır. O, teatrın aparıcı solistlərinin vokal imkanlarından geniş istifadə olunması sahəsində daim axtarışdadır. Hafiz Quliyev teatrın repertuar bəzəyi olan "Arşın mal alan" komik operasının Üzeyir bəyə layiq şəkildə oynanılması üçün uğurlu aktyor seçimi edə bilmişdir. Məşhur vokalçı Azər Zeynalovun tacir Əsgər rolunda çıxışı həm də komik dram aktyoru oyunu kimi yüksək dəyərləndirilməlidir. O, qəhrəmanını bütün səhnə situasiyalarında inamla canlandırır. Tamaşaçılar Azərin ifasında tacir Əsgəri həm də zamanının dəyərli zadəganı kimi qiymətləndirirlər. Azər Zeynalov oynadığı rolun vokal nömrələrini səsinin palitra əlvanlığı və geniş diapazonu ilə tamaşaçı və dinləyicilərə bacarıqla təqdim edə bilir.
Gənc ifaçı, respublikanın əməkdar artisti Natəvan Növrəsli lirik-dramatik soprano səsinin nüfuzediciliyi və geniş vokal imkanları ilə Gülçöhrəni inamla canlandırır. Tamaşaçı onun xarici görünüşündə əsl azərbaycanlı qızının surətini görür. Natəvan Gülçöhrənin iztirablarını çılğınlıqla yox, incə cizgilərlə təqdim etməklə tamaşaçı məhəbbəti qazana bilir. Gülçöhrə-Natəvan bütün ariyalarını uğurlu vokal çalarları ilə bəzəyə bilmək imkanının olduğunu asanlıqla nümayiş etdirir və perspektivli vokalçı olduğunu sübuta yetirir. Onun tacir Əsgər-Azər Zeynalovla duetləri də vokal çətinliyi ilə qarşılaşmadan uğurlu alınır.
Respublikanın əməkdar artisti Gülüstan Əliyeva Cahan xala obrazını komik səpgidə uğurla yarada bilir, xalanın "Şur" məqamında yazılmış kupletlərini sərrast oxuyur.
Artist Ələkbər Əliyev tamaşaçılara istedadlı komik aktyor kimi tanışdır. Onun nökər Vəli rolunda çıxışı yaradıcılıq baxımından yüksək dəyərləndirilməlidir. Çünki səhnə hərəkətlərində heç bir şitliyə yol vermədən real nökər obrazını uğurla yaradır.
Respublikanın xalq artisti Yaşar Nuri (Yaşar Nuriyev) Soltan bəy rolunda bənzərsizlik məharəti göstərir. Tamaşaçılar onlara sağlam gülüş bəxş edən ustad sənətkarı səhnəyə ilk çıxışı zamanından başlayaraq tamaşanın axırınadək gurultulu alqışlara tuturlar. Dram teatrının aparıcı aktyoru kimi tanınan Yaşar Nuri bu tamaşada özünü vokalçı kimi də göstərə bilir. Orkestrin müşayiəti ilə Soltan bəyin bütün kupletlərini vokalçı kimi təqdim edir.
Tamaşaçılara sağlam gülüş bəxş etmək naminə hazırlanmış möhtəşəm "Arşın mal alan" operası dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin oz sevimli xalqı üçün irs qoyub getdiyi ölməz sənət əsəri kimi opera teatrının repertuarının bəzəyi olaraq qalacaqdır.
Arif HÜSEYNOV
Azərbaycan.- 2010.- 22 oktyabr.- S. 11.